Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Astara şəhərində həkimlərə elmi-praktiki seminar keçirildi

Ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir.Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” qəbul edilmiş və həyata keçirilir. Bu proqramın həyata keçirilməsi üzrə Tədbirlər planının 4.1 bəndinin və Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər planı”nın 4.1; 4.2; 4.3; 4.4; 4.5; bəndlərinin icrası məqsədilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya, Şüa diaqnostikası, Mamalıq və ginekologiya kafedralarının müəllim heyətinin iştirakı ilə 04 fevral 2018-ci il tarixində Astara şəhərində elmi-praktiki seminar təşkil olunmuşdur.

 

Seminarda Astara rayonu ilə yanaşı ətraf rayonlar olan Lerik, Lənkəran, Massallı,Yardımlı, Cəlilabadın ilkin səhiyyə xidmətlərində və xəstəxanalarında çalışan həkim-pediatr, mama-ginekoloq, şüa-diaqnostikası üzrə 80 nəfər həkimi iştirak etmişdir.

 

Seminarda dünya və Azərbaycanda ana və uşaqlar arasında xəstəliklərin yayılması, ölüm halları və səbəblər barədə, eləcədə ölkədə Dövlət proqramları çərçivəsində həyata keçirilən hamilə qadınlara və yenidoğulmuşlara təşkil olunan perinatal xidmətlər barədə geniş məlumatlar müqayisəli şəkildə təqdim edilmişdir. Təqdimatlarda seminar iştirakçılarına Azərbaycanda uşaqların inkişafının erkən aşkarlanmasına dair yeni yanaşmaların tədbiqi ilə bağlı məlumatlar xüsusi vurğulanmışdır. Hamilə qadınlar arasında endokrinoloji problemlərdən tez-tez rast gəlinən şəkərli diabetin xüsusiyyətləri və müasir diaqnostika, müayinə üsullaru, hamilə qadınların bu məsələlərdə davranış xüsusiyyətləri barədə məlumatlar seminar iştirakçılarına ayrı bir təqdimatda endokrinoloq tərəfindən çatdırılmışdır. Həkimlərə hamilə qadınlara müasir şüa diaqnostikası və ultrasəs müayinələrinin aparılmasına dair məlumatlar isə bu sahə üzrə mütəxəssislər tərəfindən xüsusi klinik halların nümayişi ilə təqdim edilmişdir. Təqdimatlar diskussiya şəklində aparılmış,seminar iştirakçılarının sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılmışdır.

 

Sonda həkim-dinləyicilər belə seminarların onlar üçün çox əhəmiyyətli olduğunu vurğulayaraq minnətdarlıqlarını bildirmişlər.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

7/02/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..