Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Naxçıvanda Səhiyyə Nazirliyinin Kollegiya iclası keçirilmişdir

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi çərçivəsində aprelin 25-də muxtar respublikanın Səhiyyə Nazirliyinin akt zalında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şir¬əliyev çıxış edərək bildirib ki, Azərbaycanda ötən 10 ilə yaxın dövr ərzində müşahidə edilən iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təchiz olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il ərzində 10 dəfədən çox artıb. Bu dövrdə böyük əksəriyyəti respublikanın bölgәlәrində olan yüzlərlə tibb müәssisəsinin tikintisi və ya əsaslı tәmiri hәyata keçirilib, tibb müəssisәlәrinin hamısı müasir texnika və avadanlıqla tәchiz olunub.

Həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda ana və uşaq ölümü kəskin şəkildə aşağı düşüb. Səhiyyə sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi yer tutur.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov kollegiya iclasında muxtar respublika səhiyyəsinin keçdiyi inkişaf yolundan danışıb. N. Novruzov səhiyyənin keçmişdəki zəif inkişafdan, əhali arasında xəstəliklərin yayılmasından bəhs edərək bildirib ki, o dövrdə əhali arasında yatalaq, traxoma, malyariya xəstəlikləri geniş yayılmışdı. Muxtariyyətdən qabaqkı Naxçıvanda əhalinin təbii artımının son dərəcə azalması, ölümün, xüsusən uşaq ölümünün çoxalmasına səbəb xəstəliklərin geniş şəkildə yayılması, yaşayış şəraitinin aşağı səviyyədə olması idi. Muxtariyyətin ilk illərində səhiyyə işini yenidən bərpa etmək, əhaliyə tibbi xidmət təşkil etmək o qədər də tez başa gəlmədi.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı nəticəsində səhiyyə sistemində həyata keçirilən islahatlar özünün keyfiyyətcə yeni mərhələsinə yüksəlib. Əhalinin sağlamlığının qorunması, səhiyyə xidməti səviyyəsinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi bu gün muxtar respublikada uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Tikilən yeni xəstəxanaların, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb. Səhiyyə müəssisələrində keyfiyyətli dərman və tibbi preparatlarla təchizat yaxşılaşdırılıb, ixtisaslı kadrların hazır¬lanması, əhali arasında yoluxucu xəstəliklərin profilaktikası, insanların sağlamlıqlarının qorunması prioritet vəzifəyə çevrilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şöbə müdiri Gülmirzə Poladov Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan, 90 illik yubileyi qeyd edilən Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində əldə edilən uğurları statistik göstəricilərlə tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Respublikasında, o cümlədən muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasında səhiyyənin ayrı- ayrı sahələri üzrə qəbul edilmiş və büdcədən maliyyələşdirilən dövlət pro¬¬qramlarının xüsusi rolu olub.

Səhiyyə sahəsində həyata keçirilən dövlət proqramları çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi arasındakı əlaqələrdən də danışan Gülmirzə Poladov bu əlaqələrin, nəticə etibarilə, əhalinin sağlamlığına böyük fayda verdiyini deyib.

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Abbas Vəlibəyov ölkəmizdə səhiyyə sahəsinin ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra böyük inkişaf yolu keçdiyini vurğulayıb.

Sonda bir qrup səhiyyə işçisinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı və fəxri fərmanları təqdim edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

28/04/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013