Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Təcili Yardım: 2000-dən çox insanın həyatı xilas edilib

05.04.2018-ci il tarixində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında tədbir keçirilib. Tədbirdə qeyd edilib ki, müəssisə günün 24 saatı (sutka) ərzində fasiləsiz Bakı şəhərinin bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək təcili və təxirəsalınmaz tibbi yardım göstərən tibb müəssisəsidir.

Təcili tibbi yardım xidməti gün ərzində, bayram, istirahət günləri, gecə saatları digər tibb müəssisələrinin işləmədiyi vaxtda əhalinin sağlamlığının keşiyində dayanır. Təcili tibbi yardım işçiləri beynəlxalq tədbirlər, təbii fəlakətlər, bayram şənlikləri, xalqın şad və həmçinin ağır günlərində daima əhali ilə sıx qarşılıqlı münasibətdə olaraq vəzifə borcunu yerinə yetirir.

 

2017-ci ci il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693600-dən artıq ümumi müraciət daxil olmuşdur ki, bu da keçən illə müqayisədə 12 000 çoxdur.. Bu müraciətlərdən 63300-dən çoxu xəstəxanalara yerləşdirilmişdir. Uşaqlar üçün edilən çağırışların sayı 82000 -dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 12500-dən artıq olmuşdur ki, bu rəqəmdə azalma qeyd edilir. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında əvəllər fəaliyyət göstərən pediatrik briqadalar bərpa olunmuşdur. Bu səbəbdən 2017-ci ildə həkim yanında uşaq ölümü qeydə alınmamışdır.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olmuşdur. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150325, hospitalizasiya 12354 ; miokard infarktı ilə müraciətlərin sayı 865, hospitalizasiya 814-ə yaxın; insultla müraciətlərin sayı 3728, hospitalizasiya 3311olmuşdur. Keçən il ilə müqayisədə miokard infartı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə olunur. Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar yaradılmışdır.

 

Doğuşla bağlı müraciətlərin sayı 3099, hospitalizasiya 3084; tibb müəssisəsindən kənar doğuşların sayı 94 olmuşdur ki, onların da 93 hospitalizasiya olunmuşdur.

BŞTvəTTYS-nın bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 31510, hospitalizasiya 2591 olunmuşdur. Hospitalizasiya olunan və evdə qalan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilmişdir.

Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24895, hospitalizasiya 16734 olunmuşdur. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 20114, hospitalizasiya 12543, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 2363, hospitalizasiya 2058 olmuşdur.

 

Statistik rəqəmlərə əsasən 2017-ci il ərzində BŞTvəTTYS-na nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olmuşdur. Bu hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya olunmuşdur.

Pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilmişdir. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 22 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 600 körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilmişdir.

Təcili tibbi yardıma ehtiyacı olan 335 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilmişdir.

2017-cı il ərzində BŞTvəTTYS tərəfindən sənədləşmə işlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra səmərələşdirici təkliflər irəli sürülmüşdür. Belə ki, təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədi ilə yeni “Çağırış vərəqi” forması, yenidoğulmuş və körpələrin bir tibb müəssisəsindən digərinə daşınması zamanı tərtib edilən “Neonatal daşınma vərəqi”, “Gündəlik iş vərəqi” formasından istifadəyə başlanaraq, onların elektron variantı da hazırlanır. “Çağırış vərəqi” formasının elektron variantı planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə verilməklə elektron səhiyyənin inkişafına, vətəndaşların sağlamlığı vəziyyətinə “Elektron sağlamlıq kartı” vasitəsilə elektron nəzarət sisteminin tətbiqinə yardım etmiş olacaq. BŞTvəTTYS-nın HİK 138 ədəd planşetin alınmasında köməkliyini göstərməklə bu işi dəstəkləmişdir.

 

BŞTvəTTYS-na müraciət edən şəxslərin xəstəxanalara səmərəli yerləşdirilməsi məqsədi ilə əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən gündəlik olaraq Bakı şəhərinin tibb müəssisələrində mövcud olan boş çarpayıların sayı barədə məlumat toplanır ki, bu da hospitalizasiya zamanı meydana çıxan problemlərin qarşısını alır və o cümlədən xəstələrin ərazi üzrə müvafiq bölgüsünə yardım etmiş olur.

Təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahisi müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır.

Ağır xəstələrin evdə rentgen müayinəsinin aparılması məqsədi ilə BŞTvəTTYS rəqəmsal və analoji rentgen apparatları ilə təmin olunmuşdur. Ağır yataq xəstələrinin rentgen müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, portativ rentgen apparatı ilə evdə rentgen müayinəsi aparılır.

Həmçinin BŞTvəTTYS-nın evdə laborator müayinəsi apara bilən xüsusi briqadası da mövcuddur və əhaliyə yüksək səviyyədə xidmət edir.

2015-ci ilin mart ayından 2018-ci ilədək BŞTTTYS-nın həkim və orta tibb işçilərinin ünvanına 1400-dən artıq təşəkkür məktubu və zəngləri daxil olmuşdur. Belə ki, 2015-ci ildə 206, 2016-cı ildə 481, 2017-ci ildə isə 732 təşəkkür məktubu, zəngləri daxil olmuşdur və həmin şəxslərə stansiyanın rəhbərliyi və HİK tərəfindən təşəkkür elan edilmişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

5/04/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..