Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ə. Əliyevin 120 illik yubileyi ETTOİ-də qeyd olundu

25.01.2017-ci il tarixində ET Travmotologiya və Ortopediya İnstitutunda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə bildirildi ki, 1951-1959-cu illərdə (qısa bir fasilə ilə) institutun direktoru olmuş Ə.M.Əliyev birinci növbədə keçmiş məktəb binasında yerləşən institutu xeyli abadlaşdırmışdı. Ə.Əliyev bu işlərin görülməsində özü də şəxsən iştirak edərək başqaları üçün nümunə göstərmişdir.

 

Vətən müharibəsi əlillərinə tibbi xidməti gücləndirmək məqsədilə, institutun əməkdaşları müntəzəm surətdə respublika rayonlarına gedərək, yerlərdə tibbi müayinə komissiyaları təşkil etmişlər. Bakıda stasionar bərpa müalicəsinə ehtiyacı olan müharibə əlillərinin hesaba alınması və seçilməsi işi mərkəzi həkimlik-seçim komissiyası tərəfindən aparılırdı. Bakıda və respublikanın başqa rayonlarında icra edilən yoxlamaların nəticələrinə əsasən, institut müharibə əlillərini fəal surətdə müalicəyə dəvət edərək və onların yerlərdə xəstəxanaya qoyulması üçün tədbirlər görülmüşdür.

 

Aparılan elmi-müalicəvi işlər Vətən müharibəsi əlillərinin bərpa müalicəsinə həsr edilir və onun yekunları prof. Ə.M.Əliyevin təşəbbüsü və səyi nəticəsində 17-19 iyun 1952-ci ildə Cənubi və Şimali Qafqaz respublikaları mütəxəssislərinin iştirakı ilə Bakıda keçirilmiş konfransda təcrübə mübadiləsi müzakirə edilmişdir. İnstitutun bütün mühüm məsələləri kollegial şəkildə, sədri prof. Ə.М.Əliyev olan Еlmi Şurada müzakirə edilir.

 

İnstitutda yeni şöbələr və laboratoriyalar açılır, müasir müalicə metodları tətbiq edilir, istedadlı mütəxəssislər işə cəlb olunurlar. İnstitutda 300 çarpayılıq bərpa cərrahlığı, üz-çənə cərrahlığı, travmatoloji, cərrahiyyə və ortopedik şöbələr açılır.

 

Müalicə-diaqnostika laboratoriya və kabinetlərdən klinik-diaqnostik, biokimyəvi, bakterioloji, histoloji laboratoriyalar, rentgen, qanköçürmə, bədən tərbiyəsi ilə müalicə və fizioterapiya kabinetləri yaradılmışdır. 1952-ci ildə tam təchiz edilmiş fizioloji laboratoriya təşkil olunmuşdur.

 

İnstitut ortopediya-travmatologiya üzrə baş müəssisə olaraq respublikanın regionlarında mütəmadi elmi-praktiki səyyar sessiyalar keçirərək ixtisasın səviyyəsinin sürətlə qаlxmasına nail olur. Ortopedik-travmatoloji yardımı yaxşılaşdırmaq üçün 10 il ərzində təkcə: 1952-ci ildə - 29, 1953-cü ildə - 36, 1954-cü ildə - 49, 1955-ci ildə - 38, obyektə təlimat verilmişdir.

 

İnstitut, travmatizmin profilaktikasına, kolxozlarda, sovxozlarda və MTS-lərdə travmatoloji yardımın təşkilinə dair kompleks tədbirlərin köçürülməsinə müvafiq olaraq, respublikanınkəndrayonlarında səhiyyə təşkilatları və müəssisələrinə kömək göstərilmişdir. Travmatoloji yardımın vəziyyətinin, xəstəxanalar, həkim və mamalıq-feldşer məntəqələrinin travmatoloji avadаnlıqla təchiz olunmаsının yoxlanmasına, travmatologiya üzrə tibbi kadrların hazırlanmasına xeyli diqqət yetirilmişdir.

 

İnstitut əməkdaşlarının yerlərdə apardıqları yoxlamanın gedişində rayon və kənd sahə xəstəxanalarında xəstələrin ambulator qəbulu, məsləhətlər, cərrahi əməliyyat və s. keçirmək yolu il həkimlərə lazımi əməli yardım göstərilmiş məsləhətlər verilmişdir. 1952-ci ildən etibarən respublika rayonlarında (Bərdə, Yеvlax, Mingəçevir, Quba) travmatizmin profilaktikası və azaldılmasına dair institutun səyyar elmi sessiyaları keçirilir. Yerlərdəki həkimlər belə sessiyaların işinəgeniş şəkildə cəlb olunurlar. İnstitut sanitariya aviasiyası xətti üzrə respublikanın kənd rayonlarına böyük yardım göstərilir.

 

Pambıq, çay və heyvandarlıq məhsulları hasil edən kolxozlarda və sovxozlarda kənd təsərrüfatı travmatizmi öyrənilmişdir.

 

Son illər ərzində respublikanın kənd rayonlarında travmatizm xeyli azalmışdır. Belə ki, 1955-ci ildə ümumi xəstələnmənin həcminə nisbətən travmatizmin həcmi 1952-ci ildəki 9,2% əvəzinə 7,7% təşkil etmişdir.

 

1946-1951-ci illərdə «Azərbaycan SSR-də Vətən müharibəsi iştirakçılarının bərpaedici müalicəsinin yekunu», «Neft sənayesində travmatizmin azaldılması tədbirləri», «Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun neft sənayesi travmatizminə qarşı mübarizə», «Bakı Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun kənd təsərrüfatında travmatizmin səviyyəsinin minimuma endirilməsi haqqında tədbirləri» və başqa məqalələri travmatizmin müxtəlif problemlərinə həsr olunmuş, vaxtında yazılmış əsərlərdir. Keçmiş Sovet ittifaqı miqyasında ETTOİ-u öndə gedən bir elm ocağına çevrilir. Əziz Əliyevin Bakı Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunda apardığı böyük işlər bunlarla bitmirdi.

 

Kadrların yetişdirilməsi məsələsi ön planda dayanırdı. Bu dövrdə onlarla elmi əməkdaş namizədlik və doktorluq dissertasiyası müdafiəetmişlər. Bunların içərisində milli kadrlar üstünlük təşkil edir. Azərbaycanda və Şərqdə ilk qadın travmatoloq H.Ə.Seyidova tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülür. Qısa bir müddətdə Ə.М.Əliyev tərəfindən 33 elmi əsər işlənmiş, ortopediya və travmatologiya sahəsində işlər yaxşılaşdırılmışdır. İnstitut kollektivinin səyi nəticəsində qarşıya qoyulan məsələ 1956-cı ilə qədər öz həllini tapdı və əlillərin 70%-ə qədərinin əmək qabiliyyəti bərpa olundu. İnstitut həkimlərin və orta tibb işçilərinin travmatologiya və ortopediya sahəsində ixtisaslarını artırmaq işinə xeyli diqqət yetirir. 1946-1955-ci illərdə 871 tibb işçisi, o cümlədən 401 həkim və 470 orta tibb işçisi öz ixtisasını artırmışdır.

 

Səhiyyənin digər sahələrinin inkişafına təkan verən Ə.М.Əliyevin xidməti dövləti tərəfindən layiqincə qiymətləndirilib, bir çox orden medal və fəxri adlarla təltif edilib: «SSRİ-nin səhiyyə əlaçısı» döş nişanı, iki dəfə Lenin ordeni, I dərəcəli «Vətən müharibəsi» ordeni, «Qırmızı Əmək Bayrağı» ordeni və s. Ə.М.Əliyevin redaktorluğu ilə institutun 122 elmi işini əhatə edən 5 cildlik elmi əsərləri çap edilmişdir, 13 metodiki broşura buraxılmışdır.

 

Görkəmli dövlət xadimi, alim, səhiyyə təşkilatçısı Ə.M.Əliyev XX əsr tarixində silinməz iz qoyan şəxsiyyətlərdən biridir. Müasirləri onu «cəmiyyətin təbibi» adlandırırdılar. Respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor Ə.М.Əliyevin keçdiyi mənalı həyat yolu hər bir Azərbaycanlı üçün örnəkdir, zəngin həyat məktəbidir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

25/01/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..