Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ölkədə epidemioloji durum nəzarət altındadır

Tibbin bütün sahələrində olduğu kimi sanitariya-epidemioloji xidmətinin də fəaliyyətinin müxtəlif istiqamətləri üzrə davamlı inkişafına nail olunmuşdur.

 

Yoluxucu xəstəliklərlə mübarizə və onların profilaktikası beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilir. Bu istiqamətdə aparılan tədbirlərin nəticəsində bir-çox ölkələrdə və regionda qeyd edilən epidemioloji gərginliyə baxmayaraq, respublikada epidemioloji sabitlik qorunub saxlanılmışdır.

 

Profilaktik və əksepidemik tədbirlərin səmərəli həyata keçirilməsi, müasir immunlaşdırma strategiyaların tətbiqi və çevik epidemioloji nəzarət sisteminin təşkili nəticəsində bu gün difteriya, poliomielit, qızılca, məxmərək, göyöskürək xəstəliklərinin ölkədə müşahidə edilməməsi, görülmüş işlərin bariz nümünəsidir.

 

Poliomielit xəstəliyinin dünya miqyasında ləğvinin yekun mərhələsi kimi peyvənd təqviminə yeni inaktivləşdirilmiş poliomielit vaksininin əlavə edilməsi və 2016-cı ilin aprel ayında 3-valentli poliomielit peyvəndinin 2-valentli vaksinlə əvəz edilməsinə hazırlıq işlərinin başa çatması önəmli hadisələrdən biridir.

 

Ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktika tədbirləri nəticəsində artıq 3 ildir ki, malyariyanın yerli yoluxması baş vermir ki, bu da səhiyyəmizin böyük uğurudur.

 

Son illərdə epidemiya və pandemiyaların baş verməsi təhlükəsinin qarşısının alınması istiqamətində yoluxucu xəstəliklərin monitorinqi aktual məsələyə çevrilmişdir.

 

Bu səbəbdən 2010-cu ildən tətbiqinə başladığımız Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi daima yenilənir və təkmilləşdirilir. Bu sistem vasitəsi ilə ölkəmizdə qeydə alınan hər bir yoluxucu xəstəlik hadisəsi barədə onlayn rejimində məlumat almaq, operativ tədbirləri həyata keçirmək, epidemioloji vəziyyəti, hətta rayon səviyyəsində təhlil etmək imkanları mövcuddur. Qeyd etmək lazımdır ki, müvafiq məlumatların bir-başa Ümumdünya Səhiyyə Təşkilatına ötürülməsi təşkilat tərəfindən dəstəklənmiş və artıq mütəmadi olaraq bu proses həyata keçirilir.

 

Respublika əhalisinin sanitariya-epidemioloji salamatlığının qorunması sahəsində təhlükəsiz ərzaq məhsulları və su ilə təchizatı müstəsna rol oynayır. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən alınan ən müasir laborator avadanlıq, kadrların yenidən hazırlanması hesabına mikrobioloji və toksikoloji müayinələrin beynəlxalq standartlar səviyyəsində aparılması təmin olunur.

 

Ölkə ərazisinin təhlükəli yoluxucu xəstəliklərdən qorunması yolunda aparılmış məqsədyönlü tədbirlərin həyata keçirilməsi ölkə səhiyyəsinin prioritet fəaliyyət istiqaməti olaraq Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

11/01/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->