Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Nikaha daxil olmaq istəyən 63137 nəfər müayinə olunub

2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynamışdır. Belə ki, aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin iyun ayının sonuna qədər müayinədən 291431 nəfər keçmişdir.

 

1 iyun 2015-ci il – 30 iyun 2017-cı il tarixindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunmuşdur. Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 12036 nəfərdə talassemiya daşıyıcılığı, 1143 nəfərdə sifilis, 209 nəfərdə isə QİÇS aşkar olunmuşdur.

2017-ci il ərzində 63137 nəfər müayinələrə cəlb edilmiş, 1853 şəxsdə talassemiya daşıyıcılığı, onlardan 19 da hər iki cütlük olmaqla daşıyıcılıq qeydə alınmışdır. 259 nəfərdə sifilis, 46 nəfərdə isə HİV1/2 QİCS qeydə alınmışdır.

 

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılmışdır.

 

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

14/07/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..