Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan ÜST-ün Beynəlxalq Dərman Vasitələrinin Monitorinqi Programının 130-cu tam hüquqlu üzvü oldu

Səhiyyə Nazirliyinin dəstəyi və razılığı ilə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Vasitələrinin Monitorinqi proqramına qoşulmuşdur. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) milli farmakonəzarət mərkəzi olaraq təyin edilmişdir. AEM proqramın icrasına məsul olan "Uppsala Drug Monitoring" Mərkəzi ilə əlaqələr qurmuş və proqramın icrasına başlamışdır.

 

2017-ci ildə AEM-in Farmakonəzarət Sektoru fəaliyyətə başlamışdır. Sektor Proqramın icrası üçün tələb olunan normativləri yerinə yetirmişdir. AEM Milli Farmakonəzarət Mərkəzinin fəaliyyətində bütün tələblərin yerinə yetirilməsi üçün şərait yaratmışdır. Ötən dövr ərzində "Uppsala Drug Monitoring" Mərkəzinin “Vigiflow” Programı alınmış, Azərbaycanda olan dərman vasitələrinin əlavə təsirlərinin proqram vasitəsilə Uppsala "Drug" Monitorinqin “Vigibase” - dünya dərman vasitələrinin əlavə təsirləri bazasına göndərilməsinə başlanılmışdır. Sektorun əməkdaşları sahə üzrə müvafiq beynəlxalq treninq kurslarda iştirak etmiş və təcrübələrini artırmışlar.

 

Bütün görülən işlərin nəticəsi olaraq, Azərbaycanın 2018-ci il yanvar ayının 23-də ÜST tərəfindən Beynəlxalq Dərman Vasitələrinin Monitorinqi Programının 130-cu tam hüquqlu üzvü olması təsdiq edilmişdir. AEM Azərbaycan Respublikasının Milli Farmakonəzarət Mərkəzi olaraq dərman vasitələrinin təhlükəsizliyi və effektivliyi üçün tələb olunan bütün işləri icra edir və sahə üzrə beynəlxalq əməkdaşlığını genişləndirir. 

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

1/02/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..