7 fevral 2014-cü il tarixdə Səhiyyə Nazirliyi tərəfindən“Demoqrafiya və Sağlamlıq sorğusu, 2011, Azərbaycan” mövzusuna həsr olunmuş konfrans keçirilmişdir.
Konfransın əsas məqsədi Azərbaycanda 2011-ci ildə aparılmış Demoqrafiya və Sağlamlıq Sorğusunun (DSS-2011) yekun nəticələrini təqdim etmək idi.
Tədbirdə Səhiyyə nazirinin müavini E.Ağayev, nazirliyin digər məsul işçiləri, Milli Məclisin üzvləri, müvafiq dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin aidiyyəti nümayəndələri iştirak etmişdir.
Demoqrafiya və Sağlamlıq Sorğusu “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində 2011-ci ildə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir. Demoqrafiya və Sağlamlıq Sorğuların ölkədə vaxtaşırı keçirilməsi əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlərin davam etdirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, habelə bununla bağlı BMT-nin Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün zəruri şərtlərdən biridir. Azərbaycanda ilk dəfə belə sorğu 2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən aparılmışdır.
DSS-2011 Azərbaycanda əhali, sağlamlıq və qidalanma üzrə mövcud vəziyyətin əsas göstəricilərini əks etdirir. Tədqiqatın nəticələri milli (şəhər və kənd) və iqtisadi rayonlar üzrə təqdim olunur. Sorğunun əhatə etdiyi 9 iqtisadi rayona Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan daxildir.
Sorğu 7041 ev təsərrüfatında, 15-49 yaşlı 9381 qadın arasında keçirilmişdir. Sorğu zamanı əldə edilmiş məlumatlar: ev təsərrüfatlarının xüsusiyyətləri; sosial-iqtisadi göstəricilər; antropometriya; təhsil; körpə və 5 yaşadək uşaq ölümü; ana və uşaqların sağlamlığı; gender münasibətləri və qadınların ailədə səlahiyyətləri; fertillik, arzu olunan uşaqların sayı, ailə vəziyyəti; ailə planlaşdırılması; qidalanma; yetkinlik yaşına çatanların sağlamlığı; QİÇS, cinsi yolla yayılan xəstəliklər (bilik, münasibət və davranış). Sorğu nəticələri bütün ölkə üçün representativ sayılır.
DSS-2011-in seçilmiş nəticələri:
− Sorğuya əsasən öyrənilən son 5 il ərzində uşaq doğulmasında və bütün fertillik əmsallarında həmin dövrdən əvvəlki illərlə müqayisədə artım müşahidə olunur.
− 2006-cı ildə keçirilmiş analoji sorğunun nəticələri ilə müqayisədə neonatal ölüm 21%, postneonatal ölüm 33%, körpə ölümü 25%, beş yaşadək ölüm isə 20% azalıb.
− DSS-2006 ilə müqayisədə 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 28.5% azalıb.
− 15-49 yaşlı bütün qadınların 87.1%-i, evli qadınların isə 97.2%-i ən azı bir kontrasepsiya üsulu haqqında məlumatlıdırlar. Evli qadınların təxminən 14%-i müasir üsullardan, digər 41%-i isə çoxluğu təşkil edən ənənəvi üsullardan istifadə edirlər.
Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı.