Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ümummilli liderin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki yeri misilsizdir. Çünki o, Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Bu il Ümummilli liderin anadan olmasının 94-cü ildönümüdür. Ulu öndərin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələridir.

 

Ümummilli liderin müəyyənləşdirdiyi prinsiplər bu gün ölkəmizin həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir.

 

Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənmişdi.

 

Ümummilli liderin doğum günü ölkəmizin hər yerində olduğu kimi Ə.Əliyev adına ADHTİ-də qeyd olunmuş və 05 may 2017-ci il tarixində bu günə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.

 

Konfransı institutun rektoru professor N.A.Qasımov açaraq bildirmişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, doğum günü öz tarixi önəminə görə milli bayram statusu daşıyır. Məhz milli bayram olduğuna görədir ki, bu gün hər il ölkəmizdə qeyd edilir. Cəmiyyətin bütün təbəqələri bu bayramı hiss edirlər. Bu da təbiidir: dövlətçiliyin əsasını qoyan şəxsin doğum günü elə həm də dövlətçiliyin ən vacib tarixlərindən biridir. Belə insanlar tarixin dönüş nöqtələridirlər. Buna görə də onları tarixi şəxsiyyət yox, tarixi fenomen kimi qəbul etmək, öyrənib dərk etməyə çalışmaq gərəkdir.

 

Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında ümummilli liderin rolu əvəzolunmazdır.

 

Heydər Əliyev şəxsiyyəti, onun həyatı və fəaliyyəti haqqında artıq yüzlərlə kitab yazılıb, filmlər çəkilib. Bir dövlət xadimi kimi, onun xalqı və vətəni üçün gördüyü işlər tədqiqatçıların elmi araşdırmalarının mövzusuna çevrilib.

 

Gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü azərbaycanlı gənclərin keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqı dəyərlərinin təbliği də həyata keçirilirdi.

 

Heydər Əliyev səhiyyə sahəsinə də həmişə diqqət və qayğı göstərib. Möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir.

 

Azərbaycanın gələcək milli inkişaf siyasətinin əsas və uzunmüddətli perspektivlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası dahi rəhbərimizin milli inkişaf təliminin məntiqi davamı olaraq Azərbaycandakı bütün proseslərin uğurla həyata keçirilməsinə, makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma, əhalinin sosial rifahının daha da yüksəldilməsinə hesablanmışdır.

 

Azərbaycan dünyada yüksək imicə malik olan ölkə kimi tanınır, dövlətimiz nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, bu gün paytaxt Bakı və Respublikamızın digər şəhərləri mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ideal məkandır.

 

Heydər Əliyev idarəçiliyi məktəbinin davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının nail olduğu mühüm qələbələr, sürətli sosial-iqtisadi inkişaf, böyük quruculuq işləri, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşması, insan hüquq və azadlıqlarının yüksək təminatla qorunması, beynəlxalq standartlara uyğun vətəndaş cəmiyyətinin qurulması, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin bugünkü reallığı olmaqla ümumilli liderin xatirəsinə ən böyük hədiyyədir.

 

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib.

 

Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Tam əminliklə demək olar ki, Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.

 

Sonra konfrans öz işini institut alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirdi.Sinir xəstəlikləri,terapiya, yolxucu xəstəliklər, şüa diaqnostikası, mamalıq və ginekologiya kafedralarınınəməkdaşları Quliyeva Aygün,Səmədova Tünzalə,Orucova Səbinə,Qarayeva Aynur, Nuriyeva Arzu,Süleymanova Natavan təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış etdilər. Məruzələr maraqla dinlənildi, mövzular ətrafında diskussiyalar aparıldı.

 

Konfransda Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyəti iştirak etdilər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

5/05/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..