Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü qeyd edilib

 

BMT baş Assambleyası 1987-ci ildə narkomaniya dair problemlərin daim ictimaiyyətin diqqətində saxlanması məqsədi ilə iyun ayının 26-nı Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü elan edib.

 

 

Bu məqsədlə Respublikamızda hər il olduğu kimi bu il də Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri iştirak edib.

 

 

Azərbaycan Respublikası ərazisində narkomaniya və narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması hökumətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir.

 

 

Qəbul olunan qanunun və normativ aktların məqsədi narkotiklərin dövriyyəsi ilə bağlı sosial, iqtisadi, hüquqi münasibətlərdə baş verən dəyişiklikləri özündə əks etdirməkdir. Bununla yanaşı, ölkədə hüquq-mühafizə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizə aparılır.

 

 

Bu gün narkomaniya bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına, çevrilən təhlükə mənbəyidir. Narkomaniya eyni zamanda yoluxucu xəstəliklər mənbəyidir və bu HİV virusu, QİÇS, hepatitlər və s. infeksion xəstəliklərə yoluxma şansının artıran bir vasitədir.

 

Bununla yanaşı yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, şəxsiyyətin məhv olmasına və sosial tarazlığının pozulmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.

 

Narkomaniyanın sürətlə yayılması bütün ölkələri narahat edən əsas məsələlərdən biridir.

 

Azərbaycanı da məhz həmin ölkələrin siyahısına əlavə etmək olar. Narkomaniyanın getdikcə genişlənərək cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının nisbətən, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin sayının artması əksər dövlətlərdə olduğu kimi ölkəmizdə də narahatçılıq doğurur. Hazırda mövcud problemin həlli üçün yollar araşdırılır, müxtəlif təkliflər irəli sürülür. Narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri narkotik istifadəçilərinin ilkin mərhələdə aşkar edilməsi, onlara narkotiklərdən istifadədən imtina üçün yardım edilməsidir. Bu, narkotik vasitələrdən qanunsuz istifadəyə meyilli şəxslərin aşkar olunması sistemi, qeyri-tibbi narkotiklərin istifadəsinin genişlənməsinin qarşısının alınması, qabaqlayıcı və müalicə-profilaktik tədbirlərinin ümumi kompleksinin vacib elementi kimi qiymətləndirilir.

 

 

Narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi baxımından, təhsil alanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığının aşkarlanması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə fəaliyyət planına əsasən “Narkotiklərə YOX deyək!” şüarı altında kompaniya davam edir. 2018-ci ilin I yarımilliyi ərzində Mərkəzin mütəxəssisləri 17 Bakı şəhəri məktəblərində təşkil olunmuş tədbirlərdə, Respublika məktəblərarası debut forumunda iştirak etmişlər.

 

Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Narkomaniya” mövzusunda keçirilmiş virtual təlimdə Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri iştirak ediblər. Mərkəzin mütəxəssisləri Avropa Şurasının Antidopinq Konvensiyasının və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri arasında keçirilmiş görüşdə də iştirak ediblər.

 

Görülən işlər sırasında Respublika Narkoloji Mərkəzinin mütəxəssislərinin hərbi hissələrin zabit, gizir və MAXE hərbi qulluqçuları ilə “Narkomaniya dünyanın dəhşətli problemi” mövzusunda keçirilmiş məşğələ və şəxsi heyətin maarifləndirilməsi təlimində iştirakını qeyd etmək olar.

 

Bundan başqa Respublika Narkoloji Mərkəzinin nümayəndələri qanunsuz dövriyyədən müsadirə edilmiş narkotik vasitələrin məhv olunmasında iştirak edir. Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi və Bizim Gənclik İctimai Birliyi tərəfindən cəmiyyətin zərərli vərdişlərdən uzaq olması məqsədi ilə “Sağlam cəmiyyətə doğru” devizi altında 31 may Ümumdünya Tütünlə Mübarizə gününə, 26 iyun Narkotiklərlə mübarizə gününə, eyni zamanda 1 iyun Uşaqların Beynəlxalq Hüquq Müdafiəsi Gününə həsr olunmuş “Sağlam nəsil yetişdirmək üçün onları dinləmək lazımdır” adlı Milli Elmlər Akademiyası Mərkəzi Elmlər Kitabxanasında keçirilmiş tədbirdə Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri iştirak edib.

 

Respublika üzrə 01.01.2018-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 30131: dispanser qeydiyyatında olanlar-25139 nəfər, profilaktik-4992 nəfər, anonim müalicə alan-1031 nəfərdir. Qadınların ümumi sayı 595 nəfər: dispanser qeydiyyatında olanlar –450 nəfər, profilaktik - 145 nəfər təşkil edir. Toksikomanların ümumi sayı 212: dispanser qeydiyyatında olanlar-207 nəfər, profilaktik -5 nəfərdir.

 

2017-ci il ərzində 2115 narkoman qeydiyyata götürülmüşdür: dispanser qeydiyyatında olanlar – 1566 nəfər, profilaktik - 549 nəfər.

 

 

2017-ci il ərzində qeydiyyatdan çıxarılanların ümumi sayı 1432 nəfərdir: dispanser qeydiyyatında olanlar –488 nəfər, profilaktik - 944 nəfər). İnyeksion narkotik istifadəçilərinin sayı 21038 nəfər təşkil edir. Onlardan 393 nəfəri qadındır.

 

 

2018-ci ilin I rübü ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə 2018-ci il I rübü ərzində ekspertizadan cəmi 526 nəfər keçib. Onlardan 372 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub. 2018-ci ilin I rübü ərzində Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 17 nəfərdir.

 

2018-ci ilin I rübü ərzində Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 8056 nəfər keçmişdir. Onlardan 1043 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə edilib, 551 nəfər istifadəçi aşkarlanaraq qeydiyyata götürülüb.

 

2018-ci ilin I rübü ərzində Respublika Narkoloji Mərkəzində 784 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 253 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 529 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozları ilə stasionar müalicəyə qəbul olunub. Digərləri başqa diaqnozlarla stasionar müalicəyə qəbul olunub.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 yanvar 2006-cı il tarixli qərarı ilə ölkəmizdə “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları” təsdiq edilib. Bu proqramlar inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almağa yönəlib. Hazırda Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 230 xəstə müalicə alır. Onlardan RNM-də 179 nəfəri, 51 nəfəri isə QİÇS-lə Mübarizə Mərkəzindədir.

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə” 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb. 2018-ci ilin I rübü ərzində Respublika Narkoloji Mərkəzində müayinədən 615 nəfər keçib.

 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

28/06/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..