Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU yekun dövlət attestasiya imtahanlarına start verib

Azərbaycan Tibb Universitetində (ATU) yekun dövlət attestasiya imtahanlarına start verilib. İmtahanlar 2 mərhələdə keçirilir. Birinci mərhələyə bacarıq imtahanları daxildir ki, burda tələbələr 3 fəndən imtahan verirlər: cərrahiyyə, terapiya (daxili xəstəliklər) və mamalıq-ginekologiya. Bacarıq imtahanları yeni, Obyektiv Strukturlaşmış Klinik İmtahan (OSKİ) imtahan üsulu ilə aparılır. Azərbaycan Tibb Universiteti artıq on ildir ki, bu imtahan növünə keçib. Lakin bu il bu üsul daha da təkmilləşmiş formada təşkil olunub.

 

OSKİ imtahanları zamanı hər fənn üzrə tələbələr 10 bacarığa sahib olduqlarını nümayiş etdirirlər. Bu zaman müəllim tərəfindən onların bacarıqları müvafiq qaydada qiymətləndirilir. Bunun üçün universitetdə əvvəlcədən uzun müddət hazırlıqlar gedib. Bacarıqların siyahısı və onlara uyğun rəhbərliklər hazırlanıb. Hər bir bacarıq imtahanı xüsusi “məntəqə” adlandırılan yerlərdə keçirilir. Həmin məntəqələr xüsusi olaraq təchiz edilib və imtahan götürəcək müəllim və iştirakçı tələbələrdə bununla bağlı təlimlər aparılıb.

 

Hər bir imtahanda 10 bacarıq yoxlanılır. Hər bacarığa uyğun 1 məntəqə yaradıldığından, imtahanda 10 məntəqə fəaliyyət göstərir. İstər daxili xəstəliklər, istər cərrahiyyə, istərsə də mamalıq-ginekologiya fənləri üzrə 10 məntəqə fəaliyyət göstərir. Tələbə 1-ci məntəqədən başlamaqla hər bir məntəqədə imtahanı verib digərinə keçir. Hər məntəqədə bacarığın icrasına 3 dəqiqə vaxt verilir.

 

Hər biri ümumi həkim bacarıqlarından ibarət olan bacarıq imtahanlarının mövzuları müvafiq sahənin müəllim və mütəxəssisləri tərəfindən hazırlanıb.

 

İmtahanlar iyunun 2-dən start götürüb. Fənlər üzrə bacarıq imtahanı bitdikdən sonra test üsulu ilə nəzəri imtahanlarına keçid alacaqlar.

 

OSKİ imtahanları beynəlxalq standartlara cavab verən bir sınaq üsuludur. Dünyanın əksər ölkələrinin tibb universitetlərində, eləcə də digər universitetlərdə bu bacarıq imtahanları təbliğ olunur. ATU tibb təhsilində bu imtahan üsulunu ilk dəfə tətbiq edən Universitetdir. İstər müəllim, istərsə də tələbələr bu imtahan üsulunu yüksək qiymətləndirirlər.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

16/06/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..