Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

BMT-nin Uşaq Fondunun regional məsləhətçisi ilə görüş keçirilib

BMT-nin Uşaq Fondunun (UNİCEF) regional məsləhətçisi cənab Vasil Rodriges ilə səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

 

Görüşdə Azərbaycan hökuməti ilə UNİCEF arasında əməkdaşlıq əlaqələrinin indiki vəziyyəti, görülmüş işlər, habelə gələcək perspektivləri müzakirə edilib.

 

 

Bundan əlavə 2021-2025-ci illər üzrə bu təşkilatla əməkdaşlıq proqramının müddəaları, ana-uşaq sağlamlığında prioritet hədəflər və fəaliyyət geniş müzakirə edilib.

 

 

Öz nitqində qonaq Azərbaycanda aparılan sosialyönümlü siyasətin müsbət nəticələrini israrla qeyd edib.

 

İqtisadiyyat və sosial sferada olan irəliləyişlərdən bəhs edən qonaq Azərbaycanın digər ölkələr üçün nümunə olduğunu söyləyib.

 

 

Öz növbəsində cənab nazir səhiyyə sistemində aparılan islahatlar, uşaqların sağlamlığı, qidalanması, sağlam həyat tərzinin təşviqi və bu sahədə aparılan fəaliyyət, ifeksion və qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, immunizasiya, profilaktika, habelə uşaqlarda irsi və xroniki xəstəliklərin müalicəsi haqqında qonağa geniş məlumat verib.

 

 

Nazir öz nitqində Azərbaycanda icbari tibbi sığortaya keçidin mexanizmi və səhiyyəyə ediləcək sərmayələr haqqında danışıb.

 

 

Görüşdə səhiyyə nazirinin müavini Nigar Əliyeva, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Samir Abdullayev, müqabil tərəfdən isə BMT Uşaq Fondunun Azərbaycan Ofisinin rəhbəri cənab Edvard Kavardin və təşkilatın baş məsləhətçisi Töhfə Cəmilova da iştirak edib.

 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

20/06/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->