Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Diaqnoz, qiymətləndirmə və müalicə” mövzusunda seminar keçirilib

 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Autizm spektrum pozuntusu: Diaqnoz, qiymətləndirmə və müalicə” mövzusunda seminar keçirilib.

 

Seminarda mərkəzin və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları, tanınmış pediatrlar, psixo-nevroloqlar və psixoloqlar iştirak ediblər.

 

Tədbirdə çıxış edən İSİM mütəxəssisi Səbinə Babazadə ölkəmizdə autizmlə əlaqədar vəziyyət barədə məlumat verib, dövlət və qeyri-dövlət qurumlarının bu sahədə həyata keçirdiyi tədbirlərdən danışıb.

 

Seminarda ABŞ-dan dəvət olunmuş mütəxəssislər Marina Əzimova və Endi Sih autizm pozuntusu olan uşaq və yeniyetmələrin reabilitasiyasında yaşanan çətinliklər, onun aradan qaldırılması yolları, türkiyəli mütəxəssis Canan Tanidir autizmli uşaqların valideynlərinin, yaxınlarının onlarla rəftarlarının reabilitasiya üçün mühüm əhəmiyyət daşımasından bəhs ediblər.

 

Daha sonra “Autizm spektrum pozuntusu” mövzusunda “dəyirmi masa” keçirilib.

 

Milli Məclisin deputatları, Tibb Universiteti, digər dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən “dəyirmi masa”da çıxış edən mütəxəssislər autizmin reabilitasiyası sahəsində ölkəmizdə aparılan işlər, həyata keçirilən tədbirlər, autizmli uşaqların cəmiyyətə inteqrasiyası sahəsində həkim, tibb işçilərinin və valideynlərin rolundan danışıblar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

9/07/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..