Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş Kollegiya iclası keçirildi

28.12.2013-cü il tarixində Səhiyyə Nazirliyində 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş Kollegiya iclası keçirildi.

 

İclasa rəhbərlik edən Səhiyyə Naziri Oqtay Şirəliyev ilk çıxış üçün sözü Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladova verdi. G.Poladov səhiyyə sahəsində 2013-cü il ərzində görülmüş işlər barədə danışaraq qeyd etdi ki, son illər ərzində səhiyyənin inkişafı istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiyasına zəmin yaratmışdır. Onun sözlərinə görə, səhiyyənin inkişaf tendensiyası 2013-cü ildə də davam etdirilmiş və nəticədə tibbi demoqrafik və səhiyyə göstəriciləri yaxşılaşmışdır.

 

Belə ki, son 10 il ərzində doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 18,6-a qalxmış, ölüm isə 6,0-dan 5,9-ə düşmüşdür. Təbii artım 7,9-dan 12,7-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.

 

Respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq hazırda təxminən 669 milyon manat təşkil etmişdir. 2014-cü il üçün 725 milyon vəsait nəzərdə tutulmuşdur ki, bu da 2013-cü illə müqayisədə 8%-dən çox artım deməkdir.

 

Büdcə vəsaitlərin artırılması və investisiya fondundan ayrılan vəsait respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan vermişdir.

 

Son 10 il ərzində ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılmışdır. Onlardan təxminən 70%-i regionların payına düşür. Təkcə 2013-cü il ərzində 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bunlardan 43-ü Bakı şəhərində, 38-i isə regionlarda yerləşən səhiyyə müəssisələridir. 56 tibb müəssisəsində (33-ü - Bakı, 23-ü - rayon) təmir işləri başa çatdırılmış və istifadəyə verilmişdir.

 

Bundan əlavə ən müasir səviyyədə inşa və təchiz edilmiş Bakı Sağlamlıq Mərkəzi də yaxın günlərdə istifadəyə veriləcəkdir.

 

İri səhiyyə ocaqlarının açılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir.

 

Şöbə müdiri vurğuladı ki, əhaliyə göstərilən tibbi xidmətin həcminin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş və büdcədən maliyyələşdirilən dövlət proqramlarının xüsusi rolu olmuşdur.

 

Təkcə 2013-cü ildə proqramların icrası məqsədilə 80,1 milyon manat vəsait sərf olunmuşdur. İlbəil proqramların icrasına ayrılan vəsait artırılır. 2014-cü ilə 86,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

 

Proqramların əhatə etdiyi sahələr üzrə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlmiş, bu xəstəliklər üzrə müayinələrin həcmi artırılmış, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Nəticədə bu xidmət növlərinin keyfiyyətini xarakterizə edən göstəricilərdə nəzərəçarpacaq müsbət dinamikaya nail olunmuşdur.

 

Belə ki, şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artması ilə bərabər bu xəstəlik səbəbindən ölüm göstəricisi hər 100 min nəfərə 2,6 dəfə aşağı enmişdir.

 

Bədxassəli şişlərlə mübarizə işində nəzərəçarpacaq irəliləyiş əldə olunmuşdur. Onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmışdır. Milli Onkoloji Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilmişdir.

 

Əgər, 2006-cı ildə onkoloji xəstələr üçün 14 adda kimya terapiyası dərmanları alınmışdısa, 2012-ci ildə 46 və 2013-cü ildə bunların sayı 58-ə çatdırılmışdır. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşmışdır. Bu xəstəlikdən ölüm göstəricisinin son 10 il ərzində stabilləşməsinə nail olunmuşdur.

 

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Bu problem də ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində öz həllini tapdı.

 

Hər il Respublikanın bölgələrində yeni mərkəzlər açılır. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 30, o cümlədən regionlarda 23 mərkəzdə 2300-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Təkcə 2013-cü ildə 9 yeni hemodializ mərkəzi açılmış və onlarda 102 dializ aparatı quraşdırılıb. Beləliklə bu müalicəni almaq üçün pasiyentlərin növbə gözləmək problemi aradan qaldırılıb. Eyni zamanda onların yaşadıqları əraziyə yaxın mərkəzdə bu seansların alınması problemi də demək olar ki, həll olunub.

 

Bu xəstələrin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatlarının sayı da artmışdır. 2013-cü ildə respublikada 60, o cümlədən dövlət xəstəxanalarında 57 belə əməliyyat icra olunub.

 

Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir.

 

Ana və uşaqların sağlamlığının qorunması üzrə dövlət proqramının, həmçinin yenidoğulanların “Elektron sağlamlıq kartları” ilə təmin edilməsi, “Yoluxucu xəstəliklərinin immunoprofilaktikası” proqramlarının ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olmuşdur.

 

Cari ildə antenatal xidmətin təşkilində və hamilələrin hospitalizasiyasında mövcud olan problemlərin aradan qaldırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu məqsədlə nazirlik tərəfindən tibb müəssisələrinin bu sahədə fəaliyyətini tənzimləyən normativ sənədlər qəbul olunmuşdur. Hazırda hospitalizasiya bölgü prinsipi əsasında, perinatal yardım səviyyələri üzrə müəssisələrə uyğun olaraq həyata keçirilir.

 

G.Poladovun sözlərinə görə, mövcud problemlərdən biri də qeysəriyyə kəsiyi əməliyyatlarının son illər ərzində ilbəil artmasıdır. Tibbi göstəriş olmadan belə əməliyyatların həyata keçirilməsinin qarşısının alınması məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilmişdir. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən “Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları” və bu əməliyyatlar üzrə klinik protokol hazırlanaraq kollegiyanın qərarı ilə təsdiq edilmişdir.

 

Son illər ərzində ana və uşaqlara tibbi xidmət göstərən müəssisələrin maddi texniki bazası möhkəmləndirilib, onların dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb.

 

Respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Əgər 2003-cü ildə respublikada körpə ölümü göstəricisi 16,7 promilli idisə, 2013-cü ildə bu rəqəm 10,8-ə bərabər olmuşdur.

 

Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2013-cü ildə 14,5-a enmişdir.

 

Şöbə müdiri qeyd etdi ki, son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir.

 

Tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşir. 2003-cü ildə 6,8 ton qan tədarük edilmişdirsə, 2012-ci ildə 26 ton, 2013-cü ildə isə bu rəqəm 30,1 tona çatmışdır.

 

Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.

 

Qəbul olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sayəsində talassemiya və hemofiliyalı xəstələrin müalicəsində müsbət nəticələr əldə edilmişdir. Bu xəstələrin normal həyat fəaliyyətinin təmin olunması üçün müvafiq şərait yaradılıb, onların ömür müddəti uzadılıb və son 10 ildə talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan isə təxminən 2 dəfə azalıb.

 

Natiq vurğuladı ki, əvvəllər respublikada həyata keçirilməyən sümük iliyinin transplantasiya əməliyyatlarının aparılması üçün Respublika Talassemiya Mərkəzində hazırlıq işləri tamamlanmaq üzrədir. 2014-cü ilin ilk aylarında bu əməliyyatların başlanması nəzərdə tutulur.

 

O da nəzərə çatdırıldı ki, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması bu xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılmasına şərait yaratmışdır.

 

Dağınıq skleroz xəstələrinin elektron registri yaradılmış, onların Səhiyyə Nazirliyinin Nevroloji Mərkəzində müayinəsi təşkil edilmiş və 2013-cü ildən etibarən bu xəstələrin ilk dəfə olaraq yüksək effektli dərman preparatları ilə pulsuz təmin olunmasına başlanılmışdır.

 

Qeyd olunanlardan əlavə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycanda qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair Strategiya” layihələri hazırlanmışdır.

 

Uşaqların sağlamlığının qorunması işinin dövlət siyasətinin ən prioritet istiqamətlərdən olduğunu bir daha sübut edən “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanun və dövlət proqramı qəbul edilmişdir.

 

Səhiyyənin digər vacib sahələrindən olan onkoloji xəstəliklərə qarşı mübarizəyə dair 2014-2024-cü illəri əhatə edən dövlət proqramının layihəsi hazırlanaq hökumətə təqdim edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq Demoqrafiya və Sağlamlıq Sorğusu həyata keçirilmiş və nəticələrinə dair hesabat hazırlanmışdır.

 

2006-cı ildə keçirilmiş sorğunun nəticələri ilə müqayisədə Azərbaycanda sorğu ilə əhatə olunan bütün əsas göstəricilər üzrə müsbət dinamikanın əldə olunduğu müşahidə edilmişdir.

 

Yoluxucu xəstəliklərin profilaktikası sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

 

Bu istiqamətdə uşaqların müasir təqvim əsasında vaxtında peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. İndiyə kimi 10 xəstəliyə qarşı aparılan peyvəndlərə bu ilin dekabr ayından pnevmoniya xəstəliyinə qarşı peyvənd də əlavə olmuşdur.

 

Şöbə müdirinin sözlərinə görə ölkə üzrə peyvənd planı təxminən 95-99% yerinə yetirilmişdir.

 

Respublikada aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində xüsusi profilaktika vasitələri ilə idarəolunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilmişdir. Belə ki, 2013-cü ildə məxmərək, difteriya xəstəlikləri qeydə alınmamış, epidemik parotit 2012-ci illə müqayisədə 40%-dək azalmış, göyöskürək və tetanus xəstəliklərinə isə sporadik hallarda rast gəlinmişdir.

 

Son illərdə ölkədə genişmiqyaslı əksepidemik tədbirlərin aparılması nəticəsində malyariyaya görə epidemioloji sabitliyə nail olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq cari ildə bu infeksiyanın yerli yoluxma halları qeyd olunmamışdır.

 

Vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.

Respublikanın şəhər və rayonlarında vərəm xəstəxanalarının tikintisi və təmiri aparılmışdır. Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası ilə yanaşı mikrobioloji müayinələrin aparılması Gəncə və İmişlidə də təşkil edilmişdir. Bu laboratoriyalar müasir diaqnostik cihaz və avadanlıqla təchiz edilmişdir.

 

Vərəmin diaqnostikasının yaxşılaşdırılması, vərəmin multirezistent formalı xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi, vərəmli xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunmuşdur. Bununla yanaşı bu xəstəlikdən ölüm göstəricisi son 10 il ərzində 2,6 dəfə azalmışdır.

 

Son illərdə dərmanların keyfiyyətinə nəzarət, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Hazırda 4278 adda dərman vasitəsi dövlət qeydiyyatına alınmış və dərman vasitələrinin dövlət reyestrinə daxil edilmişdir.

 

Əczaçılıq fəaliyyəti göstərən müəssisələrə və satılan dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilmişdir. Bununla əlaqədar respublikada fəaliyyət göstərən apteklərə mütəmadi olaraq baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbir görülür.

 

2013-cü il ərzində ümumilikdə ölkə üzrə 270 aptekdə yoxlamalar keçirilmişdir.

 

Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 5 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılmışdır.

 

Həmçinin keçirilən reydlər nəticəsində Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış və yararlıq haqqında analiz protokolları olmayan 8601 qutu, istifadə müddəti bitmiş 65 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilmişdir.

 

Səhiyyəmizin tərkib hissəsi olan özəl səhiyyə strukturlarının fəaliyyəti də nazirliyin diqqət mərkəzində olmuşdur.

 

Hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 600-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır.

 

Tibb fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi işinin təkmilləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə müasir tələblərə uyğun dürüst və şəffaf üsullarla həyata keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin əmri ilə xüsusi komissiya və Analitik Ekspertiza Mərkəzində müvafiq şöbə yaradılmışdır. Bu sahədə nəzarətin gücləndirilməsi nəticəsində yalnız Bakı şəhərində lisenziyasız fəaliyyət göstərən stomatoloji xidmət göstərən 200-dən artıq hüquqi və fiziki şəxslər aşkar edilərək, onlar barədə müvafiq tədbir görülmüşdür.

 

Ümumiyyətlə 2013-cü il ərzində 376 xüsusi razılıq (lisenziya) olmadan özəl tibb və ya əczaçılıq fəaliyyətilə məşğul olma faktı aşkar olunaraq inzibati icraat aparılmışdır.

 

Cari il ərzində tibb müəssisələrinin və səhiyyə işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların ərizə və şikayətləri əsasında araşdırmalar aparılaraq müəyyən tədbirlər görülmüşdür. İl ərzində Səhiyyə Nazirliyinə 16 mindən artıq, o cümlədən 1566 elektron xidmət vasitəsilə müraciət daxil olmuşdur.

 

Bundan əlavə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 290, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılmışdır. Aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülmüş, 1 müraciət üzrə cinayət xarakterli pozuntu faktı aşkar olunduğundan 1 tibb işçisi barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vasitəsilə cinayət işi qaldırılmışdır.

 

Tibbi kadrların hazırlanmasının və tibbi təhsilin dünya standartları səviyyəsinə qaldırılması istiqamətində də tədbirlər həyata keçirilmişdir.

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq respublikada həkimlərin ixtisaslar üzrə hazırlığı müasir təhsil sisteminə uyğun olaraq rezidentura vasitəsi ilə həyata keçirilir.

 

Qəbul planına uyğun olaraq 2011-ci ildə 305, 2012-ci ildə 487, 2013-cü ildə isə 501 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunmuşlar.

 

2011-ci ildə rezidentlərin hazırlığı 10 klinik bazada aparılırdısa, 2013-cü ildə onların sayı 37-ə çatdırılmışdır. 2013-cü ildə 7 ixtisas üzrə rezidenturanın ilk buraxılışı olmuşdur.

 

Tibb işçilərinin sertifikasiyası 2013-cü ildə də davam etdirilmiş və il ərzində 4 minədək həkim və 6 minə yaxın orta tibb işçisi sertifikat almışdır.

 

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı”na əsasən 2013-cü ildən həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsinə başlanılmışdır. Elektron vasitələrdən istifadə olunmaqla keçirilən bu imtahan həm həkimlərin işə qəbulunda şəffaflığı təmin etməyə, həm də onların peşəkarlıq səviyyəsini obyektiv qiymətləndirməyə imkan verir.

 

Cari ilin aprel ayından başlayaraq keçirilmiş 3 imtahan nəticəsində 156 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunmuşdur.

 

Bəzi regionlarda orta tibb kadrlarına olan yüksək tələbatı nəzərə alaraq 3 yeni tibb kolleci açılmışdır (Cəlilabad, Quba, Saatlı).

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş gənc mütəxəssislərin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində 2013-ci ildə tibbi müdavimlər Avropanın nüfuzlu Universitet klinikalarında cəmi 124, o cümlədən Almaniyada 30, Belarus Respublikasında 11, Türkiyədə 83 müdavim səhiyyənin müxtəlif sahələri üzrə təkmilləşdirmə kurslarında peşə biliklərini artırmışlar. Eyni zamanda Avropadan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təşkil edilmiş kurslara 243 müdavim cəlb olunmuşdur.

 

Bundan əlavə 2013-cü ildə xarici mütəxəssislərin cəlb edilməsi ilə Azərbaycanda aparılan nəzəri praktiki təlimlərdə 240 müdavim iştirak etmişdir.

 

Müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində də əhəmiyyətli işlər görülür.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Səhiyyə Nazirliyi üzrə təsdiq edilmiş siyahıdan 28 elektron xidmət hazırlanaraq nazirliyin rəsmi saytı vasitəsi ilə istifadəyə verilmişdir. Eyni zamanda 27 elektron xidmət Rabitə və İnformasiya Texnologiyaları nəzdində fəaliyyət göstərən “Elektron hökumət” portalına qoşulmuşdur.

 

Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya sistemlərində Fərdi İdentifikasiya Nömrəsi tətbiq edilmişdir.

 

Bundan əlavə stasionar tibb müəssisələrinin fəaliyyətinə elektron nəzarət sistemi, kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu və digər proqramlar hazırlanaraq tətbiq edilmişdir. Hazırda müxtəlif xəstəliklər üzrə 11 registr fəaliyyət göstərir.

 

Ətraflı hesabatdan sonra cıxış edən Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev, Gigiyena Epidemiologiya Mərkəzinin müdir müavini Vaqif Abdullayev, Elmi-Tədqiqat Transfuziologiya və Hematologiya İnstitutunun müdiri Soltan Əliyev, 4 saylı Doğum evinin baş həkimi Sevinc Məmmədova, Mərkəzi Neftçilər Xəstəxanasının kardioçərrahı Seymur İbadov, Səhiyyə Nazirliyi Hemodializ komissiyasının rəhbəri İlham Həmidov 2013-cü il ərzində görülən işlər, əldə olunan nailiyyətlər haqqında kollegiya iştirakçılarına məlumat verdilər.

 

Çıxışlardan sonra yola salacağımız 2013-cü ilin yekunlarına qısaca nəzər salan nazir Oqtay Şirəliyev ölkəmiz üçün daha bir uğurlu ilin geridə qaldığını dedi. Nazir ilk olaraq bu ilin ən mühüm hadisələrindən biri kimi 9 oktyabr tarixində xalqın işıqlı gələcək naminə ümumxalq səsverməsində cənab İlham Əliyevə səs verdiklərini xatırlatdı.

 

O.Şirəliyev əvvəllər ölkəmizdə barmaqla sayılacaq qədər təmir və təchiz olunmuş tibb müəssisəsinin azlığını desə də, hazırda ölkəmizin inkişafına uyğun tam standartlara cavab verən tibb müəssisələrinin sayının artmasının sevindirici hal kimi qeyd etdi.

 

Nazir qeyd etdi ki, bu gün istər regionlarda istərsə də paytaxtda yaradılan şərait əhaliyə lazımı tibbi xidmət göstərmək üçün bir çox imkanlar acıb. Cənab Şirəliyev 2013-cü ildə təmirinə başlanan Elmi-tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, Tibbi Bərpa İnstitutunda, Pediatriya İnstitutlarında çox böyük işlərin aparıldığını dedi. O, qeyd etdi ki, əvvəllər xarici ölkələrdə səfərlərdə olarkən orada olan klinikalara, tibbi avadanlıqlara həsrətlə baxırdıqsa bu gün ölkə klinikalarındakı şərait inkişaf etmiş ölkələri də geridə qoyur.

 

Ürək-damar cərrahiyyəsi əvvəlki illərlə müqayisədə çox yüksək səviyyədədir. Əvvəllər bu sahə daim Milli Məclisdə müzakirə olunurdu, çoxlu iradlar bildirilirdi. Bu gün xüsusi diqqət və qayğı sahəsində kardiocərrahiyə sahəsi inkişaf edib, və təkmilləşmiş mütəxəssislərimizin sayı xeyli artıb.

 

Urologiya sahəsinə də toxunan O.Şirəliyev hazırda ölkəmizdə 30 dializ mərkəzinin fəaliyyət göstərdiyini vurğuladı və qeyd etdi ki, bu hal əhali tərəfindən yüksək qarşılanıb. Belə ki, 2013-cü il ərzində ölkə başcığının xüsusi tapşırığına əsasən nazirlər və komitə rəhbərləri bölgələrdə olub vətəndaşların şikayət və iradlarını dinləyirdi. Həmin qəbullar zamanı dializlə əlaqəli elə bir ciddi şikayətlər olmamışdır. Xəstələr dializ almaq üçün artıq həftədə üç dəfə Bakıya gəlmək məcburiyyətində qalmırlar.

 

Səhiyyə Naziri psixi sağlamlıq mövzusuna toxundu. Qeyd etdi ki, sovetlər dövründə bu sahə çox qapalı olduğu üçün psixi sağlamlıq mövzusu nisbətən diqqətdən kənar qalmışdır. Lakin bu gün bu sahəyə xüsusi diqqət ayrılır. Psixi xəstələrin müalicə aldığı xəstəxanalara daxil olarkən xəstələrin necə həvəslə xəstəxana həyətində gül əkdiyini, yaxud onların əylənməsi baxımından nəzərdə tutulmuş müəyyən bir işlə məşğul olduğunu görürsən. Bu da onların müalicəsində böyük rol oynayır. Hazırda regionlarda da psixi-sağlamlıq mərkəzləri yaradılır.

 

Cənab nazir bildirdi ki, ümumilikdə böyük uğurlar qazanılıb, nailiyyətlər əldə edilib və bu rəqəmlərlə statistik göstərilib. Lakin buna baxmayaraq bizim hələ görüləsi işlərimiz çoxdur və hər birimiz hədəfimizi bilirik. Çalışmalı olduğumuz əsas sahələrdən biri də ana və uşaq ölümü faktıdır. Bu sahədə sıçrayış olmasa da stabil, dinamik irəliləyişlər var.

 

O.Şirəliyevin sözlərinə gürə həkimlərimizin işi təkcə xəstəni müalicə etməklə kifayətlənməməlidir, həkim həmdə psixoloq olmalıdır. Onlar xəstəyə diqqət və qayğı ilə yanaşmalıdır. Bu baxımdan ATU-nun, habelə Həkimlərin Təkmilləşmə İnstitutunun üzərinə böyük məsuliyyət düşür. Bu müəssisələr bacarıqlı həkimlə yanaşı cəmiyyətə idarəçilik bacarıqları olan vətəndaş yetirməlidirlər.

 

Nazir daha sonra uşaqların icbarı dispanzerizasiyası, kadr hazırlığı haqqında da danışdı. Onun sözlərinə görə dispanzerizasiya məsələsi çox əhəmiyyət kəsb edir. Belə ki, uşaqların müayinələrə cəlb olunması gələcəkdə həmin uşaqların yetkinlik yaşına çatanda sağlam olmasına çox böyük zəmin yaradacaqdır.

 

Kadr islahatları sahəsində böyük inqilabi addımlar atılıbdır ki, bu həm həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbuluna, həkimlərin sertifikasiyası, diplomdan sonrakı təhsil və s. layihələrdir. Bütün bu layihələr bu gün ölkəmizdə tam ixtisaslaşmış mütəxəssisin yetişməsinə imkan yaradır. Vətəndaşlarımız artıq xarici ölkələrə müalicə və yaxud da cərrahi əməliyyat üçün müraciət etmirlər. Bunun üçün ölkəmizdə çox güclü bazamız var. Səhiyyə naziri rezidentura mərhələsindən sonra həkimlərimizin əvvəllərdə olduğu kimi təyinatla müxtəlif tibb müəssisələrinə göndərilməsinə nail olunqunu kolleqiya iştirakçılarının nəzərinə çatdırdı. Onun sözlərinə görə bu sahədə çətinliklər vardı. Belə ki, Tibb Universitetini bitirən gənclərin əksəriyyəti paytaxtda qalıb işləmək istəyirdi. Bu qərarla da buna son qoymuş olduq.

 

Daha sonra O.Şirəliyrv sanitar- epidemioloji duruma, elektron xidmətlərin tətbiqinə, Səhiyyə Nazirliyinə gələn müraciətlərin sayına dair məlumat verdi. Çıxışının sonunda Oqtay Şirəliyev Səhiyyə Nazirinin əmri ilə Səhiyyədə qüsursuz və səmərəli fəaliyyətindəki xidmətlərinə görə “Səhiyyə əlaçısı” döş nişanları və Fəxri fərmanlarla təltif olunmuş şəxslərə nişan və diplomları şəxsən təqdim etdi. 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

29/12/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013