Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Antenatal nəzarət daha da gücləndirilib

Azərbaycan Respublikasında qəbul olunan “Reproduktiv sağlamlıq” strategiyasına və perinatal konsepsiyaya əsaslanaraq ölkədə 7 Perinatal Mərkəz yaradılmışdır. Quba Regional Perinatal Mərkəz i 8 il öncə yeganə 3-cü səviyyəli doğuşayardım müəssisəsi kimi Şimal regionunda fəaliyyətə başlamışdır.

Quba Regional Perinatal Mərkəzin baş həkimi Şəhla Həsənovanın verdiyi məlumata görə, hər il Quba Regional Perinatal Mərkəzində 3000-dən artıq doğuş qəbul olunur. Daxil olan hamilələrin 47%-i risk qrupuna aiddir. Onlardan 8%-ni ağır preeklampsiyası, 31%-ni orta və ağır dərəcəli anemiyası, 8%-ni xroniki venoz çatmamazlığı olan hamilələr təşkil etmişdir.

 

Quba Regional Perinatal Mərkəzində son illər ərzində mütəmadi aparılan metodiki işlər nəticəsində Şimal regionunun hər bir bölgəsində antenatal nəzarət daha da gücləndirilib. Mərkəz yeni avadanlıqla təmin olunduqdan sonra göstərilən xidmətin keyfiyyəti daha da yaxşılaşmışdır.

Əvvəlki illərlə müqayisədə 2017-ci il ərzində ağır qanaxmaların sayı sıfıra enmişdir. Ətraf rayonlardan çox kritik vəziyyətdə daxil olan 8 preeklampsiyalı hamilədən, 8–nində uşağının və özünün həyatı xilas edilmişdir.

 

Quba Regional Perinatal Mərkəzinə ətraf rayonlardan köçürülən yenidoğulmuşların sayı 3 dəfə artmaqla, 110 uşaq təşkil etmişdir. Ümumi 80 vaxtından əvvəl doğulmuş uşağa dövlət təminatlı Kurosurf preparatı yeridilmişdir.

 

Mərkəzdə son 2 ildə Şimal regionun doğuşayardım müəssisələrində çalışan mama-ginekoloq və anestezioloqların iştirakı ilə 7 regional konfrans keçirilmişdir. Konfranslarda mamalıq və intensiv terapiyanın aktual məsələləri respublikamızın aparıcı mütəxəssisləri tərəfindən işıqlandırılıb.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

18/01/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..