Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb işçilərinin peşə bayramı qeyd olunur

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 

Bu münasibətlə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə tibb ictimaiyyətinin nümayəndələri iyunun 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də əklil qoyulub, gül dəstələri düzülüb.

 

Sonra Şəhidlər xiyabanına gələn səhiyyə işçiləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

 

Tədbirin davamı olaraq Səhiyyə Nazirliyində tibb işçilərinin peşə bayramına həsr edilmiş Kollegiya iclası keçirilmişdir. İclasda Bakı və bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, tanınmış elm və tibb elmi xadimləri iştirak edirdi.

 

Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev ilk olaraq bütün tibb işçilərini təbrik edərək onlara bu vacib və nəcib peşələrində uğur və müvəffəqiyyətlər arzulamışdır: ”Əziz həmkarlar! Hörmətli tibb işçiləri! İlk növbədə sizin hər birinizi – bu zalda olan və olmayan hər bir həkimi, ölkəmizdə səhiyyə və tibb elmi sahəsində çalışan hər kəsi peşə bayramımız – Tibb işçiləri günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir.

Biz peşə bayramımızı artıq 16 ildir ki, qeyd edirik. Bu peşə bayramı ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə hədiyyəsidir. Ümummilli liderimizin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb işçiləri gününü təsis etməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək qiymətidir. Bu tarix rəmzi bir məna kəsb edir. Azərbaycan Demokratik Respublikasının Səhiyyə Nazirliyi məhz 17 iyun tarixində təşkil olunmuşdu”.

 

Oqtay Şirəliyev öz çıxışında səhiyyənin tarixinə nəzər saldı. O qeyd etdi ki, hələ keçən əsrin əvvəllərində Azərbaycanda demək olar ki, çox az sayda azərbaycanlı həkim çalışırdı. Demokratik Respublika vaxtında Bakı Dövlət Universitetinin nəzdində Tibb fakültəsi yaradılmışdır. Həmin fakültənin ilk buraxılışında məzunlardan cəmi 5 nəfəri azərbaycanlı idi. Sonralar isə həmin fakültənin əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldı, beləliklə tibb müəssisələri, poliklinikalar tikilməyə başladı. Hələ o dövrlərdə cərəyan edən müxtəlif infeksiyaların, epidemiyaların qarşısının alınması üçün müxtəlif tədbirlər görülürdü. Elə həmin dövrlərdə bizim tanınmış tibb işçiləri, alimlərimiz fəaliyyət göstərirdilər. Onlardan Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafa bəy Topçubaşov, Kamal Balakişiyev, Əbülfəz Qarayev, Emin Əfəndiyev və s. sovetlər birliyində çox tanınan və böyük sahib olan tibb xadimləri idilər. Onların təhqiqatları o dövrün dərsliklərində, monoqrafiyalarında dərc olunurdu.

 

Daha sonra Oqtay Şirəliyev səhiyyəmizin o dövrdən sonrakı inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, Heydər Əliyev bütün sahələrə olduğu kimi səhiyyəyə də böyük diqqət və qayğı göstərirdi. Əksər iri tibb müəssisələri məhz Heydər Əliyevin hakimiyyəti dövrlərində tikilmişdir. Tək paytaxta deyil regionlarda da çoxprofilli xəstəxanalar tikilib əhalinin ixtiyarına buraxılmışdır. Ulu öndərin hakimiyyəti zamanı bir çox mütəxəssislər xaricə göndərilir, öz peşə və bacarıqlarının inkişaf etdirib vətənə xidmətə dönürdülər. Ölkəmizdə müxtəlif simpoziumlar, konfranslar keçirilirdi. Ulu öndərin beynəlxalq aləmdəki nüfuzu sayəsində Azərbaycana çoxlu sayda zərdablar, peyvəndlər gətirilir, müxtəlif kompaniyalar təşkil edilirdi. O tədbirlərin əksəriyyətində Heydər Əliyev şəxsən iştirak edir, insanları cəlb edirdi.

 

Bu gün də bu siyasi kurs çox uğurla davam edir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sosial-yönümlü siyasəti, gərgin əməyi, səyi və uzaqgörənliyi nəticəsində ölkə səhiyyəsi inkişaf edir. 600 dan artıq tibb müəssisəsi, diaqnostika mərkəzləri tikilib istifadəyə verilib. Yüzlərlə gənc mütəxəssis Avropanın ən böyük tibb müəssisələrinə təkmilləşmə kurslarına göndərilir.

 

Əgər illər öncə ürək əməliyyatları, orqan və sümük iliyi transplantasiyası, müxtəlif göz əməliyyatları və s üçün xaricə üz tuturdularsa bu gün ən mürəkkəb əməliyyatlar ölkəmizdə böyük uğurla təkcə Bakıda deyil regionlarda da tətbiq edilir.

 

Cənab nazir səhiyyənin inkişafından, uğurlarından danışarkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əməyini xüsusi qeyd etdi. Heydər Əliyev Fondunun prezidenti insanlara hər sahədə öz yardımını göstərmişdir. Mehriban xanımın təşəbbüsü ilə Talassemiya mərkəzinin yaradılmasına dair mühüm qərar qəbul olundu.

 

Bu gün dövlətimiz yeni nəslin sağlamlığı naminə bir sıra addımlar atır. Buna misal üçün qəbul edilmiş Dövlət Proqramlarının adını çəkmək olar.

 

Daha sonra cənab nazir qısa vaxt ərzində səhiyyə sahəsində geniş danışmağın mümkün olmadığını vurğuladı. Sonda bir daha tibb işçilərini bu nəcib və vacib işlərində uğurlar arzuladı və qeyd etdi ki, ölkə səhiyyəsinə xüsusi diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Tibb işçilərinin peşə bayramı münasibəti ilə Sərəncam imzalamışdır. Bu Sərəncama əsasən Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı, “Əməkdar Həkim” və “Əməkdar Müəllim” fəxri adlarına layiq görülüb.

 

Tədbirin sonunda səhiyyə naziri Oqtay Şirəliyev “Səhiyyə əlaçısı” döş nişanı və ”Fəxri Fərman”larla təltif olunmuş şəxsləri təbrik etdi.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətini məlumatı

17/06/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..