Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rezidenturaya qəbul olmaq istəyən namizədlərin müraciətləri cavablandırıldı

Rezidenturaya qəbul olmaq istəyən bir qrup namizəd 29 iyun tarixində Səhiyyə Nazirliyinə müraciət edib. Namizədlər 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin azaldılması və bu barədə gec məlumatlandırılmalarından narazılıqlarını bildiriblər.

 

Müraciət edənlərlə Səhiyyə Nazirliyində nazir müavini, nazirliyin və Dövlət İmtahan Mərkəzinin əməkdaşlarının iştirakı ilə görüş keçirilib və namizədlərin sualları ətrafında müzakirə aparılıb.

 

 

Bildirilib ki, qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla Səhiyyə Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Tələbat əsasən bölgələrdə ilkin səhiyyə xidməti göstərən həkimlərə və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlərə, eləcə də hazırlığı rezidenturada aparılan müəyyən ixtisaslar üzrə həkim-mütəxəssislərə mövcuddur. Tələbatın mövcudluğu ilə əlaqədar baza ali tibb təhsili əsasında müəyyən vakant vəzifələrin tutulması mümkündür.

 

 

Eyni zamanda, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin müəyyən hissəsinə məqsədli qəbul həyata keçirilir. Məqsədli qəbul üzrə plan yerləri müvafiq ixtisas üzrə həkim çatışmazlığı olan konkret səhiyyə müəssisələrində işləyəcək həkim-mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulur.

 

 

Rezidenturaya qəbul ola bilməyən şəxslərə Səhiyyə Nazirliyinin tabeliyində olan, rezidentura təhsili olmadan tutulması mümkün olan vakant həkim vəzifələri müsabiqədən kənar təklif olunacaqdır.

 

Rezidenturaya qəbul olmaq istəyən namizədlərin ölkə üzrə həkimlərə olan ehtiyac,rezidenturaya qəbul planı, baza ali tibb təhsili əsasında tutulması mümkün olan həkim vəzifələri və digər məsələlərlə bağlı məlumatlılığını artırmaq üçün gələcəkdə müxtəlif tədbirlərin həyata keçirilməsi, o cümlədən tələbələrlə vaxtaşırı görüşlərin keçirilməsi planlaşdırılır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

2/07/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..