Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

20 yanvar hadisələri 24-cü ildönümü Səhiyyə Nazirliyində anıldı

Bu gün Səhiyyə nazirliyində 20 Yanvar hadisələrinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə bildirilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun xüsusi təyinatlı dəstələrinin Bakıya daxil olması, günahsız insanlara amansız divan tutması bəşəriyyətin yeni tarixində ən qanlı səhifələrindən biridir. Həmin gecə 121 dinc vətəndaş öldürülmüş, 700-dən artıq vətəndaş yaralanmışdır. Çıxış edən YAP təşkilatını üzvü N.Abdullayev sonrakı günlər daxil olmaqla bu hadisədən 132 nəfərin həlak olduğunu qeyd etdi. 20 Yanvar, eyni zamanda, xalqımızı birləşdirmiş, onun gücünü, mətinliyini və iradəsini nümayiş etdirmişdir. Respublikanın o zamankı rəhbərliyinin öz xalqı ilə birlikdə olmağa cəsarəti çatmamışdır. Qara Yanvarın həmin ağır və faciəli günlərində Azərbaycan xalqına qarşı soyqırımı aktının törədilməsini cəsarətlə bəyan edən ilk şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Heydər Əliyevin həqiqi vətənpərvərliyindən irəli gələn bu kütləvi bəyanatı ulu öndərin möhkəm siyasi iradəsinin, cəsarətinin ifadəsi idi. Ümummilli liderin yenidən Azərbaycanın rəhbərliyinə qayıtmasından sonra faciəli 20 Yanvar hadisələrinə hərtərəfli və obyektiv hüquqi-siyasi qiymət verilmişdir.

 

Tədbirdə həmçinin, hazırda ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhid ailələrinin problemlərinə, onların sosial məsələlərinin həllinə xüsusi diqqət ayrıldığı vurulandı. Sonda 20 Yanvar hadisələrinin qurbanları 1 dəqiqəlik sükutla yad edildi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

17/01/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013