Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bərdədə Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirildi

Aprelin 18-də Bərdə rayon Müalicə Diaqnostika Mərkəzində Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirildi. Toplantını səhiyyə naziri Oqtay Şirəliyev açdı və iclasın əsas mövzusunun prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən ölkəmizdə fevralın 17-dən başlayan əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və insanların vaxtında müalicəyə cəlb olunması məqsədi daşıyan icbari dispanserizasiya tədbirləri, onun nəticələri və Bərdə, Tərtər, Ağdam, Yevlax, Mingəçevir rayonlarında əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti diqqətə çatdırdı.

İlk çıxış edən Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ölkə rəhbərinin sosial yönümlü siyasəti nəticəsində son illər ərzində səhiyyənin inkişafı istiqamətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərdən söz açdı. 10 ildə Azərbaycanda ölüm göstəricisinin azaldığını, doğum, təbii artım göstəricilərinin isə yüksəldiyini diqqətə çatdırdı. Bu göstəricilərə görə ölkəmizin Avropa dövlətləri sırasında ilk yerlərdən birini tutduğunu dedi: “Görülən tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika var. On il ərzində körpə ölümü göstəricisi 16,7 promillidən 10,8-ə , ana ölümü əmsalı 18,5-dən 14,5-ə enib. Bu illər ərzində orta ömür uzunluğu artaraq 72,3 yaşdan 73,9 yaşa çatıb”.

Şöbə müdiri bildirdi ki, 2003-cü illə müqayisədə 2014-cü ildə səhiyyəyə ayrılan büdcə vəsaitinin 11 dəfədən çox artması ölkəmizdə müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan verib: “2014-cü ildə səhiyyə sahəsinə Mingəçevirdə 8,5, Bərdədə 6,4, Ağdamda 5,7, Yevlaxda 4,3, Tərtərdə 2,6 milyon manat büdcə vəsaiti ayrılıb.

2013-cü ildə ölkəmizdə 81 tibb ocağında təmir-tikinti işləri aparılıb. “2014-2018-ci illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram” na daxil edilməsi üçün Ağdam rayonunda 16, Bərdə rayonunda 6, Yevlax rayonunda 5, Tərtər rayonunda 10, Mingəçevir şəhərində isə 2 tibb müəssisəsinin təmiri və tikintisi məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən təkliflər hazırlanaraq İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilib.

Dövlət başçısının tövsiyəsinə əsasən bu il fevralın 17-dən başlayan və may ayına qədər davam edəcək icbari dispanserizasiya tədbirləri nəticəsində indiyədək Ağdam rayonu üzrə 40600, Bərdə rayonunda 63199, Tərtər rayonunda 51938, Yevlax rayonunda 106803, Mingəçevir şəhərində 24484 nəfər tibbi müayinəyə cəlb olunub. Müayinələr zamanı 5 rayon üzrə 30548 xəstə aşkarlanıb, müvafiq müayinə və müalicə tədbirləri həyata keçirilib.

Gülmirzə Poladov əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş və büdcədən maliyyələşdirilən dövlət proqramlarının xüsusi rolunu qeyd etdi, bu proqramlar çərçivəsində görülən işlər və əldə edilən uğurlar barədə məlumat verdi.

Şöbə müdiri çıxışının sonunda hər zaman prezident İlham Əliyevin səhiyyəyə olan xüsusi qayğısını hiss etdiklərini vurğuladı.

Toplantıda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov, Səhiyyə Nazirliyi Aparat rəhbəri Zəkiyə Mustafayeva, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Bərdə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İftixar Zeynalov da çıxış edərək son illər səhiyyə sahəsində aparılan islahatlar, əldə edilən uğurlar və mövcud problemlər barədə məlumat verdilər.

Sonda səhiyyə naziri Oqtay Şirəliyev yekun nitqi ilə çıxış etdi. Artıq bir neçə aydır davam edən icbari dispanserizasiyanın əhəmiyyətini vurğuladı. Təkcə bu regionda yüz minlərlə insanın müayinədən keçirilməsinin, 30 min insanda müəyyən xəstəliklərinin aşkarlanmasının və onların müalicəyə cəlb edilməsinin böyük göstərici olduğunu bildirdi: “Həmin insanlar bir neçə müddət sonra ağır vəziyyətdə tibb müəssisələrinə gətirilə bilərdi. Ancaq icbari dispanserizasiya xəstəliyin erkən aşkarlanmasına və vaxtında aradan qaldırılmasına kömək edir. Ölkə rəhbəri hər bir insanın heç olmasa ildə bir dəfə tibbi müayinədən keçirilməsinin zəruriliyini qeyd edib. Biz də dövlət başçısının tövsiyəsini nəzərə alaraq, bu sahədə lazımi tədbirləri yüksək səviyyədə yerinə yetiririk. Mən hazırda bölgənin bütün tibb işçilərinə qısa müddətdə bu qədər insanları qəbul etdiyinə, onları tibbi müayinədən keçirdiklərinə görə öz minnətdarlığımı çatdırıram”.

Nazir O.Şirəliyev bu gün insanların səhiyyə sahəsində çalışan, əyninə ağ xalat geyinən hər bir şəxsdən xüsusi qayğı, diqqət gözlədiyini bildirdi. Azərbaycanın bütün regionlarında insanların bu cür diqqət və qayğı ilə əhatə olunması üçün hər bir şərait yaradıldığını vurğuladı: “Hazırda Bərdə Müalicə Diaqnostika Mərkəzinə gün ərzində 400-ə qədər insan müraciət edirsə, deməli, həqiqətən əhalinin yüksək səviyyəli səhiyyə xidməti ilə əhatə olunması üçün burada hər cür şərait var. Həmin insanlar vaxtilə sadə bir müayinə və ya əməliyyat üçün Bakı şəhərinə üz tuturdular. İndi isə burada ağır, çətin əməliyyatlar aparılır. Bir sözlə, təkcə şəhərlərimizdə deyil, bütün ölkədə səhiyyə inkişaf edir ”.

Uğurlarla yanaşı problemlərin, müəyyən neqativ halların da olduğunu diqqətə çatdıran səhiyyə naziri tibb işçilərini insanlarla münasibətdə diqqətli olmağı tövsiyə etdi.

O.Şirəliyev həkimlərin, tibb bacılarının mütəmadi olaraq kurslarda iştirakının, daim öz bilik və bacarıqlarını artırmalarının önəmini də dilə gətirdi. Ana ölümü hadisələrinin olmaması üçün hər bir həkimin məsuliyyətini dərk etməsinin zəruri olduğunu qeyd etdi.

Nazir sonda tibb işçilərinin sertifikasiyasını, rezidentura təhsil sisteminin tətbiqini yüksək səviyyəli kadrlar yetişdirilməsi və tibb işçilərinin biliklərinin artırması baxımından önəmli fakt kimi vurğuladı: “Həkimlik çətin, ağır peşədir. Amma bu bizim sənətimizdir. Bu sənəti seçənlər bilməlidirlər ki, ağır xəstəsi də olacaq, gecə zəngləri, çətinlikləri də. Biz bunların hər birinin öhdəsindən layiqincə gəlməliyik ”.

22/04/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013