Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda uşaqların kardiocərrahiyyə əməliyyatları beynəlxalq standartlara uyğun həyata keçirilir

M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam və Səhiyyə Nazirliyinin müvafiq əmri əsasında yaradılmışdır. Mərkəz fəaliyyətə başladığı andan maddi-texniki təchizat istiqamətində ciddi işlər görülmüş, Türkiyə, Polşa, RF, Almaniya və digər Qərb ölkələrinin müvafiq mərkəzlərində hazırlıq keçmiş kadr potensialı formalaşdırılmışdır.

 

Artıq 2011-ci ildən Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzində ürək əməliyyatlarının keçirilməsinə başlanılmışdır. Fəaliyyətə başladığı andan 2015-ci ilə kimi Mərkəzdə mindən artıq uşaq ürək əməliyyatı aparılmışdır. Bu əməliyyatların 100-ü qapalı, qalanları isə açıq ürək əməliyyatları olmuşdur. Mərkəzdə uşaqların kardiocərrahiyyə əməliyyatları müvafiq növbə əsasında həyata keçirilir. Aparılan əməliyyatlar beynəlxalq norma və standartlar səviyyəsindədir. Bütün əməliyyatların təchizatı tamamilə dövlət hesabına, ödənişsiz həyata keçirilir.

 

İldən ilə Mərkəzdə həyata keçirilən uşaq ürək əməliyyatlarının sayı artır. Əgər fəaliyyətə başladığı ildə burada 72 uşaq əməliyyat olunmuşsa, 2015-ci ildə bu göstərici 300-ü aşmışdır. Mərkəzdə hətta 1 günlük, 4 günlük uşaqların ürəklərində əməliyyat aparılır.

 

Həyata keçirilən tədbirlər nəticəsində ürək əməliyyatı gözləyən uşaqların sayı azalmışdır. Əgər, 2011-2012-ci illərdə Azərbaycanda 700-800 uşaq kardiocərrahiyyə əməliyyatı üçün növbə gözləyirdisə, indi bu göstərici 100-ə qədər enmişdir.

 

Ümumiyyətlə qeyd etmək lazımdır ki, bütün dünya ölkələrində uşaqların anadangəlmə ürək qüsurlarına rast gəlinir. Dünyada doğulan hər min uşağın orta hesabla 8-12-də bu və ya digər ürək qüsuruna təsadüf edilir. Qüsurun yaranmasının əsas səbəbləri ananın keçirdiyi infeksion xəstəliklər, ətraf mühütün çirklənməsi və sair amillərdir. Bu və digər amillərin təsiri nəticəsində ana bətnində uşağın ürəyinin pərdələri arasında deffekt, qapaqların və ya damarların qüsuru formalaşır. Bəzən ürəyin bir deyil, bir neçə qüsuru yaranır. Keçən əsrin 20-ci illərindən başlayaraq ürək qüsurunun aradan qaldırılması üzrə əməliyyatların aparılması uşaqların həyat fəaliyyətinin normallaşdırılmasına şərait yaratmışdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

27/01/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->