Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ET Mamalıq və Ginekologiya İnstitutunda tədbir keçirilmişdir

 

31.08.2017-ci il tarixində ET Mamalıq və Ginekologiya İnstitutunda ölkədə antenatal qulluğun təşkilinə dair tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, antenatal qulluğun (doğuşaqədər nəzarət) məqsədi hamilə qadının və onun hələ doğulmamış körpəsinin sağlamlığının qorunması, ailəyə valideynliyə hazırlanmaqda kömək etməkdir.

 

Antenatal qulluğun keyfiyyəti gəlişlərin və aparılan profilaktik tədbirlərin sayı ilə deyil, göstərilən yardımın keyfiyyəti, hamilə qadının və onun ailə üzvlərinin hamiləliyin gedişi barədə məlumatlılığı, yaxınlarının hamiləyə fiziki, psixoloji, emosional və sosial dəstəyinin səviyyəsi, hamiləliyin gediş inə nəzarət və antenatal qulluq sisteminə müraciətin vaxtında olması ilə müəyyən olunur. Bu səbəbdən əsas rol məlumatı düzgün formalaşdırıb təqdim edə bilən, hamiləyə dərk edilmiş doğru seçim etməyə imkan verən təlim keçmiş tibb personalına ayrılır.

 

Həmçinin, qeyd edilmişdir ki, perinatal səhiyyənin prinsipləri normal hamiləlik və doğuş zamanı qulluq demedikalizə edilmiş olmalıdır, əsassız həkim müdaxilələri minimuma endirilməsinə və qulluğa uyğun texnologiyanın istifadəsinə əsaslanmalıdır. Eyni zamanda, qulluq regionlaşdırılmağa əsaslanmalıdır – tibb müəssisələrinin səviyyəsinə görə müəyyən olunmalıdır, qulluq elmi sübutlara əsaslanmalıdır, qulluğa, lazım gəldikdə, müxtəlif ixtisaslı tibb işçiləri cəlb olunmalıdır, qulluq tam olmalıdır, qulluqda ailənin dəstəyinə geniş yer ayrılmalıdır, qulluq cəmiyyətin mədəni ənənələri ilə ziddiyyət təşkil etməməlidir, hamilə qadın göstəriləcək yardımla bağlı qərar qəbul edilərkən bu prosesdə iştirak etməlidir.

 

Bütün hamiləlik boyu qadının bir tibb işçisinin nəzarəti altında olması məqsədəuyğundur. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 gə lişi (hamiləliyin 12-ci həftəsinə qədər, 18-20-ci, 26-28-ci, 30-32-ci, 34-36-cı, 38-ci, 40-cı həftəsində) tövsiyə olunur. Tibb işçisi qadına məlumatı düzgün şəkildə çatdırmalı, məsləhət vermə zamanı qərarı qadının özü qəbul etməli və bu qərar onun məlumatlılığına əsaslanır.

 

Tədbirdə həmçinin bildirildi ki, normal hamiləlik sağlam yeniyetmə, sağlam gələcək və dolayı yolla desək sağlam ana deməkdir. Ana sağlam olarsa dünyaya gətirəcəyi körpə də sağlam olar. Hamiləliyin normal fizioloji gedişinə nail olmaq hamləliyi hazırlıqdan və antenatal qulluğun düzgün idarə edilməsindən ibarətdir. Bəzi hallarda hamiləliyin gedişi ana və dölün həyatını təhlükədə qoyan patoloji vəziyyətlərlə də ağırlaşa bilər. Mamalıq təcrübəsində hamiləliyin düzgün idarə olunmasının vacib məqamlarından biri risk qruplarının təyinidir.

 

Hamiləliyi ağırlaşdıran faktorlar bir neçə qrupa bölünür. Bu sıraya sosial-bioloji faktorlar, yəni yaşı 18-dən aşağı, 40-dan yuxarı olan hamilələr, atanın yaşı 40-dan yuxarı olan hallar, zərərli vərdişlər və s. aiddir. Bu faktorlar cərgəsinə mama-ginekoloji anamnez də aiddir. Burada söhbət doğuşların sayı 4 və daha çox olan hamilə qadınlardan, təkrari və ya fəsadlaşmış abortlardan, uşaqlığın inkişaf qüsuru olan hamilə qadınlardan, sonsuzluqdan, induksiya olunmuş hamiləlikdən, uşaqlıq və artımlarda cərrahi müdaxilədən, inkişafdan qalmış hamiləlikdən və s. gedir.

 

Hamiləliyi ağırlaşdıran faktorlara ekstragenital xəstəliklər: hipertenziya, ürək-damar sisteminin xəstəlikləri, qan xəstəlikləri, hemostaz pozğunluqları, sidik-ifrazat sisteminin xəstəlikləri, qaraciyər xəstəlikləri, ağciyər xəstəlikləri, psixi xəstəliklər, epilepsiya, endokrinopatiya, autoimmun xəstəliklər, onkoloji xəstəliklər, kəskin və xroniki infeksiyalar, HİV infeksiyalı aiddir.

 

Preeklampsiyanın risk faktorları sırasına birinci hamiləlik, anamnezində preeklampsiya/eklampsiya olan hamilə qadınlar, doğuşlar arasında interval 2 ildən az, 10 ildən çox olan hallar, yaşı 18-dən aşağı, 35-dən yuxarı olan hamilə qadınlar, piylənmə – bədən çəkisi indeksi (BÇİ) 35-dən yuxarı, ailə anamnezində preeklampsiya halları (hamilənin anasında və ya bacısında preeklampsiya), diastolik təzyiq 80 mm.c.süt.-dan yuxarı olan hallar və s. aiddir.

 

Tədbirdə qeyd edildi ki, Səhiyyə Nazirliyi ölkədə antenatal qulluğun səviyyəsinin daha da artırılması məqsədi ilə zəruri addımlar atır.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

31/08/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..