Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

17 iyun - səhiyyə işçilərinin peşə bayramı günü qeyd olunub

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

 

Bu gün öz mənbəyini Azərbaycan Xalq Cümhuriyyətinin 100 il əvvəlki tarixindən götürür.

Bu münasibətlə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən Azərbaycan səhiyyəsinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdən əvvəl tibb işçiləri, o cümlədən səhiyyə naziri Oqtay Şirəliyev Fəxri xiyabana gələrək xalqımızın ulu öndəri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə əklil qoyulub.

 

Səhiyyə işçiləri görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də məzarları üzərinə gül dəstələri düzüblər.

 

Tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan səhiyyəsinin 100 illik inkişaf yolundan danışaraq bildirib: “Bu gün biz öz taleyini ən nəcib və lazımlı peşə ilə bağlayanların – insanlara həyat və sağlamlıq bəxş edən tibb işçilərinin şərəfinə bayram keçiririk. Bu ilki peşə bayramımız xüsusi məna daşıyır. Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin Sərəncamı ilə tibb işçilərinin peşə bayramı üçün 17 iyun tarixinin müəyyən edilməsi təsadüfi deyil. Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri ilə 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyi təsis olunub. Beləliklə, bu il biz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 illik yubileyini qeyd edirik”.

Ötən 100 ildə Azərbaycan səhiyyəsinin böyük inkişaf yolu keçdiyini vurğulayan nazir Cümhuriyyət dövründə səhiyyə sahəsində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Tibbi yardımın təşkili üçün yeni xəstəxanalar və apteklər açılıb, həm əhaliyə, həm də döyüşlərdə yaralanan əsgər və zabitlərə tibbi yardımın təşkili, həmin dövrdə geniş yayılmış yoluxucu xəstəliklərin qarşısının alınması üçün tədbirlər görülüb. Cümhuriyyətin səhiyyə sahəsində mühüm tədbirlərindən biri də tibbi kadrların hazırlığı idi. Həmin dövrdə Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi tələbələrdən bir çoxu təbabət üzrə təhsil alırdılar. Digər tərəfdən, 1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetində tibb fakültəsi yaradıldı. Bu tibb kadrları sonralar səhiyyəmizin kadr potensialının özəyini təşkil etdilər.

 

Bu istiqamətdə işin sovet hakimiyyətinin ilk illərində də davam etdirildiyini, yüzlərlə yeni xəstəxana, poliklinika və aptekin yaradıldığını vurğulayan O.Şirəliyev deyib ki, Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Tibb İnstitutunun əsası qoyulub, bir neçə elmi tədqiqat institutu fəaliyyətə başlayıb. Burada milli tibb kadrlar hazırlanmağa başladı, elmi məktəblər yarandı. Həmin dövrdə Azərbaycanın Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafa bəy Topçubaşov, Əbülfəz Qarayev və digər tanınmış alimlərinin adları sovet ölkəsində böyük hörmətlə çəkilir, onların tədqiqatları dərsliklərdə təqdim olunurdu.

 

Diqqətə çatdırılıb ki, Böyük Vətən müharibəsi illərində Azərbaycandan yüz minlərlə insan həm ön cəbhədə döyüşür, həm arxa cəbhədə fədakar əməkləri ilə qələbəyə töhfə verirdi. Azərbaycan səhiyyəsi də qələbəmiz naminə böyük işlər görmüşdü. Onlarla hərbi hospital yaradılmışdı. Həkimlərimiz, bütün tibb işçilərimiz yaralıları həyata qaytarmaq üçün gecə-gündüz çalışır, bu işdə böyük uğurlar qazanırdılar. Müharibədən sonrakı dövrdə Azərbaycan səhiyyəsi sülh dövrünə uyğunlaşmağa başladı. Əsas diqqət əhalinin sağlamlığına, müxtəlif xəstəliklərlə mübarizəyə yönəldi.

 

Nazir xüsusi vurğulayıb ki, Azərbaycan səhiyyəsinin sonrakı inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyə məsələlərinə böyük diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə bugünkü iri tibb müəssisələrinin əksəriyyəti inşa olunub əhalinin istifadəsinə verildi. Kadr hazırlığına böyük diqqət yetirən Ulu Öndər istedadlı gəncləri tanınmış tibb təhsili ocaqlarına göndərir, orada yüksək ixtisaslı kadrlar kimi formalaşmasına şərait yaradırdı. Həkimlərin ixtisasını artırması üçün Azərbaycanda müxtəlif konfranslar, simpoziumlar keçirilirdi. Ümummilli Lider bu fəaliyyətini müstəqillik illərində - xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra da davam etdirdi.

 

Hazırda insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və dövlətimizin başçısı bu məsələləri daim diqqət mərkəzində saxlayır. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.

 

Nazir müasir dövrdə Azərbaycan səhiyyəsinin inkişafında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətlərini xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, Mehriban Əliyevanın ölkəmizdə əhalinin, xüsusilə də gənc nəslin sağlamlığı ilə bağlı ən mühüm problemlərin həllinə yönəlmiş addımları, onun tövsiyəsi ilə qəbul olunmuş qərarlar, qanunlar, Dövlət proqramları, yaradılan tibb mərkəzləri səhiyyəmizin tərəqqisinə böyük töhfədir.

 

Digər çıxış edənlər də Azərbaycan səhiyyəsinin inkişafından, onun beynəlxalq aləmdə xüsusi yerindən danışıblar. Qeyd edilib ki, beynəlxalq qurumlar Azərbaycan dövlətinin əhalinin sağlamlığının qorunması sahəsində fəaliyyətini yüksək qiymətləndirir, bir sıra hallarda bunu digər dövlətlərə də nümunə göstərirlər.

 

Sonra Azərbaycan səhiyyəsinin keçdiyi 100 illik inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

 

Tədbirin sonunda səhiyyə sahəsində fərqlənən şəxslər “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri Fərmanlarla təltif ediliblər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

20/06/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..