Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qlobal Fondun nümayəndə heyəti Azərbaycana səfər etmişdir

Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional meneceri Nikolas Kantau və Fond Portfolio meneceri Tatyana Viniçenko cari ilin 8-11 aprel tarixlərində ölkəmizə səfər etmişlər. Səfər çərçivəsində Qlobal Fondun nümayəndə heyəti Azərbaycan Respublikasının Səhiyyə Naziri professor Oqtay Şirəliyevlə görüş keçirmişdir. Görüş zamanı Qlobal Fondun Yeni Maliyyələşmə Mexanizmi və bu Mexanizm çərçivəsində 2016 – 2018-ci illər üzrə fəaliyyət planı və gələcək perspektivləri barədə müzakirələr aparılmışdır. Qlobal Fondun rəhbərliyi Azərbaycanda qısa müddət ərzində hər üç xəstəliklə mübarizə sahəsində əldə olunmuş nailiyyətlərlə bağlı öz məmnunluqlarını bildirmişlər. Eyni zamanda, Azərbaycan Respublikasının Səhiyyə Naziri ölkənin gələcəkdə də Qlobal Fondla uğurlu əməkdaşlığı davam etdirmək niyyətində olduğunu qeyd etmişdir. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüş başa çatmışdır.

Qeyd edək ki, ölkəmizə səfər çərçivəsində Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının Qlobal Fond rəsmilərinin iştirakı ilə 28 saylı iclası keçirilmişdir. İclasda ÖƏK üzvləri - Səhiyyə Nazirliyinin və Nazirliyin tabeliyində olan dövlət qurumlarının nümayəndələri, beynəlxalq birtərəfli və çoxtərəfli əməkdaş təşkilatların, BMT Agentliklərinin, qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak etmişdir. İclas zamanı Qlobal Fondun Yeni Maliyyələşmə Mexanizmi barədə üzvlərə ətraflı məlumat verilmiş və növbəti illərdə uğurla davam etdirilməsi nəzərdə tutulan əməkdaşlığın gələcək istiqamətləri barədə müzakirələr aparılmışdır.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

15/04/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013