Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Əhalinin tibbi müayinələri Bakı və regionlarda uğurla davam edir

Azərbaycan Respublikası Prezidentinin tapşırığını rəhbər tutaraq Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən əhalinin profilaktik tibbi müayinələri Bakı və regionlarda uğurla davam edir. 

 

Ötən illərdə olduğu kimi bu il də Abşeron rayon əhalisi kütləvi surətdə poliklinikaya dəvət olunur, tibbi müayinələr keçirilir. Dispanserizasiya ayı müddətində Abşeron rayon Poliklinikasında 1908 nəfər USM müayinəsindən keçmişdir. Aşkarlanan xəstəliklər sırasında ən çox rast gəlinən öd kisəsinin iltihabi xəstəliyi (Xroniki xolesistit), qalxanvari vəzin xəstəlikləri və digər xəstəliklərdir. Abşeron rayon Uşaq Poliklinikasında isə 590 nəfər uşaq USM müayinəsindən keçmişdir. Belə ki, 2 yaşa qədər uşaqlarda ən çox aşkarlanan xəstəliklər kriptorxizm, hidrosele, məktəbəqədər uşaqlarda boyun limfa düyünlərinin limfadeniti və digər xəstəliklərdir.

 

Profilaktik müayinələr Gəncə şəhərində də uğurla davam etdirilir. Bu il 12 fevraldan başlayan tibbi müayinələr ərazi poliklinikaları tərəfindən öncədən tərtib olunmuş cədvəllər üzrə keçirilir. Tədbirlər proqramı çərçivəsində Gəncə şəhəri 6 saylı Şəhər Poliklinikası tərəfindən Azərbaycan Texnologiya Universitetində tələbə və müəllim heyətinin tibbi müayinələri təşkil olunub. 400-dək müəllimin çalışdığı, 2000 nəfərdən cox tələbənin təhsil aldığı Azərbaycan Texnologiya Universitetində tibb işcilərinin təşkilatcılığı ilə keçirilən tibbi profilaktik baxışlara terapevt, cərrah, nevropatoloq, göz həkimi və başqa ixtisas həkimləri cəlb edilib. Burada rentgenoflüoroqrafik, laborator və tibbi göstəriş üzrə müxtəlif müayinələr keçirilir, həmçinin qadın əhalisinə mama-ginekoloji baxışlar aparılır, xəstəlik aşkar olunanlar aidiyyatı üzrə ambulator müalicə üçün tibb müəssisələrinə göndərilir.

 

Tibbi müayinələrlə yanaşı Azərbaycan Texnologiya Universitetində müəllim və tələbələr üçün sağlam həyat tərzinin təbliği məqsədilə təhsil müəssisəsinin konfrans zalında Gəncə Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədov “Onkoloji xəstəliklərin profilaktikası” mövzusunda məruzə ilə çıxış edib, tələbələrin çoxsaylı suallarını cavablandırıb.

 

Qeyd edək ki, ötən müddət ərzində, tibbi müayinələrlə bağlı - 23, 24 fevral və 31 mart tarixlərində Səhiyyə Nazirliyinin aparıcı mütəxəsislərdən ibarət qrupu Gəncə şəhərinə ezam olunub. Həmin mütəxəsislər tərəfindən həm Gəncə əhalisi, həm də qonşu rayonlarda qeydiyyatda olanlar üçün baxış, məsləhət və konsiliumlar keçirilib. 

 

Ölkə əhalisinin tibbi müayinəsi davam edir. 

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

6/04/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..