Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi epidemioloji vəziyyətə nəzarəti davam etdirir

Azərbaycan Respublikası ilə həmsərhəd olan ərazilərdə 2015-ci ilin son aylarında epidemik qripin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı artıq 2 aydan çoxdur ki, geniş profilaktik tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi bu məqsədlə həyata keçirilən tədbirlərin icrasını gücləndirmişdir.

 

Tədbirlər çərçivəsində ağır formalı kəskin respirator xəstəliyə yoluxması şübhəli olanların müalicəsi, o cümlədən, hospitallaşdırılması üçün xüsusi palataların ayrılması, dərman ehtiyatının yaradılması, virusa yoluxması şübhəli olan xəstələrin laborator müayinəsinin aparılması, tibb müəssisələrində dezinfeksiya rejiminin gücləndirilməsi istiqamətində işlər görülmüşdür.

 

Həyata keçirilən tədbirlər çərçivəsində, respublikanın şəhər və rayonlarında zəruri profilaktik, qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Respublikanın bütün sərhəd ərazilərində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi ilə işgüzar əməkdaşlıq yaradılmışdır. Sərhəd-keçid məntəqələrində müvafiq profilaktik tədbirlər görülmüş, xüsusi avadanlıq qurulmuş, gündəlik nəzarət təşkil edilmiş və aidiyyəti mütəxəssislərə zəruri metodiki yardım göstərilmişdir.

 

Tibb işçilərinin xəstəliyə qarşı diqqətini və sayıqlığını artırmaq məqsədi ilə respublikanın bütün şəhər və rayonlarının tibb işçilərinə epidemik qrip xəstəliyi barədə təlimlər keçirilmişdir.

 

İxtisaslaşdırılmış müəssisələrdə ağır kəskin respirator viruslu xəstələrin müayinə və müalicəsi üçün lazımi şərait yaradılmış, səhiyyə müəssisələri epidemik virusa qarşı dərman preparatları və tibbi ləvazimatlarla təchiz olunmuşdur. Yalnız yanvar ayı ərzində bu tibb müəssisələrində 100-dən artıq ağır formada kəskin respirator virus infeksiyalı şəxs müalicə olunaraq sağaldılmışdır.

 

PZR (Polimeras zəncirvari reaksiya avadanlığı) və digər müasir avadanlıqla təchiz edilmiş virusoloji laboratoriyalarda 200-dən artıq şübhəli xəstələrdən götürülmüş nümunələrin müayinəsi təşkil olunmuşdur. Laborator tədqiqatları nəticəsində A(H1N1) virusu aşkar edilməmiş, dövr edən viruslar arasında isə mövsümi qriplərdən biri olan A(H3N2) virusu üstünlük təşkil etdiyi müəyyən edilmişdir.

Epidemioloji prosesə dinamik müşahidənin aparılması məqsədi ilə respublikanın iri şəhərlərində kəskin respirator virus infeksiya üzərində gündəlik monitorinq aparılır və nəticələr təhlil edilir. Mövsümlə əlaqədar xəstəliyin bir qədər artmasına baxmayaraq, onun səviyyəsi epidemioloji həddən aşağıdır.

Lakin buna baxmayaraq, dünyada və ələlxüsus bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi və hətta daha da gərginləşməsi ölkəmiz üçün real təhlükə yaratmaqla əlavə profilaktik, müalicəvi və əksepidemik tədbirlərin gücləndirilməsini tələb edir.

Bu məqsədlə əlavə olaraq ağır kəskin respirator xəstələrin müalicəsi üçün nəzərdə tutulan müasir yüksək effektli dərman preparatları tibb müəssisələrinə çatdırılmış, tibb personalı üçün qoruyucu vasitələr, əhalinin maarifləndirilməsi üçün xüsusi təlimatlar göndərilmiş, dezinfeksiya rejimi gücləndirilmişdir. Tətil günlərinin başlanması ilə əlaqədar bütün məktəblərdə profilaktik dezinfeksiya tədbirləri aparılır.

 

Qeyd etmək istərdik ki, epidemioloji salamatlığın təmin edilməsində əhali əhəmiyyətli rol oynayır. Əhalidən bir daha xəstəliyin əlamətləri özünü birüzə verdiyi andan tibb müəssisəsinə müraciət etmək, xüsusi qoruyucu vasitələrdən istifadə etmək, şəxsi gigiyenaya riayət etmək xahiş olunur. İmmuniteti zəiflədən xroniki xəstəliklərdən əziyyət çəkən yaşlı insanlardan səhhətlərinə qarşı xüsusilə diqqətli olmaları tövsiyə olunur.

Nəzərə almaq lazımdır ki, epidemik qrip mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yayılan virusun intoksikasiya simptomları - qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, tənginəfəsliklə müşahidə olunur.

 

Xatırlatmaq istərdik ki, mövsümi qrip zamanı ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda, epidemik virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən də ağ ciyər zədələnir.

 

Ümumiyyətlə beynəlxalq təcrübə göstərir ki, mütləq, hətta coğrafi-iqlim parametrlərinə görə yüksək risk ərazisində yerləşən ölkələr, qripə qarşı kütləvi peyvənd tədbirləri keçirmirlər. Yayıla biləcək virusların qabaqcadan proqnozlaşdırılmasının mümkünsüzlüyü, həmçinin bu gün istehsal olunan vaksinlərin kifayət qədər effektli olmaması qripə qarşı kütləvi immunlaşdırma tədbirlərinin aparılmasının məqsədyönlü olmadığını göstərir.

 

Səhiyyə Nazirliyi ölkədə epidemioloji vəziyyəti daim nəzarət altında saxlayır, zəruri tədbirlərin icrasını davam etdirir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

25/01/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->