Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında hesabat tədbiri keçirildi

Bu gün 26.12.2017-ci il tarixində Bakı şəhər təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ilin yekunlarına həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə qeyd edilib ki, təcili tibbi yardım xidməti gün ərzində, bayram, istirahət günləri, gecə saatları digər tibb müəssisələrinin işləmədiyi vaxtda əhalinin sağlamlığının keşiyində dayanan qurumdur. Təcili tibbi yardım işçiləri beynəlxalq tədbirlər, təbii fəlakətlər, bayram şənlikləri, xalqın şad və həmçinin ağır günlərində daima əhali ilə sıx qarşılıqlı münasibətdə olaraq vəzifə borcunu yerinə yetirir.

 

2017-ci il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693600-dən artıq ümumi müraciət daxil olmuşdur ki, bu da keçən illə müqayisədə 12 000 müraciət çoxdur. Bu müraciətlərdən 63300-dən çoxu xəstəxanalara yerləşdirilmişdir. Uşaqlar üçün edilən çağırışların sayı 82000 -dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 12500-dən artıq olmuşdur ki, bu rəqəmdə azalma qeyd edilir.

 

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olmuşdur. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150325, hospitalizasiya 12354 ; miokard infarktı ilə müraciətlərin sayı 865, hospitalizasiya 814-ə yaxın; insultla müraciətlərin sayı 3728, hospitalizasiya 3311olmuşdur Keçən illə müqayisədə miokard infartı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə olunur. Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar yaradılmışdır.

 

Doğuşla bağlı müraciətlərin sayı 3099, hospitalizasiya 3084; tibb müəssisəsindən kənar doğuşların sayı 94 olmuşdur ki, onların da 93 hospitalizasiya olunmuşdur. Hospitalizasiyadan imtina edilən bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilmiş, ünvana polis əməkdaşları dəvət olunmuşdur.

 

BŞTvəTTYS-nın bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 31510, hospitalizasiya 2591 olunmuşdur. Hospitalizasiya olunan və evdə qalan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilmişdir.

 

Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24895, hospitalizasiya 16734 olunmuşdur. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 20114, hospitalizasiya 12543, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 2363, hospitalizasiya 2058 olmuşdur.

 

Statistik rəqəmlərə əsasən 2017-ci il ərzində BŞTvəTTYS-na nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olmuşdur. Bu hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya olunmuşdur. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur. Belə ki, 2016-cı il ərzində baş verən 2430 nəqliyyat hadisələri nəticəsində 2122 nəfər hospitalizasiya olunmuşdur. Bu da avtoqəzaların sayında 67, hospitalizasiyada isə 64 halda azalma deməkdir.

 

Pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilmişdir. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 22 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 600 körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilmişdir.

 

Təcili tibbi yardıma ehtiyacı olan 335 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilmişdir.

 

BŞT və TTYS-nın təcili yardım briqadaları poliklinikalar tərəfindən laborator müayinələrin aparılması üçün götürülən materialların daşınmasında yaxından iştirak edir. Belə ki, 2017-ci il ərzində 7000-ə yaxın laborator daşınma icra edilmişdir.

 

2017-cı il ərzində BŞT və TTYS tərəfindən sənədləşmə işlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra səmərələşdirici təkliflər irəli sürülmüşdür. Belə ki, təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədi ilə yeni “Çağırış vərəqi” forması, yenidoğulmuş və körpələrin bir tibb müəssisəsindən digərinə daşınması zamanı tərtib edilən “Neonatal daşınma vərəqi”, “Gündəlik iş vərəqi” formasından istifadəyə başlanaraq, onların elektron variantı da hazırlanır. “Çağırış vərəqi” formasının elektron variantı planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə verilməklə elektron səhiyyənin inkişafına, vətəndaşların sağlamlığı vəziyyətinə “Elektron sağlamlıq kartı” vasitəsilə elektron nəzarət sisteminin tətbiqinə yardım etmiş olacaq.

 

Stansiyanın 21 bölməsinin hamısına internet xətti çəkilmiş və kameralar quraşdırılaraq rəhbərlik, həmçinin əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən bölmələrin işinə nəzarət gücləndirilmişdir.

 

BŞT və TTYS-na müraciət edən şəxslərin xəstəxanalara səmərəli yerləşdirilməsi məqsədi ilə əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən gündəlik olaraq Bakı şəhərinin tibb müəssisələrində mövcud olan boş çarpayıların sayı barədə məlumat toplanır ki, bu da hospitalizasiya zamanı meydana çıxan problemlərin qarşısını alır və o cümlədən xəstələrin ərazi üzrə müvafiq bölgüsünə yardım etmiş olur.

 

Təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahisi müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır.

 

Ağır xəstələrin evdə rentgen müayinəsinin aparılması məqsədi ilə BŞTvəTTYS rəqəmsal və analoji rentgen apparatları ilə təmin olunmuşdur., Ağır yataq xəstələrinin rentgen müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, portativ rentgen apparatı ilə evdə rentgen müayinəsi aparılır.

 

Həmçinin BŞTvəTTYS-nın evdə laborator müayinəsi apara bilən xüsusi briqadası da mövcuddur və əhaliyə yüksək səviyyədə xidmət edir.

 

BŞTvəTTYS-nin əlavə hazırlıq keçmiş həkim və orta tibb işçiləri 2017 ci ilin may – iyun aylarında keçirilən İslam həmrəyliyi oyunları, Formula 1 yarışları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Xəzəryanı ölkələrin iştirakı ilə “Xəzər-2017” beynəlxalq təlimi, həmçinin 1200-dən artıq beynəlxalq əhəmiyyətli dövlət tədbirləri zamanı zəruri hallarda tədbir iştirakçıları və şəhərimizə gələn qonaqlara ilkin tibbi yardım göstərməklə yaxından iştirak etmişlər. Tibb işçilərinin bu ağır əməyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş və BŞT və TTYS-nın bir qrup işçisi mükafatlandırılmışdır.

 

Fəlakətlər və kütləvi hadısələr zamanı zərərçəkənlərə tez və keyfiyyətli tibbi yardım göstərilməsi məqsədi ilə beynəlxalq təlabatlara cavab verən yeni çeşidləmə kartı tərtib edildiyindən, kartla işləmə qaydasını aşılamaq məqsədi ilə bölmələrdə təlim məşqləri keçirilmiş, tibb işçilərinin praktik bilikləri qiymətləndirilmişdir.

 

Təcili və təxirəsalınmış tibbi yardım həkimləri ixtisas hazırlıqlarının təkmilləşdirilməsi məqsədi ilə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda və respublikadan kənarda keçirilən təkmilləşdirmə kurslarında iştirak etmişlər. BŞTvəTTYS – nin bütün həkim heyəti sertifikasiyadan keçmiş, bir çoxları yüksək ixtisas dərəcələri almışdır. Orta tibb heyətinin tam sertifikasiyası başa çatmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişi ilə 2016-cı ildən etibarən Tibb Universitetinin rezidenturasını bitirmiş həkimlərin BŞT və TTYS-da işlə təmin olunmasına başlanmışdır.

 

Stansiyada psixoloq fəaliyyət göstərir və bölmələrin kollektivi ilə mütəmadi olaraq görüşərək, psixoloji yardıma ehtiyacı olanlara müvafiq yardım göstərir.

BŞT və TTYS-nın bölmələrində hər həftə aktual mövzulara aid, həmçinin səhiyyə sahəsində olan yeniliklərlə tibb heyətini tanış etmək məqsədi ilə elmi praktik konfranslar, həkimlərin bilik səviyyəsini yüksəltmək məqsədi ilə sorğular keçirilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən BŞTvəTTYS yeni sanitar avtomobillərlə təmin edilmiş və tibbi avadanlıqlar təmir edilmişdir.

 

Həvəsləndirmə məqsədi ilə bölmələrarası istehsalat yarışı keçirilmişdir. “İlin ən yaxşı bölməsi”, “İlin ən yaxşı həkimi”, ”İlin nümunəvi tibb işçisi”, “İlin ən yaxşı tibb bacısı” nominasiyaları üzrə tibbi personal və bölmələr fəxri diplomlarla təltif edilmiş, xatirə hədiyyəsi ilə mükafatlandırılmışlar.

 

2015-ci ilin mart ayından 2018-ci ilədək BŞTTTYS-nın həkim və orta tibb işçilərinin ünvanına 1400-dən artıq təşəkkür məktubu və zəngləri daxil olmuşdur. Belə ki, 2015-ci ildə 206, 2016-cı ildə 481, 2017-ci ildə isə 732 təşəkkür məktubu, zəngləri daxil olmuşdur və həmin şəxslərə stansiyanın rəhbərliyi tərəfindən təşəkkür elan edilmişdir.

 

BŞT və TTYS 2018-ci ildə də var qüvvəsi ilə tibb sahəsində olan yeniliklərdən istifadə etməklə əhalinin sağlamlığı keşiyində duracaq.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

26/12/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..