Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ADHTİ-də H.Əliyevin anadan olmasının 95 illiyinə həsr konfrans keçirilib

 

Ə.Əliyev adına ADHTİ-də Ümummilli lider H.Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş gənc alim və rezidentlərin elmi-praktiki konfransı keçirilib.

 

Konfransı institutun rektoru professor N.A.Qasımov açaraq bildirib ki, Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında Ümummilli liderin rolu əvəzolunmazdır. Heydər Əliyev şəxsiyyəti, onun həyatı və fəaliyyəti haqqında artıq yüzlərlə kitab yazılıb, filmlər çəkilib.

 

Bir dövlət xadimi kimi, onun xalqı və vətəni üçün gördüyü işlər tədqiqatçıların elmi araşdırmalarının mövzusuna çevrilib. 1993-cü ilin may-iyununda hökümət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxmışdır.

 

Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqı dəyərlərinin təbliği də həyata keçirilirdi. Heydər Əliyev səhiyyə sahəsinə də həmişə diqqət və qayğı göstərib. Möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir. Azərbaycan dünyada yüksək imicə malik olan ölkə kimi tanınır, dövlətimiz nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, bu gün paytaxt Bakı və Respublikamızın digər şəhərləri mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ideal məkandır.

 

Heydər Əliyev idarəçiliyi məktəbinin davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının nail olduğu sürətli sosial-iqtisadi inkişaf, böyük quruculuq işləri, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşması, insan hüquq və azadlıqlarının yüksək təminatla qorunması, beynəlxalq standartlara uyğun vətəndaş cəmiyyətinin qurulması, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin bugünkü reallığı olmaqla Ümumilli liderin xatirəsinə ən böyük hədiyyədir.

 

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Tam əminliklə demək olar ki, Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi və nailiyyətlər gözləyir. Sonra konfrans öz işini institut gənc alim və rezidentlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirdi. Sinir xəstəlikləri, mamalıq və ginekologiya, ümumi cərrahiyyə-II, psixiatriya və narkologiya, onkologiya kafedralarının əməkdaşları Agayeva Nurlana, Məhərrəmov Natiq, Əfəndiyeva Günay, Hacıyeva Ruhəngiz , Haqverdi Eldar, Səfixanova Aytən təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış etdilər. Məruzələr maraqla dinlənildi, mövzular ətrafında diskussiyalar aparıldı. Konfransda Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyəti, rezidentlər və müdavimlər iştirak etdilər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

10/05/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..