Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qlobal Fondun Direktorlar Şurasının 31-ci iclası keçirilir

Azərbaycan tərəfi növbəti iki ildə Fondun Maliyyə Komitəsinə sədrlik edəcək

 

4-7.02.2014- cü il tarixlərində QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun (QF) Direktorlar Şurasının 31-ci İclası keçirilir.

Dünyada İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizədə əsas aparıcı beynəlxalq təşkilat olan Qlobal Fond öz fəaliyyətinin yeni mərhələsinin tətbiqinə başlaması haqda qəbul edəcəyi qərarla yadda qalacaq iclas, İndoneziyanın Cakarta şəhərində təşkil olunmuşdur. Möhtəşəm toplantıda Qlobal Fonddan maliyyə dəstəyi alan 150-dən çox dünya ölkələri, Qlobal Fonda maliyyə yardımı göstərən donor ölkələr, habelə Beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Tədbirdə Qlobal Fond Yeni Maliyyələşdirmə Modelinin uğurlu tətbiqi üçün bir sıra maliyyə və strateji sənədlərin qəbulu nəzərdə tutulmuşdur.

Əhəmiyyətli layihələrə uğurla imza atmış Fond 2002-ci ildən başlayaraq, üç xəstəliyə qarşı mübarizədə dünyanın 150-dən artıq ölkəsinə yardım göstərmişdir. Fondun maliyyə dəstəyi ilə 2013-cü ilin sonunda İİV/QİÇS-dən əziyyət çəkən 6,1 milyon insan antiretrovirus terapiyası ilə əhatə olunmuş, 11,2 milyon vərəm xəstəsi aşkarlanaraq müalicəyə cəlb olunmuş, malyariya ilə mübarizədə 360 milyon insektisidlərlə işlənilmiş miçətkənlər ailələrə paylanmışdır.

Ölkəmiz 2005-ci ildən Qlobal Fondla əməkdaşlıq edir və bu istiqamətdə bir sıra birgə uğurlu layihələr həyata keçirmişdir. Hazırda QF-un 31-ci iclasında qəbul olunacaq qərarlardan sonra ölkəmiz Qlobal Fondla öz əməkdaşlığının növbəti 5 illik fəaliyyət mərhələsinə başlayacaq. Bu məqsədlə, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası Qlobal Fonda rəsmi olaraq müraciət etmişdir və mart ayının sonunda bunla bağlı Fondun qərarı açıqlanacaqdır.

Toplantıda bir sıra məsələlərlə yanaşı Qlobal Fondun Maliyyə Komitəsinə hər iki ildən bir seçilən sədr vəzifəsinin icra edəcək nümayəndənin təqdimatı da olacaq. Sevindirici haldır ki, bu dəfə Maliyyə Komitəsinə sədrlik etmək Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının sədr müavini Soltan Məmmədova həvalə edilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

4/03/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013