Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

5 may Beynəlxalq Mamalar günüdür

Bu gün Respublika Perinatal Mərkəzində Beynəlxalq Mamalar günü qeyd olundu. Tanınmış tibb işçilərinin iştirakı ilə keçən tədbirdə Respublika Perenatal Mərkəzinin direktoru, baş mama-ginekoloq S.Məmmədova, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun elmi katibi L.Məmmədova, Bakı Sağlamlıq Mərkəzinin direktor müavini C.Ağazadə və Perinatal Mərkəzin tibbi heyəti iştirak edirdi.

 

Çıxış edənlər qeyd etdi ki, son illər doğuşayardım müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi sahəsində mühüm işlər görülmüşdür. Tibb işçilərinin bilik və bacarıqlarının artırılması daim diqqət mərkəzindədir. Ana və uşaqların sağlamlığının qorunması işi böyük bir kollektivin işidir və bu kollektiv işin effektivliyi əldə olunan nailiyyətlərdə özünü göstərir.

 

Ana və uşaq sağlamlığının qorunması sahəsində fəaliyyət göstərən heyətin əsas üzvlərindən biri bu gün 5 may tarixində peşə günləri qeyd olunan mamalardır.

 

Beynəlxalq Mamalar konfederasiyası 1919-cu ildən fəaliyyət göstərir. 1987-ci ildə Niderlandda keçirilən toplantıda Beynəlxalq Mamalar gününün keçirilməsi təklif olunmuşdur. 1992-ci ildən artıq 5 may Beynəlxalq Mamalar günü kimi bayram edilir. Artıq dünyanın 50-dən artıq ölkəsində mamalar günü keçirilir.

 

Ayrıca mamaların peşə bayramının keçirilməsi onların zəhmətinə verilən dəyərin təzahürüdür. Çünki mamaların üzərinə düşən məsuliyyətli işlər çoxdur. Bunlara daxil olan ən vacibləri isə aşaqıdakılardır:

- əhaliyə müəyyən olunmuş müasir standartlara əsasən mama-ginekoloji yardımın göstərilməsi

- yüksək keyfiyyətli tibbi xidmət göstərməklə hamiləlik, doğuş və zahılıq dövrü baş verə biləcək fəsadların qarşısının alınması,

- ana və uşaqların sağlamlığının mühafizəsi məqsədi ilə hamilə qadınlara dispanser nəzarətinin aparılması

- qadınlara hamiləlik vaxtı və zahılıq dövründə mamalıq köməyi göstərmək

- hamilə qadının doğuşa hazırlaşması,

- döşlə əmizdirmənin üstünlük və prinsiplərinin təbliğ edilməsi

- ailə planlaşdırılması xidmətinin təşkil edilməsi,

- müasir kontrasepsiya metodlarından istifadə etməklə arzuolunmaz hamiləliyin qarşısının alınması,

- cinsi yolla yoluxan, həmçinin İİV infeksiyalaşma profilaktikasının təşkil edilməsi

- hamilə, zahı qadınların və ginekoloji xəstələrin müayinə və müalicəsində ardıcıllığın təmin edilməsi, doğum evi və ya şöbələri, təcili tibbi yardım stansiyaları və şöbələri, poliklinika və uşaq poliklinikaları, eləcə də digər müalicə-profilaktika müəssisələri, vərəm, dəri-zöhrəvi, onkoloji dispanserlər və s. ilə sistematik əlaqəli iş aparılması

- vaxtında stasionara göndərilmənin həyata keçirilməsi

- sanitariya-gigiyenik və epidemiya əleyhinə tədbirləri yerinə yetirməklə infeksiyanın baş verməsi və yayılmasının qarşısının alınması, heyətin və pasiyentin təhlükəsizliyinin qorunması (mövcud qanunvericiliyə əsasən) reproduktiv sağlamlığın mühafizəsi, ana ölümü və perinatal xəstəliklərin profilaktikası haqqında əhalinin sanitar mədəniyyətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi

- hamilə qadın ilkin olaraq tibb müəssisəsinə müraciət etdikdə, ona antenatal xidmət göstərmək və bu xidmətdən yararlandırmaq müəyyən olunmuş standartlara uyğun olaraq ambulator mamaginekoloji yardım

- hamilə, zahı qadınların və ginekoloji xəstələrin müayinə və müalicəsində ardıcıllığı təmin etmək məqsədilə digər tibb müəssisələri ilə sistematik əlaqəli işi təşkil etmək hamilə qadınlara dispanser nəzarətini təmin etmək;

- “risk qrupu”na daxil olan hamilə qadınları (sosial, bioloji faktorlar, ginekoloji anamnez və ekstragenital xəstəliklər) seçmək və onlarda doğuş və zahılıq dövründə baş verə biləcək fəsadları müəyyən etmək və bunların profilaktikasını aparmaq

- ekstragenital xəstəliklərlə mamalıq patologiyası olan hamilə qadınları göstəriş olduqda, səhiyyə sisteminin müvafiq səviyyəli tibb müəssisələrinə

- hamilə qadınları fiziki və psixoprofilaktik olaraq doğuşa hazırlamaq, göstəriş olduqda hamilə və zahı qadınların evdə patronajını aparmaq və tibbi yardım göstərmək (“valideyn məktəbini” təşkil etmək)

 

Ana və uşaq sağlamlığının qorunması sahəsində mamaların rolu əvəzsizdir. Mamaların fəaliyyət sahəsi də çox genişdir. Xüsusilə bölgələrdə mamaların üzərinə çox böyük məsuliyyət düşür. Kənd yerlərində hamiləlikdən əvvəl hazırlığın da, hamiləlk dövründə antenatal xidmətin də, zahılıq dövrünün aparılmasının da, ana südü iə qidalandırmanın da, kontrasepsiyanın da məsuliyyəti mamaların üzərinə düşür. Ona görə də mamalar hərtərəfli hazırlıqlı olmalıdırlar. Bu gün doğuşayardım sahəsində olan bütün təlimatlarda mamaların rolu xüsusi vurğulanmışdır.

 

Tədbirin sonunda Perinatal Mərkəzin direktoru S. Məmmədova Mərkəzdə uzun illərdən bəri çalışan, işlərində xüsusi fərqlənmiş şəxsləri diplomlarla təltif etdi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

5/05/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..