Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

103 xidmətinə gündəlik 2 minə qədər çağırış daxil olur

Nəqliyyat vasitələrinin sayının çoxalması, avtomobil yollarında hərəkətin intensivliyinin artması, yol-nəqliyyat hadisələrinin artması və bu hadisələr zamanı ağır travmaların və xoşaglməz hallarının sayının nisbətən artmasına gətirib çıxardır. Bu baxımdan Təcili Tibbi Yardım Xidmətinin işinin yüksək səviyyədə təşkili çox əhəmiyyətli və mühüm məsələlərdəndir.

 

Hazırda Təcili Təxirəsalınmaz Tibbi Yardımın işi səhiyyənin digər istiqamətləri kimi yüksək səviyyədə təşkil olunmuş, iş prinsipi, tibbi avadanlıqlarla təchizat müasir standartlara uyğunlaşdırılmışdır.

 

Təkcə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 103 xidmətinə gündəlik ortalama 2 minə qədər çağırış daxil olur.

 

Daxil olan bütün çağırışlar ilk növbədə icra edilməsi baxımından çeşidlənərək bölmə həkimlərinə ötürülür və icra edilir.

 

Həyata keçirilən tədbirlər nəticəsində cari ilin yanvar-iyun ayları ərzində çox ağır vəziyyətdə olan 1000 nəfərdən artıq insanın həyatı xilas edilmişdir.

 

Ümumilikdə, BŞTTTYS yanvar-iyun aylarında 300 mindən artıq ümumi müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlər nəticəsində 25 mindən artıq müraciət edən şəxs stasionar müalicə üçün xəstəxanalara yerləşdirilmişdir.

Daxil olan çağırışların 37 minə yaxını uşaqlar üçün edilmiş, və 5 minə yaxın uşaq xəstəxanalara yerləşdirilmişdir.

 

Hesabat dövründə, miokard infarktı ilə 480 nəfər müraciət etmiş (onlardan 465 nəfər hospitalizasiya edilmişdir), insultla – 1500 (hospitalizasiya 1400), doğuşla bağlı – 1600 (hospitalizasiya 1590), avtoqəza zamanı xəsarət alanlarla bağlı - 900 (hospitalizasiya 800-dən artıq).

 

Xəstələrin müalicə tədbirlərinin davam etdirilməsi məqsədi ilə evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilmişdir.

 

Təcili tibbi yardıma ehtiyacı olan 150 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilmişdir.

 

Eyni zamanda, pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilir. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilmişdir.

 

Stansiya digər tibb müəssisələri ilə sıx əlaqəli işin təşkilinə xüsusi diqqət yetirir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanasına məlumat verilir.

 

103 xidmətinə gündəlik daxil olan çağırışların qeydiyyatı, yönləndirilməsi və hesabatı proqramının, o cümlədən hospitalizasiyanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bölmələrin hamısına internet xətti çəkərək vahid şəbəkə yaratmaqla, şöbələr arasındakı əlaqəli işin keyfiyyətini yüksəltmək, məlumatların mərkəzə ötürülməsində vaxt itkisinin qarşısını almaq mümkün olacaq.

 

Tibbi xidmətdən əhalinin razılığı araşdırılır. Əməliyyat, hospital və müalicə metodik işlərin təşkili şöbəsinin böyük həkimləri tərəfindən ünvanlara zəng edilərək onlara göstətilən ilkin tibbi yardımın keyfiyyəti barədə sorğular aparılır.

 

2016-cı ilin başlanğıcından bu günədək BŞTTTYS-nın həkim və orta tibb işçilərinin ünvanına 83 təşəkkür məktubu və zəngləri də daxil olmuşdur ki, həmin şəxslərə stansiyanın rəhbərliyi tərəfindən təşəkkür elan edilmişdir.

Stansiyanın bütün həkimləri sertifikasiyadan keçmişdir. Hazırda orta tibb işçilərinin sertifikat almaları istiqamətində müvafiq işlər aparılır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

5/07/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->