Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ET Hematologiya və Transfuziologiya İnstitutunda tədbir keçirilmişdir

11.01.2017-ci il tarixində B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunda hesabat xarakterli tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, ölkənin hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisə olan İnstitut 1943-cü ildən fəaliyyət göstərir. Hal-hazırda İnstitut 3 hissədən ibarətdir: Klinika, Mərkəzi Qan Bankı və Elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün 2 hematoloji şöbə, uşaq hematologiyası şöbəsi, reanimasiya və intensiv terapiya şöbəsi, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktika şöbəsi daxildir.

 

Tədbirdə qeyd edilmişdir ki, 2016-cı ildə İnstituta müraciət edən vətəndaşların sayı 12628 olmuşdur. İlkin müraciətlərin sayı - 4519 nəfər təşkil etmişdir (2015-ci ildə - 4036). Hal-hazırda müəssisədə 27523 xəstə dispanser qeydiyyatdadır (2015-ci ildə - 23962). Ümumilikdə, bitmiş il ərzində 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunmuş, onların 327 nəfərində kəskin leykoz müəyyən edilmişdir.

 

Qeyd edilmişdir ki, son zamanlar leykozların diaqnostikasında və müalicəsində köklü irəliləyişlər müşahidə edilir. Bu ilk növbədə leykozların molekulyar-genetik diaqnostika üsullarının tətbiqinə və leykozların müxtəlif növlərinin hədəf terapiyası üsullarının işlənib-hazırlanmasına aiddir. Səhiyyə Nazirliyinin rəhbərliyi ilə ET Hematologiya və Transfuziologiya İnstitutunda bu xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunmuşdur. Leykoza gətirib çıxaran pozulmaların həm hüceyrə (sitokimyəvi), həm xromosom (sitogenetik), həm də gen səviyyəsində (polimeraz zəncirvari reaksiya) müəyyən edilməsi təcrübədə tətbiq edilmişdir.

 

Ümumiyyətlə, 2016-cı ildə 522639 (2015-ci ildə 505048) laborator müayinəsi aparılmışdır. Bura hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar - genetik müayinələr daxildir.

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti 11 noyabr 2016-cı il tarixli qərarı ilə "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı"nı təsdiq etmişdir. Bu proqram qanın bədxassəli xəstəliklərin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına yönəlmişdir.

 

Tədbir zamanı vurğulanmışdır ki, qan xidməti tibb müəssisələrini qan və qan komponentləri ilə təmin edən səhiyyə sahəsidir. Qan xidmətinin dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, doğuşa yardım, hematologiya, onkologiya, travmatologiya və sairə kimi sahələrdə ixtisaslaşdırılmış tibbi yardımın həyata keçirilməsi mümkün deyildir. Qan xidmətinin əhəmiyyəti fövqəladə vəziyyətlər zamanı xüsusilə artır. Son zamanlar Səhiyyə Nazirliyi tərəfindən qan xidməti və donoluq sahəsində köklü islahatlar aparılmışdır. Qan xidməti müəssisələrinin şəbərkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi həyata keçirilmişdir. Qan xidmətinin strukturunun modernləşdirilməsi nəticəsində qan tədarük edən müəssisələrinin sayı xeyli azalmış, bu isə donorların səmərəli istifadəsinə və donor qanının infeksiyalara yoxlanılmasının yaxşılaşdırılmasına imkan yaratmışdır.

 

Bununla yanaşı qan xidməti müəssisələri ən müasir avadanlıqlarla təmin edilmiş, bu isə komponent donorluğunun inkişafına və qanın infeksiyalara yoxlanılması üçün immunoferment üsuluna əlavə olaraq, polimeraz zəncirvari reaksiya üsüllarının (qanda virusun olmasının bilavasitə aşkar edilməsinə imkan yaradır) tətbiq edilməsinə imkan yaratmışdır. Transfuziyadan sonrakı immunoloji ağırlaşmaların qarşısını almaq məqsədilə Mərkəzi Qan Bankında donor və resipiyentin uyğunluğunu təmin etmək üçün qanın seşilməsi və çarpaz reaksiyanın (kross-matç) aparılması da tədbiq edilmişdir.

 

Donorluğun təbliği sahəsində müasir üsüllardan istifadə edilməsi (MQB-ın VEB saytın yaradılması, videokliplərin çəkilməsi, plakatların və kitabçaların çap edilməsi, kütləvi informasiya vasitələri ilə coxsaylı çıxışlar, donorların forumlarının keçirilməsi) ilbəil donorların sayının və tədarük edilmiş qan və onun komponentlərinin miqdarının artmasına gətirib çıxarmışdır.

 

Nəticədə, 2016 cı ildə Mərkəzi Qan Bankı üzrə donor sayı – 44 393 nəfər, Respublika üzrə 11 ay ərzində donor sayı 76 692 nəfər , tədarük edilən qanın miqdarı 36 368.9 litr olmuşdur. Aşura günü 4 141 nəfər qan vermişdir, tədarük edilən qanın miqdarı 1863,8 lt olmuşdur.

 

B.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun elmi tədqiqatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş istiqamətdə - Azərbaycan Respublikası əhalisinin sağlamlığının və xəstəliklərinin reqional xüsusiyyətləri: monitorinq, epidemiologiya, müalicə və profilaktika üsullarının təkmilləşdirilməsi aparılmışdır. Həmin istiqamət çərçivəsində 2 problem üzrə elmi-tədqiqat işləri aparılmışdır: Azərbaycanda hemoblastozlar və hemoqlobinopatiyalar (epidemiologiya, diaqnostika, müalicə və profilaktikası); Azərbaycanda əhaliyə göstərilən transfuzioloji xidmətin təkmilləşdirilməsi.

 

İnstitutda “Azərbaycanda hemoblastozların gediş xüsusiyyətlərinin və müalicə prinsiplərinin öyrənilməsi”, “Azərbaycanda hemoqlobinopatiyaların diaqnostikasının, müalicəsinin və profilaktikasının müasir səviyyədə işlənib hazırlanması”, “Azərbaycanda hematoloji və onkohematoloji xəstəliklərin immunofenotipik xüsusiyyətlərinin öyrənilməsi” və s. mövzuları üzrə elmi işlər aparılmışdır. Bu mövzular üzrə 2016-cı ildə “Azərbaycanda qanköçürmənin tarixi” adlı monoqrafiya, 2 - metodik vəsait, 1 – kitabça, 19 məqalə və tezis çap olunmuşdur.

 

Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində talassemiyalı xəstələrin müalicəsinin müasir səviyyədə aparılmasına nail olunmuşdur. Xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacı tam təmin olunmuşdur. Artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyasının da yerinə yetirilməsinə başlanmışdır. Görülən tədbirlər talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına gətirib çıxarmışdır.

 

Əhali arasında talassemiyanın profilaktikası istiqamətində də kompleks tədbirlər aparılır. Bu məqsədlə Nazirlər Kabinetinin 28.04.15-ci ildə 122 saylı qərarına əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçirilməsi işi başlanmışdır. Talassemiya ilə yanaşı evlənmək istəyən cütlüklər həm də QİÇS və sifilisə də yoxlanırlar.

2016-ci ildə nikahqabağı müayinədən 143694 nəfər keçmişdir. Onlardan 4649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS təyin edilmişdir. Hər ikisində talassemiya daşıyicılığı olan çütlüklərin sayı 42 olmuşdur.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

11/01/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..