Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ahılların sağlamlığının qayğısına qalmaq dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir

11.07.2016-cı il tarixində ahıl insanlara göstərilən səhiyyə xidmətinin təşkili mövzusuna həsr olunmuş dəyirmi masa keçirilmişdir.

 

Tədbirdə mətbuat nümayəndələrinə məlumat verilərkən bildirildi ki, tibbi demoqrafik vəziyyətin son illəri qlobal dəyişikliklərlə xarakterizə olunur və əhalinin qocalma problemi dünyada inkişaf etmiş ölkələrin müzakirə obyektinə çevrilmişdir. Demoqrafların müşahidələrinə görə sivilizasiya artdiqca,əhalinin qocalma prosesi sürətlənir.Bunun bir çox səbəbləri var: sivil ölkələrdə doğum səviyyəsi aşağı düşmüş,ümumi əhali içərisində ahılların nisbi payi artmışdır.Digər tərəfdən tibdə əldə olunan nailiyyətlər -uşaq ölümünün azalması,ölümə səbəb olan bir çox infeksiyaların aradan qaldırılması,xəstəliklərin profilaktikası orta ömür həddinin yüksəlişinə səbəb olmuşdur.Dünyada gedən demoqrafik proseslərdə baş verən dəyişikliklər Respublikamızdan da yan keçməmişdir. Azərbaycan Respublikasının Dövlət statistika Komitəsinin verdiyi son üç ilin göstəriciləri:2013-2015-ci illərin məlumatları Respublika və Bakı şəhəri üzrə 60 yaşdan yuxarı yaş qruplarına görə əhalinin sayının artan dinamika ilə getdiyi barədə xəbər verir.Bu xüsusən 60-74,75-89 yaş qruplarında özünü daha çox büruzə verir.2013-cü ildə orta ömür həddi 74.2 olmuşsa (kişilər 71.6,qadınlar 76.8), 2015-ci ildə bu göstərici 75.2-dir (kişilər 72.7,qadınlar 77.6). Bu baxımdan əhalinin qocalma problemlərinin öyrənilməsi və ahıl insanlara tibbi sanitar yardımın göstərilməsi aktuallaşmışdır.

 

Qeydolundu ki, cəmiyyətimizin və onun tərkib hissəsi olan ahılların sağlamlığının qayğısına qalmaq müstəqil Respublikamızın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə Dövlət başçisi möhtərəm Prezidentin sərəncamları ilə qəbul olunan və həyata keçirilən Qanunlar,Dövlət proqramları bunun bariz nümunəsidir.

 

Əhalinin qocalma problemi ilə əlaqədar müxtəlif sahələrin mütəxəssislərinin bir araya toplanması təsadüfü deyil.Qocalıqla mübarizə,ömrün uzadılması, aktiv uzunömürlülüyə nail olmaq probleminin həlli ilə məşğul olan elm-Herontologiya elmi özündə bir neçə istiqaməti birləşdirir.Həmin istiqamətlərdən biri də heriatriya bölməsidir ki, bu da yaşlı insanlarda xəstələnmə hallarının xüsusuyyətlərini öyrənən bölmədir.

 

 

Ahıl insanlara göstərilən səhiyyə xidməti bir neçə istiqamətdə aparılır.Belə ki, əhalinin digər təbəqələri kimi bütün ahıllara Dövlət tibb müəssisələrində tibb xidməti göstərilir.Belə ki,ilkin səhiyyə strukturu olan ərazi poliklinikalarına müraciət edən bütün ahıllar qeydiyyatdadırlar,orada onlar müayinə olunaraq ixtisaslaşmış müalicə almaq üçün "Sağlamlıq sahəsi" poliklinikasına göndərişlə göndərilir. məqsədlə "Sağlamlıq sahəsi" şəhər poliklinikaları ilə sıx əlaqə saxlayaraq ərazi üzrə ahıl insanların "Sağlamlıq sahəsi"nə ixtisaslı heriatrik müalicə alması üçün göndərilməsini təşkil edir.

 

"Sağlamlıq sahəsi"poliklinikası 1961-ci ildən professor Ş.M.Həsənovun təşəbbüsü ilə yaradılmış və hal hazırki vaxta qədər fəaliyyət göstərən tibb müəssisəsidir.

"Sağlamlıq sahəsi" öz strukturuna görə poliklinika tipli olub heriatrik sahadə 4 funksiyanı yerinə yetirir:

- Müraciət edən və ərazi poliklinikalarından göndərilən ahıl insanlara müayinə,müalicə, reabilitasiya işinin aparılması;

- Sahə poliklinikaları ilə sıx əməkdaşlıq və onların ərazisində olan 60 yaşdan yuxarı ahılların ixtisaslaşdırılmış heriatrik müalicəyə cəlb olunması;

- Ahıl insanlara xidmət göstərən müəssisə və təşkilatlarla praktik və metodik iş. (Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək veteranları pansionatı,Ahıllar üçün resusrs mərkəzi və s.)

- Heriatriya və Herontologiya sahəsində aparılan işlərin elmi-metodik koordinasiyası: Milli Elmlər Akademiyasının Fiziologiya institutunun Uzunömürlülər laboratoriyası,və Elmi Tədqiqat Kardiologiya institutu ilə birgə əməkdaşlıq.

 

“Sağlamlıq sahəsi”nə göndərilən və müraciət edən xəstələr qeydiyyata götürülür,həkim müayinəsi,kliniki və biokimyəvi laborator müayinələr, elektrokardioqrafiya,ultrasəs müayinəsi, spirometriya, antropometriya və s. müayinə metodları aparıldıqdan sonra dar ixtisas həkimlərinə göndərilir.Burada müayinə və müalicə olunan ahıl xəstələr dispanser qeydiyyatına götürülür,ildə 2 dəfə bütün müayinələrdən keçmək və müalicə kursu almaq üçün xüsusi çağırış vərəqəsi ilə “Sağlamlıq sahəsi”nə dəvət olunurlar.

 

Herontologiya sahəsində görülən işin həcmini genişləndirmək məqsədi ilə mütəmadi olaraq əvvəlcədən şəhər polklinikalarında elan verməklə "Acıq qapı" aylığıkeçirilir və poliklinikalardan göndərilən xəstələrə heriatrik tibbi xidmət göstərilir."Açıq qapı" ayliği zamanı Bakı şəhər Səhiyyə İdarəsi tərəfindən muxtəlif profilli klinisistlerin konsultasiyaları təşkil edilir.Poliklinikada həssas psixologiyası olan tənha ahıllar üçün “Gündüz sağlamlıq klubu” təşkil olunmuşdur.Burada qrup şəklində ahıllara müalicə və müayinələrlə yanaşı xüsusi tədbirlər (musiqi terapiyası, fitoterapiya,katerlə dəniz gəzintisi terrenkur müalicəvi bədən tərbiyəsi və s.) həyata keçirilir. Mutamadi olaraq Bilgəh qəsəbəsində yerləşən “Müharibə və əmək əlilləri üçün pansionat”a həkim heriatr briqadası gedərək,onları müayinə edir,onlara ixtisaslaşmış heriatrik tibbi xidmət göstərilir.Dərman təchizatı Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

 

Bundan başqa tədbir iştirakçılarına ölkədə fəaliyyət göstərən Müharibə Veteranları Respublika Xəstəxanası haqda da geniş məlumat verildi. Bildirildi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 07.03.1991-ci il tarixli 59 saylı əmrinə əsasən IV Baş İdarənin 2 saylı xəstəxanası Müharibə veteranları Respublika xəstəxanasına dəyişdirilmişdir.

 

Müharibə veteranları Respublika xəstəxanası Xəzər rayonu, Mərdəkan qəsəbəsi Baba Əliyev 7 ünvanda yerləşir.İki dördmərtəbəli korpusdan ibarətdir. Xəstəxana 300 çarpayılıqdır: 250 çarpayı terapevtik və 50 çarpayı nevroloji. Xəstəxananın əsas kontingentini müharibə və əmək veteranları,Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş şəxslər təşkil edir.

 

2016-cı ilin 6 ayı ərzində qəbul edilən xəstə sayı – 1799 nəfər; xəstələrin orta yaş həddi – 77.Xəstəxanada 5 şöbə fəaliyyət göstərir: kardiologiya, I terapiya şöbəsi, II terapya şöbəsi, nevrologiya və herontologiya. Herontologiya şöbəsi 1982-cı ildən fəaliyyətə başlamışdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

11/07/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->