Başqalarını düşün. Qan ver. Həyatla bölüş

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Başqalarını düşün. Qan ver. Həyatla bölüş

14 iyun Ümumdünya qan donoru günüdür.

 

Qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir. Bu il Ümumdünya qan donoru kampaniyası “Başqalarını düşün. Qan ver. Həyatla bölüş” şüarı altında keçirilir və ictimaiyyətin diqqətini qan donorluğunun insan həyatını xilas edən xeyirxah addıma cəlb edir.

 

Bu əlamətdar günün tarixi 2005-ci ilə təsadüf edir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Cenevrə şəhərində (İsveçrə) keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi və bu günün öz kəşfi ilə donorluq işinə böyük töhfə vermiş Karl Landşteynerin doğum günü, yəni 14 iyun tarixi kimi müəyyən edilməsinə dair qərar qəbul olunub.

 

İnsan orqanizmində qanın müəyyən kritik həddi mövcuddur və bu həddi aşdıqda qan ehtiyatını artırmaq lazımdır (zədələnmə, xəstəlik hallarında). Əgər bu ehtiyat olmazsa, o zaman insan həyatını itirər. Bu baxımdan, donorun özünün 400 milliqram qanı ilə tam bir həyat xilas etməsi barədə deyim tamamilə doğrudur. Hər kəs həyatı boyunca qan köçürülməsinin zəruri olduğu hallar ilə üzləşə bilər. Qan insan orqanizmi üçün həyati əhəmiyyət kəsb edir, o, trofik funksiya daşıyır, toxuma və orqanların qaz mübadiləsini təmin edir.

 

Ciddi xəsarət, əməliyyat, kəskin qanaxma, hemotoloji və onkoloji xəstəliklər, ağır doğuşlar, mürəkkəb əməliyyatların icrası zamanı qan və onun komponentləri insan həyatını xilas edir. Qanı heç bir başqa preparat ilə əvəz etmək mümkün deyil, onu yalnız sağlam donordan əldə etmək olar.

 

Kifayət qədər təhlükəsiz qan ehtiyatlarının təmin edilməsinin əsas yolu könüllü, təmənna güdməyən donorlardan qanın götürülməsidir. Müntəzəm könüllü donor aksiyaları qanın ən təhlükəsizik mənbəyidir. Belə ki, pul müqabilində qan verən şəxslər ilə müqayisədə bu cür donorlar arasında qan vasitəsilə keçən xəstəliklərin və infeksiyaların qeydə alınması halları daha aşağıdır.

 

Qan və onun komponentlərinin donorluğu problemi ölkəmiz üçün əhəmiyyətli və milli səhiyyə sistemimiz üçün vacib məsələlərdən biri hesab olunur. Sülh dövründə və fövqəladə hallarda yüksək texnoloji tibbi yardımın göstərilməsi imkanları və xidmətlərin keyfiyyəti məhz sözügedən problemin həllindən asılıdır.

Hal-hazırda, tibbin elə bir sahəsini tapmaq çətindir ki, orada insan sağlamlığının və həyatının xilas olunması üçün qan komponentlərinin köçürülməsindən istifadə edilməsin.

 

Hazırkı dövrə qədər Azərbaycan Respublikasında donor qanının və onun komponentlərinin təmin edilməsi üzrə milli siyasətin əsas prinsipləri formalaşdırılıb. Bura: а) donorluğun dəstəklənməsi, qan komponentlərinin hazırlanması və köçürülməsi barədə qanunvericilik bazası, onların təhlükəsiz istifadəsinin təminatına dair hüquqi normativ sənədlərin işlənib hazırlanması b) keçici infeksiyalar ilə yoluxma riski aşağı olan əhali qrupları əsasında donor kadrları bazasının yaradılması; c) müasir analiz metodlarından istifadə etməklə qanın tərkibində olan və qan vasitəsilə keçən infeksiya daşıyıcılarının marker əsasında müayinə edilməsi; d) ölkənin qanköçürmə müəssisələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması daxildi.

 

Heydər Əliyev Fondunun Prezidenti, UNSECO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyeva tərəfindən 2005-ci ildə Azərbaycanda “Talassemiyasız həyat naminə” layihəsinin icrasına başlanılması ilə ölkədə səhiyyənin bu vacib sahəsində əhəmiyyətli müsbət dəyişikliklər müşahidə edilmişdir. Sözügedən proqram Azərbaycanda qeyd edilən xəstəliyə qarşı mübarizə sahəsində donuş nöqtəsi oldu. “Talassemiyasız həyat naminə” proqramının həyata keçirilməsi çərçivəsində 2009-cu ildə Bakı şəhərində Talassemiya Mərkəzi istifadəyə verilib. Bu Mərkəzdə talassemiyadan əziyyət çəkən xəstələr pulsuz zəruri dərman preparatları və ixtısaslı tibbi xidmətlər əldə edir. Ölkə ictimaiyyəti isə çox mühüm bir məsələnin – qan donorluğu probleminin həllinə fəal şəkildə qoşulmuşdur. Belə ki, Milli Məclis tərəfindən qəbul olunmuş “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu 2005-ci ilin may ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmişdir. 2006-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” (2006-2010 və 2011-2015) təsdiq edilmişdir. Qeyd edilən dövlət proqramları çərçivəsində qan xidməti göstərən müəssisələrin dövlət tərəfindən zəruri avadanlıqlar, qanın saxlanılması üçün konteynerlər və qanın testi üçün reaktivlər ilə təchizatı məsələləri həll edilmişdir.

 

Səhiyyə Nazirliyi qan xidməti müəssisələri şəbəkəsinin fəaliyyətinin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görmüşdür. Qan xidməti müəssisələrinin strukturunun müasirləşdirilməsi tədbirləri nəticəsində səmərəlilik səviyyəsi aşağı olan qan xidməti müəssisələri sıradan çıxarılmışdır ki, bu da donor kadrlarından daha rasional şəkildə istifadə etməyə, donor qanlarında olan və qan vasitəsilə ötürülən keçici xəstəliklərin marker üzrə müayinəsinin yaxşılaşdırılmasına imkan verir.

 

Xüsusilə vurğulamaq lazımdır ki, bütün bu donorlar ödənişsiz könüllülər olub.

 

Donorluğun təbliği sahəsində müasir üsullardan istifadə edilməsi (MQB-ın VEB saytın yaradılması, videokliplərin çəkilməsi, plakatların və kitabçaların çap edilməsi, kütləvi informasiya vasitələri ilə çoxsaylı çıxışlar, donorların forumlarının keçirilməsi ) ilbəil donorların sayının və tədarük edilmiş qan və onun komponentlərinin miqdarının artmasına gətirib çıxarıb.

 

Nəticədə, 2017-ci ildə Respublika üzrə donor sayı 84937 nəfər, Mərkəzi Qan Bankı üzrə donor sayı 44957 nəfər, tədarük edilən qanın miqdarı 40345 litr (40 ton 345 litr), Mərkəzi Qan Bankı üzrə 21354 litr (21 ton 354 litr) olmuşdur.

 

Heydər Əliyev Fondunun çağırışına uyğun olaraq təkcə Bakı şəhərində deyil, ölkənin digər regionlarında fəaliyyət göstərən müəssisə və təşkilatlarda könüllü qanvermə aksiyaları təşkil olunur. Bu cür aksiyaların təşkilində yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, nazirlər, həm dövlət, həm də özəl müəssisələrin rəhbər şəxsləri fəal iştirak edir. Çox zaman rəhbər şəxslər özləri birinci qan verərək öz işçilərinə nümunə göstərir. Donorluq aksiyalarının təşkilində tibb işçiləri daha çox fəallıq nümayiş etdirilər. Onlar Səhiyyə Nazirliyinin müəyyən etdiyi qrafik əsasında müntəzəm olaraq qan verirlər.

 

Aşura günü, xüsusilə, daha çox qan verilməsi qeydə alınır.

 

Bütün bu tədbirlər azalmayan qan komponenti ehtiyatının toplanmasına və təmin edilməsinə gətirib çıxarır.

 

Donorlar ilə bütün ölkə fəxr edir. Onlar digər insanlara ən dəyərli, heç bir texnologiya ilə əldə edilməyən, satın alına və əvəz oluna bilməyən nemət - öz qanını verirlər. Təsadüfü deyildir ki, onların adları olan donor sözü qədim latın dilindən tərcümədə “donore” yəni, “bəxş etmək” deməkdir. Çox zaman onların hədiyyəsi digər insanın həyatını xilas edir.

 

Beynəlxalq donorlar günündə təşkil edilən tədbirlər bütün dünyada pasiyentlər üçün daha təhlükəsiz hesab edilən əvəzsiz donorluq fəaliyyətinin təbliğinə istiqamətlənıb.

Hər il iyun ayının 14-ü bütün dünyada olduğu kimi ölkəmizdə də qan donorları günü qeyd olunur. Bu il Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı da ənənəyə sadiq qalaraq Ümumdünya Qan Donoru Gününü təntənəli şəkildə qeyd edib. Tədbir Azərbaycan Talassemiya Federasiyası ilə birlikdə keçirilmişdir. Tədbirdə bir çox ictimai qurumların nümayəndələri, gənclər və mədəniyyət xadimləri və mütəmadi qan donorları iştirak edirdilər. Onlar donorluğun şərəfli bir iş olduğunu qeyd etmişlər.

Sonda mütəmadi qan donorlarına və donorluğun təşkilində fəal iştirak edən qurumların rəhbərlərinə təşəkkürnamələr təqdim olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

14/06/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..