Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Yeniyetmə və gənclərə sağlam həyat tərzi və zərərli vərdişlərdən çəkinmə yolları haqda məlumat verilib

SN İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Bakının 12 nömrəli tam orta məktəbində maarifləndirmə məqsədilə təşkil etdiyi tədbirdə çıxış ediblər.

 

20 iyul 2016-cı il tarixdə təşkil olunmuş tədbirdə çıxış edən İSİM-in əməkdaşı yeniyetmə və gənclərə sağlam həyat tərzini aşılama və zərərli vərdişlərdən çəkinmə yolları haqqında məlumat verib.

 

Nizami rayonu üzrə bir neçə məktəbin şagirdlərinin və müəllim heyətinin qatıldığı tədbir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət Planının 4.2 və 4.4-cü bəndlərinə müvafiq olaraq həyata keçirilib. Bu bəndlər üzrə aparılan iş qeyri-infeksion xəstəliklərin (QİX) qarşısının alınması və nəzarətinin, o cümlədən QİX-in risk amillərinə qarşı (tütünçəkmə, qeyri-sağlam qidalanma, fiziki fəallığın az olması, spirtli içkilərdən sui-istifadə və s.) profilaktik tədbirlərin görülməsi, əhali, ailə, pasiyentlərin öz sağlamlıqlarının qorunması üzrə bilik və bacarıqlarının yaxşılaşdırılması və məsuliyyətin artırılması məqsədini daşıyır.

 

İştirakçıların marağına səbəb olan bu tədbirdə məruzəçi gənclərə tütünün və narkomaniyanın zərərləri və fəsadları, cinsi yolla ötürülən infeksiyalar, hepatit B, C, və İİV infeksiyası və s. mövzularda çıxış edərək bunlardan qorunma yolları haqqında məsləhətlər verdi. Sağlamlığın qorunması üçün maarifləndirmə işinin vacib olduğunu bildirən mütəxəssis qeyri-sağlam qidalanma, fiziki aktivliyin vacibliyi, spirtli içkilərdən sui-istifadənin zərərlini xüsusi olaraq vurğulayıb.

Daha sonra məruzəçinin müxtəlif xəstəliklərə meylli olan insanlar üçün məsləhətləri, tövsiyələri dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda isə gənclərə İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

21/07/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->