Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirildi

2017-ci ilin yanvarında Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120-ci ili tamam olur. Əziz Əliyev dərin elmi düşüncəsi olan təbib-alim və klinisist kimi öz qarşısında dəqiq məqsədlər qoyaraq onları praktiki səhiyyədə yerinə yetirmək təcrübəsinə malik idi. Digər tərəfdən onun həkimlik, elmi və pedaqoji fəaliyyəti səhiyyənin inkişafında zəngin təşkilatçı fəaliyyəti ilə əlaqələndirilirdi. Hansı bir vəzifə olursa-olsun Ə.Əliyev dərin zəkası və təşkilatçılıq məharəti ilə özünə xüsusi münasibət qazanırdı və bu səbəbdən Azərbaycanın yaradıcı ziyalılarının daim diqqət mərkəzində olurdu. Ə.Əliyevin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirməİnstitutunun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olmuşdur.

 

Onun şərəfli ömrünün bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur. Beləki, o həmin institutun rektoru vəzifəsində çalışmış və hal-hazırda institut onun adını daşıyır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi tədbirlər planı həyata keçirir.

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivi bu tədbirlərdə yaxından iştirak edir. Həmin silsilə tədbirlər çərçivəsində Quba, Lənkəran və Gəncə şəhərlərində Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfranslarmüvafiq olaraq 2016-ci ilin dekabrın 27-də,2017-ci ilin yanvarın 13-də və 2017-ci ilin yanvarın 27-də keçirilmişdir. Növbəti konfrans 2 fevral 2017-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda baş tutmuşdur.

 

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın, istedadlı həkim-alim, professor Tamerlan Əliyevin də xatirəsi anılıb, məzarlarları üzərinə tər güllər düzülüb.

 

Daha sonra tədbir Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda davam edib. Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Səhiyyə Naziri, professor Oqtay Şirəliyev açmış və Əziz Əliyevin milli tibb kadrları və səhiyyə işçilərinin hazırlanmasında çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri haqqında danışmışdır.

Nazir qeyd etmişdir ki, görkəmli dövlət və ictimai xadim, professor Əziz Məmmədkərim oğlu Əliyevin necə parlaq şəxsiyyət, bacarıqlı təşkilatçı olduğunu onun tərcümeyi-halı, tutduğu vəzifələr hər şeydən yaxşı göstərir. Azərbaycan SSR Ali Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi, İranda 47-ci Ordunun Hərbi Şurasının üzvü, xalq səhiyyə komissarı, Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı, Azərbaycan SSR Nazirlər Kabinetinin sədr müavini… Bunlar Əziz Əliyevin tutduğu məsul vəzifələrin ancaq bir qismidir. Yalnız parlaq şəxsiyyət hər işin öhdəsindən belə bacarıqla gələ bilərdi. Və elə buna görə də Əziz Əliyevin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.

 

 

O.Şirəliyev qeyd etdi ki, Əziz Əliyev Azərbaycanda tibb təhsilinin əsasını qoyanlardan biridir. O, Bakı Dövlət Universitetində rektoru olduğu vaxt Tibb fakültəsinin əsasında Azərbaycan Tibb İnstitutu yaradılmisdir və elə ilk illərdən yeni institutun da rəhbərliyi məhz ona tapşırılmışdı.

 

Ümumiyyətlə, ali məktəbin yaradılması, təhsilin bünövrəsinin qoyulması sadə vəzifə deyildi. Üstəlik, onun qarşısında məqsəd qoyulmuşdu ki, rus dili ilə yanaşı, ilk dəfə Azərbaycan dilində də tibb təhsilini təşkil etsin. Halbuki o vaxtlar kifayət qədər ixtisaslı milli həkim kadrlarının, tibb alimlərinin azlığı, ana dilimizdə tibbi ədəbiyyatın, dərsliklərinin yoxluğu bu problemi daha da çətinləşdirirdi.

Məhz Əziz Əliyevin səyləri nəticəsində qısa müddətdə Azərbaycan dilində ən vacib dərsliklər, monoqrafiyalar yazıldı, başqa dillərdən tərcümə olundu, namizədlik və doktorluq dissertasiyaları müdafiə edildi. Bu gün “tibb şəhərciyi” adlandırilan, tibb institutunun indiki anatomiya korpusunun və Kliniki Tibbi Mərkəzin ətrafında yaradılan kompleksin əsasını da məhz Əziz Əliyev qoymuşdu. Beləliklə, Azərbaycan Dövlət Tibb İnstitutu qısa müddətdə həqiqətən nüfuzlu ali məktəb kimi tanındı.

 

Məhz Əziz Əliyevin parlaq təşkilatçılıq bacarığı, insanlara həssas münasibəti, problemlərin trafaret olmayan fərqli həll yolunu tapa bilməsi onun xüsusi təşkilati və diplomatik qabiliyyətlər tələb edən vəzifələrə irəli çəkilməsinə səbəb olmuşdu.

Ulu öndər Heydər Əliyev Əziz Əliyevin 100 illik yubileyində demişdi: “Bizim üçün xüsusi əhəmiyyəti olan odur ki, Azərbaycan xalqının oğlu Əziz Əliyev yüksək bacarığını, fayda vermək qabiliyyətini yalnız öz respublikasında, ölkəsində nümayiş etdirməmişdir. O, müharibə illərində İranda çox məsul işi uğurla yerinə yetirmiş, Dağıstanın rəhbəri kimi son dərəcə məsuliyyətli vəzifənin öhdəsindən çox gözəl gəlmiş, Moskvada – tərkibində yaşadığımız Sovetlər İttifaqı kimi bir dövlətin paytaxtında müvəffəqiyyətlə çalışmışdır. Bu, hər bir azərbaycanlının qəlbində çox böyük iftixar hissi doğurur”.

 

Nazirin sözlərinə görə, həkimlər fəxr edir ki, professor Əziz Əliyev onların həmkarı olub və harada çalışsa da, böyük vəzifələr tutdasa da, o öz sənətinə sevgisini ömrü boyu yaşadıb. Onun həkimlik sənətinə bu bağlılığı, olan ailəsində də özünü göstərmişdi. Ailənin üç övladı həkimlik sənətini seçmiş və atalarına layiq həkim, alim olmuşdular.

 

Zərifə xanım Əliyeva Azərbaycanın görkəmli oftalmoloq alimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi olub. Onun elmi nailiyyətləri tək respublikamızda deyil, ondan kənarda da yüksək qiymətləndirilib. O, oftalmologiya sahəsində çox nüfuzlu Averbax adına mükafatı alan ilk qadın alim olub.

 

Tamerlan Əliyev tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi idi. Çox bilikli, bununla belə, hədsiz dərəcədə sadə və təvazökar insan idi. Ona dəfələrlə müxtəlif məsul vəzifələr təklif olunsa da, imtina etmişdi və ömrünün axırınadək Azərbaycan Tibb Universitetində kafedra müdiri kimi tibb kadrlarının hazırlığı ilə məşğul oldu.

 

Akademik Cəmil Əliyev Əməkdar Elm Xadimi, Milli Onkologiya Mərkəzinin direktorudur. Onun rəhbərliyi altında bu böyük tibb müəssisəsi nəinki ölkəmizin qabaqcıl səhiyyə ocaqlarından birinə çevrilib, həmçinin öz beynəlxalq əlaqələri sayəsində başqa ölkələrdə də tanınır. Bu mərkəzə rəhbərlik etməklə yanaşı, Cəmil müəllim pedaqoji fəaliyyətini də davam etdirir. O, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasının müdiridir.

 

O.Şirəliyev vurğuladı ki, görkəmli həkim, alim, səhiyyə təşkilatçısı, bacarıqlı rəhbər və dövlət xadimi Əziz Əliyevin vətən və xalq qarşısında xidmətləri daim dövlət tərəfindən yüksək qiymətləndirilib. Bu gün müstəqil Azərbaycan da öz ləyaqətli oğlunun xatirəsini əziz tutur.

 

Ötən ilin noyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. İndi ölkəmizdə bu münasibətlə keçirilən silsilə yubiley tədbirləri Azərbaycan elminin, təhsilinin, səhiyyəsinin inkişafında danılmaz xidmətləri olan bu böyük şəxsiyyətin xatirəsinə böyük ehtiramın ifadəsidir.

 

Tədbir çərçivsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov Əziz Əliyevin həyatı və fəaliyyəti haqqında məruzə edərək qeyd etdi ki, xalqımız öz şərəfli tarixini müşahidə edərkən vətəninə, xalqına sadiq olan şəxsləri qayğı ilə yada şalır. Onların arasında dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin xüsusi rolu var.

 

Respublikanın Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən Ə.Əliyev nail olduğu təcrübəsini, istedadını, sönməz enerjisini respublikanın səhiyyəsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə, elmin inkişafına yönəltmişdir. Əziz Məmmədkərim oğlu Əliyev 1959-cu ildən bizim - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru kimi böyük fəaliyyət göstərmiş, ömrünün sonuna qədər bu institutun rektoru olmuşdur. Məhz institut tarixinin bir çox şərəfli səhifələri Əziz Əliyevin adı ilə bağlıdır.

 

Rektor qeyd etdi ki, o dövrdə institut öz fəaliyyətini genişləndirib tək Azərbaycanın yox bütün Sovet respublikalarının, Monqolustanın, Bolqarıstanın həkimlərinin hazırlanmasında iştirak etmişdir. Yeni-yeni kafedralar yaradılmışdır, elmi-pedaqoji kadrların hazırlığı maksimum dərəcədə yaxşılaşdırılmış, onun redaktor kimi rəhbərliyi altında institut əməkdaşlarının elmi əsərlərinin bir neçə məcmuəsi nəşr olunmuş, həkim-dinləyicilərin qabiliyyəti, bacarığı dərinləşdirilmiş və ixtisas dərəcələrimöhkəmləndirilmişdir.

 

İnstitutun kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanmış, tibb sahəsində yüksək kateqoriyalı elm adamları yetişdirilmişdir. Milli kadrların - adlı-sanlı alim-həkimlərimizin yetişdirilməsi məhz institut rəhbərliyinin məqsədyönlü xidmətinin təsdiqidir. Azərbaycan həkimləri kütləvi şəkildə ixtisasartırmaya cəlb olundular. İnstituda həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktoranturada hazırlanması təmin edildi. İnstitutun əsas kafedralarının Bakının iri xəstəxanalarında və müalicə ocaqlarında yerlaşdirilməsi ilə elmlə praktikanın vəhdəti təmin edildi. İnstitut Respublikamızda əhəmiyyətli bir elmi-tibbi mərkəzə çevrildi.

 

Rektor qeyd etdi ki, Ə.Əliyevin elmi fəaliyyəti də geniş olmuşdur. Beləki, o 1929-cu ildə aspiranturanı bitirərək müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmiş və sonradan Azərbaycan Tibb İnstiutunun terapiya kafedrasında həm assistent,həm də dosent vəzifəsindəçalışarkən respublikamız üçün vacib problemlər üzərində həvəslə və məharətlə işləmişdir. Həmin dövrdə azərbaycan dilində həkimlərin və tələbələrin kliniki hazırlığı üçün zəruri olan ilk «Klinik analizlər» dərsliyini Ə.M.Əliyev nəşr etdirdi. 1937-ci ildə Əziz Əliyev «Eksperimental nefrit» doktroluq dissrtasiyasını müdafiə edir. Bu iş Azərbaycan təbibləri tərəfindən müdafiə olunmuş ilk doktorluq dissertasiyalarından biri idi. Elmi əsər SSRİ Elmlər Akademiyasının mükafatına laiq görülmüşdür.Əziz Əliyev 87 elmi əsərin müəllifidir, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi problemlərə aiddir.

 

Əziz Əliyevin siyasi xadim kimi fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. O, istər Azərbaycanda, istər Dağıstanda və istərsə də Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən, səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bildi.

1960-cı ildə Əziz Əliyevə «Azərbaycan SSR əməkdar həkimi» fəxri adı verilir. O, I-II çağırış SSRİ Ali Sovetinin deputatı, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olubdur. Əziz Əliyev iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəliVətən müharibəsi ordeni və bir çox medallarla təltif edilmişdir.

 

 

1962-ci ilin 27 sentyabr tarixində institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin 773 saylı qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna professor Əziz Məmməkərim oğlu Əliyevin adı verilmişdir. Bu hadisə institutun əməkdaşları tərəfindən Əziz Əliyevin böyük xidmətlərinin qiymətləndirilməsi kimi dərin minnətdarlıq hissi ilə qarşılandı.

Qeyd etmək lazımdır ki, Ə.Əliyevin qoyduğu ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Bütün sahələrdə irəliləyişlər var. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daimi diqqət mərkəzində dayanır.

 

Sonra konfransda Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru akademik Böyükkişi Ağayev çıxış edərək Əziz Əliyevin dolğun və mənalı həyat yolundan, elmi-siyasi fəaliyyətindən danışdılar. Dagıstan Dövlət Tibb Universitetinin prorektoru Ruslan Şahbanov Ə.Əliyevə Dağistan xalqlarının məhəbbət və minnətdarlıq hissindən söz açıb onun xatirəsinin indi də yaşadığı qeyd etdi.

 

Ə.Əliyevin oğlu, Milli Onkologiya Mərkəzinin direktoru akademik Cəmil Əliyev ailələri adından öz minnətdarlığını bildirdi.

 

Sonra konfrans iştirakçılarına Əziz Məmmədkərim oğlu Əliyevin 120 illik yubileyinə həsr olunmuş film nümyaiş etdirildi.

 

Konfrans öz işini institut alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışlar ilə davam etdirdi. Təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələr dinlənildi.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

2/02/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..