Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Talassemiya xəstəliyindən əziyyət çəkənlər daim diqqət mərkəzindədir

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafla yanaşı həyata keçirilən ardıcıl sosial yönümlü tədbirlərin nəticəsində əhaliyə göstərilən tibbi xidmətin də keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. İnsanların sağlamlığının qorunmasını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən dövlət rəhbərimizin talassemiyalı xəstələrə də diqqəti xüsusi qeyd olunmalıdır.

 

Son illərdə Azərbaycan səhiyyəsində əldə olunan nəaliyyətlər bu sahədə aparılan məqsədyönlü islahatların uğurlu nəticəsidir. Bu uğurları talassemiya xəstəliyinin müalicə və profilaktikasında görmək olar.

 

Talassemiya xəstəliyi respublikamızda geniş yayılmış problemlərdən biridir. Məhz bu səbəbdən xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqət mərkəzindədir.

 

“2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə tədbirlər planı”nda müalicə tədbirləri ilə yanaşı əsas diqqət talassemiyanın profilaktikası və əhalinin bu istiqamətdə maarifləndirilməsi, həmçinin, perinatal diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına istiqamətlənmişdir.

 

I vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Respublika Talassemiya Mərkəzində bu xəstəlikdən əziyyət çəkənlərə lazımi müayinə və müalicələr yüksək səviyyədə aparılır.

 

2017-ci ilin aprel ayına qədər Mərkəzdə dispanser qeydiyyatına 2959 xəstə salınmışdır. Onlar daimi müşahidə olunurlar . Vəziyyətlərindən asılı olaraq ümumi, müvafiq ya da xüsusi, spesifik müalicə alırlar və dərman preparatları ilə təmin olunur.

 

Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür.

 

2017-ci ilin üç ayı ərzində Respublika Talassemiya Mərkəzinə 6273 müraciət daxil olmuşdur. Bunlardan 603 ilkin müraciət etmiş şəxslərin 72 nəfəri dispanser qeydiyyata götürülmüşdür.

Mərkəzin Hemotologiya şöbəsində 2017-ci ilin 3 ayı ərzində 105 xəstə stasionar müalicə almışdır.

 

2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində 2017-ci ildə 9 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla həyata keçirilmişdir. Ümumilikdə 2014-cü ildən indiyədək 51 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilmişdir.

 

2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nigahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynamışdır. Belə ki, aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. İndiyə qədər 258521 nəfər müayinədən keçmişdir. 11215 nəfərdə daşıyıcılıq aşkarlanmışdır. Bunlardan 97 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınmışdır ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilmişdir. Daşıyıcı olan 54 cütlük prenetal diaqnostika olunması üçün qeydə alınmışdır.

 

Bütün görülən işlərlə yanaşı “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicəsi və profilaktikası üzrə” dövlət proqramında nəzərdə tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlər aparılmaqdadır.

 

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

8/05/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..