Səhiyyə Nazirliyi itkin düşmüş alpinistlərə dair xüsusi komissiya yaradıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi itkin düşmüş alpinistlərə dair xüsusi komissiya yaradıb

 

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Вirliyində ötən ilin dekabr ayında itkin düşmüş və meyitləri aşkarlanmış alpinistlərin ölüm səbəblərinin araşdırılması üçün dərhal xüsusi komissiya yaradılıb.

 

Yaradılan komissiya mayın 16-da istintaq araşdırma qrupu ilə birlikdə Qubanın Xınalıq kəndinə ezam edilib. Quba rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Çingiz İsgəndərovun rəhbərliyi altında Xaçmaz rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Nizami Qasımovun iştirakı ilə qar uçqunu altından tapılan alpinistlərin meyiti Quba rayon Patoloji Anatomiya Birliyinin morquna gətirilib və gecə saatlarında müayinə edilib. Təxminən 6 saat davam edən müayinələr başa çatdıqdan sonra meyitlər ailələrinə təhvil verilib. Komissiyanın müayinələrin nəticələri barədə hazırladığı rəy isə yaxın vaxtlarda Quba rayon prokurorluğuna təqdim ediləcək.

 

Qar uçqununa düşmüş alpinistlər Namin Nizami oğlu Bünyatzadənin meyiti Şəmkir, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Masallı, Babur Vaqif oğlu Hüseynovun meyiti isə Astara rayonuna aparılıb.

 

Xatırladaq ki, “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə ötən il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və geri qayıtmayıblar. Mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

17/05/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..