Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-nun Onkoloji Klinikasında Xərçənglə Mübarizə gününə həsr edilmiş tədbir keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında 4 fevral - Ümumdünya Xərçənglə Mübarizə gününə həsr olunmuş tədbir keçirilib.

 

Klinikanın direktoru, akademik Əhliman Əmiraslanov bu günün təsis olunması səbəbindən və əsas mahiyyətindən söz açdı: “Ümumdünya Xərçəng Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilib. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır”.

 

Akademik Əhliman Əmiraslanov rəhbərlik etdiyi qurum - ATU-nun Onkoloji klinikasının yaranması tarixi, fəaliyyəti və burada aparılan əməliyyatlar haqqında da məlumat verdi. Onun sözlərinə görə, ATU-nun Onkoloji klinikası Azərbaycan Respublikasının Nazirlər kabinetinin 23 noyabr 2006-cı il 250 saylı qərarına əsasən yaradılıb. Klinikanın açılışı 18 iyun 2007-ci ildə baş tutub. Klinikada 2 stasionar şöbə, gündüz stasionarı, poliklinika və diaqnostika şöbəsi, əməliyyat və anestezioloji şöbələri fəaliyyət göstərir. Burada onkoloji xəstələri müayinə və müalicəsi aparılır, yüksək ixtisaslı həkimlər tərəfindən hər növ şiş əməliyyatları icra olunur.

 

Klinikanın baş həkimi, dosent Nəsimi Qasımov son həftə ərzində Onkoloji Klinikada icra olunan əməliyyatlar haqqında geniş məlumat verdi.

 

Daha sonra klinikanın şöbə müdirləri ve rezidentlərin iştirakı ilə keçirilən iclas cari məsələlərin müzakirəsi ilə davam etdi.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı 

2/02/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..