Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

8 may Beynəlxalq Talassemiya Günü qeyd edildi

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin təşkilatçılığı ilə Talassemiya Mərkəzində 08 May Beynəlxalq Talassemiya Günü ilə əlaqədar mətbuat konfransı keçirilib.

 

 RTM-in direktoru Valeh Hüseynov tədbirdə çıxış edərək, son illər talassemiyanın müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görüldüyünü bildirib.

 

Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə talassemiyanın profilaktikasının gücləndirilməsi, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi, bütövlükdə, talassemiya xəstələrinə göstərilən tibbi köməyin təkmilləşdirilməsini nəzərdə tutan “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub.

 

Bununla yanaşı, bəzi qeyri-hökumət təşkilatlarının iştirakı ilə talassemiyaya qarşı mübarizəyə istiqamətlənən tədbirlər icra olunub. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hələ 2005-ci il fevralın 8-də Azərbaycanda “Talassemiyasız həyat naminə” layihəsinin həyata keçirilməyə başlanmasını elan edib.

 

Həmin proqram Azərbaycanda bu xəstəliklə mübarizədə dönüş anı oldu. Proqramın icrası çərçivəsində 2009-cu ilin mayında Bakıda Respublika Talassemiya Mərkəzi açıldı. Mərkəzdə bu xəstəlikdən əziyyət çəkən pasiyentlər lazımi dərmanları və ixtisaslaşmış tibbi köməyi pulsuz əldə etməyə, ölkə ictimaiyyəti isə mühüm problem olan qan donorluğuna fəal qoşulmağa başladı.

 

V.Hüseynov xatırladıb ki, talassemiyanın mövcud olduğu ölkələrdən biri də Azərbaycandır. Hazırda ölkəmizdə 3000-dən artıq talassemiya xəstəsi vardır. Əgər iki daşıyıcı ailə qurarsa, onların uşağının xəstə doğulacağı ehtimalı çox yüksəkdir.

 

Bununla əlaqədar Ailə Məcəlləsinə edilən dəyişikliklər və digər normativ aktlarla bağlı qəbul edilən Qanuna görə 2015-ci il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçməlidirlər. Bu da, öz növbəsində, talassemiya xəstəliyi ilə doğulan uşaqların sayının kəskin azalmasına imkan verir.

 

RTM-in direktoru, həmçinin qeyd edib ki, talassemiya xəstələrinin müasir və radikal müalicə üsulu sümük iliyinin köçürülməsidir. Bu, ağır əməliyyatdır və pasiyentin hazırlaşması üçün xeyli müddət tələb olunur. Diqqətə çatdırılıb ki, 2014-cü ilin mayında Talassemiya Mərkəzində ölkə tarixində ilk dəfə olaraq, sümük iliyinin köçürülməsinə dair üç mürəkkəb əməliyyat aparılıb. Bütövlükdə, Talassemiya Mərkəzində indiyədək 55 sümük iliyi köçürülməsi əməliyyatı həyata keçirilib.

 

 

 Mərkəzin Transfuzioloji kabinetinin müdiri Xuraman Cəfərova Mərkəzdə qeydiyyatda olan xəstələr, onlara göstərilən tibbi yardımın mahiyyəti barədə məlumat verərək bildirdi ki, aparılan tədqiqatlara görə, ölkədə Talassemiya daşıyıcılığı 5-8% təşkil edir.

 

Mərkəzin talassemiyalı pasiyenti, həkim İlahə Həsənli öz çıxışında talassemiyanı yaşam tərzinə uyğunlaşmaq üçün valideynlərin rolunu xüsusi vurğuladı və ona bu yolda daim dəstək olan tibb işçilərinə və ilk növbədə anasına minnətdarlıq etdi. İ.Həsənli sonralar tibb təhsili alaraq insanlara bir həkim kimi xidmət etdiyi nəzərə çatdırdı. Qeyd etdi ki, talassemiyalı şəxslərin valideynlərin dəstəyinə ehtiyac vardır. Bu işdə özəl şirkətlərin, müəssisələrin rəhbərləri də dəstəyini əsirgəməməli, talassemiyalı şəxslərin işlə təminatına yanlış təsəvvürlər səbəbindən məhdudiyyət qoymamalıdırlar.

 

Mətbuat Konfransı KİV nümayəndələrini maraqlandıran suallar ilə davam etdirildi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

8/05/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..