Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Vərəmə yoluxanların sayında azalma müşahidə olunur

17.05.2017-ci il tarixində ET Ağciyər Xəstəlikləri İnstitutunda Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün vərəm xəstəliyi və onun profilaktikasına dair seminar keçirilmişdir.

 

Seminarda qeyd edilmişdir ki, həyata keçirilən tədbirlər nəticəsində son illər Azərbaycan vərəmə yoluxanların sayında azalma müşahidə olunur. Azərbaycanda hər 100 min əhaliyə vərəmlə xəstələnmə göstəricisində son 6 ildə azalma müşahidə olunur və aktiv kontingentin sayı azalır. 2010-2016-cı illərdə ölkədə hər 100 min əhaliyə görə bu say 144 nəfərdən 99 nəfərə düşüb.

 

2015-ci ildə dünyada 10,4 milyon insan vərəmlə xəstələnib, onlardan 5,9 milyonu kişi, 3,5 milyonu qadın, 1 milyonu isə uşaqlar olub.

 

Ölkədə vərəm xəstələrinin müayinə və müalicəsi ödənişsiz həyata keçirilir. Vərəm əleyhinə dərmanlar Səhiyyə Nazirliyi tərəfindən müvafiq səhiyyə müəssisələrinə təqdim edilir. Müalicə tədbirləri ilə yanaşı, vaxtaşırı olaraq xəstələrin vəziyyəti ilə bağlı monitorinqlər aparılır.

Tədbirdə qeyd edildi ki, xəstəliklə mübarizə sahəsində profilaktikanın xüsusi önəmi vardır. Öskürək və gecələr tərləmə halları davamlı olduqda vətəndaşlar hökmən həkimə müraciət etməlidirlər. Vərəm xəstəliyi ilə mübarizədə əsas məqam vaxtında müalicə üçün müraciət etməkdir. Bildirildi ki, xəstə vaxtında həkimə müraciət edərsə, düzgün müayinə və müalicə nəticəsində vərəmdən tam sağalmaq mümkündür.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

17/05/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..