Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında tədbir keçirilmişdir

06.01.2017-ci il tarixində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında hesabat xarakterli tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, tibbi müəssisə günün 24 saatı ərzində, fasiləsiz olaraq, Bakı şəhərinin bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək təcili və təxirəsalınmaz tibbi yardım göstərir. Gündəlik olaraq 103 xidmətinə 2000-ə yaxın çağırış daxil olur. Bayram və istirahət günlərində isə müraciətlərin sayı daha da artır.

Keçən il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq ümumi müraciət daxil olmuşdur ki, onlardan 63 mindən çox halda xəstə və zərərçəkənlər xəstəxanalara yerləşdiriliblər. Uşaqlar üçün edilən çağırışların sayı 83 mindən çox olmuşdur ki, onlardan da xəstəxanalara yerləşdirilənlərin sayı 13 mindən artıq olmuşdur.

 

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olmuşdur. Miokard infarktı ilə müraciətlərin sayı 1000, hospitalizasiya 940-a yaxın; insultla müraciətlərin sayı 3300, hospitalizasiya 2950; doğuşla bağlı müraciətlərin sayı 3310, hospitalizasiya 3290; avtoqəza zamanı xəsarət alanların sayı 2420, hospitalizasiya 2125-dən artıq olmuşdur. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilmişdir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanasına məlumat verilir.

 

Təcili tibbi yardıma ehtiyacı olan 180 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərildikdən, müxtəlif ixtisaslı bir neçə həkimin ətraflı tibbi müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilmişdir.

Təcili Yardım Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahisi müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır və yeni dərman preparatları ilə əvəz olunur və ya əlavə edilir.

 

Ağır xəstələrin evdə rentgen müayinəsinin aparılması məqsədi ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası rəqəmsal və plyonkalı rentgen apparatları ilə təmin olunmuşdur. Portativ rentgen apparatının olduqca əhəmiyyətli müsbət cəhətləri var. Belə ki, ağır yataq xəstələrini bəzən tərpətmək olmaz və ya mümkün deyil, bu zaman rentgen müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, ev şəraitində rentgen müayinəsi aparılır. Həmçinin ev şəraitində laborator müayinəsi apara bilən xüsusi briqadası da mövcuddur və əhaliyə yüksək səviyyədə xidmət edir.

 

Fəlakətlər və kütləvi hadısələr zamanı zərərçəkənlərə tez və keyfiyyətli tibbi yardım göstərilməsi məqsədi ilə beynəlxalq təlabatlara cavab verən yeni çeşidləmə kartı tərtib edildiyindən, kartla işləmə qaydasını aşılamaq məqsədi ilə bölmələrdə təlim məşqləri keçirilmiş, tibb işçilərinin praktik bilikləri qiymətləndirilmişdir.

 

Təcili və təxirəsalınmaz tibbi yardımın həkimləri ixtisas hazırlıqlarının təkmilləşdirilməsi məqsədi ilə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda və respublikadan kənarda keçirilən təkmilləşdirmə kurslarında mütəmadi olaraq iştirak edirlər. Stansiyanın bütün həkim heyəti sertifikasiyadan keçmiş, bir çoxları yüksək ixtisas dərəcələri almışdır. Orta tibb heyətinin tam sertifikasiyası sona çatmaq üzrədir.

 

Tibbi müəssisənin maddi-texniki təchizatı yüksək səviyyədədir. BŞT və TTYS bir neçə növ sanitar avtomobillərlə - kütləvi hadisələr zamanı 6 nəfəri birdən daşıya bilən, qarlı-buzlu yollarda sürülə bilən, laborator, reanimasion sanitar avtomobillərlə təmin edilmişdir.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

6/01/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013