Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

BMT-nin xüsusi məruzəçisi məcburi köçkünlərə göstərilən səhiyyə xidmətini yüksək qiymətləndirmişdir

Mayın 22-də Səhiyyə Nazirliyində Azərbaycanda səfərdə olan BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə görüş keçirilmişdir.

Qonaqları səmimi qarşılayan səhiyyə nazirinin müavini Abbas Vəlibəyov Azərbaycan dövləti tərəfindən səhiyyə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Vurğulanmışdır ki, məcburi köçkünlərin yaşadıqları ərazilərdə tibbi xidmətin yaxşılaşdırılması məqsədilə yeni səhiyyə obyektləri tikilmişdir. Bütün bölgələrdə, o cümlədən də qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə təşkil olunmuş səyyar müayinələr sayəsində bu gün ölkənin epidemioloji durumu tam stabil və bir çox hallarda Avropa ölkələri ilə müqayisə olunacaq səviyyədədir. A. Vəlibəyov qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərin sağlamlığı istiqamətində aparılan iş dövlətimizin, habelə Səhiyyə Nazirliyinin ən prioritet sahələrindən biridir. Erməni təcavüzünün ilk vaxtlarında ölkədə 13 min malyariya halı müşahidə olunmuşdur ki, onun da 10 mini öz ev-eşiklərindən didərgin düşmüş və qaçqın çadırlarında məskunlaşmış soydaşlarımızın payına düşürdü. Lakin aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq neçə illərdir ki, bu xəstəlikdən azad diyara çevrilmiş və bu statusu şərəflə saxlamaqdadır. Digər idarəolunan xəstəliklər üzrə də yüksək nailiyyətlər qazanılmışdır. Belə ki, difteriya, qızılca xəstəlikləri qeydə alınmır, epidemik parotit, göy-öskürək, tetanus xəstəlikləri tək-tək hallarda təsadüf edilir.

Ölkədə genişmiqyaslı əksepidemik tədbirlərin aparılması nəticəsində malyariyaya görə epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşaraq hazırda epidemioloji sabitliyə nail olunmuşdur. Ölkə rəhbərliyini xüsusi səyi, diqqət və qayğısı sayəsində bu məsələlərə xüsusi diqqət ayrıldı. A.Vəlibəyov qeyd etdi ki, əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş Dövlət Proqramlarının müstəsna rolu olmuşdur və bu proqramlar bu gün uğurla icra olunur.

Çaloka Beyani öz növbəsində görüşə və ətraflı məlumata görə öz minnətdarlığını bildirmiş, Azərbaycanda məcburi köçkünlərə göstərilən səhiyyə xidmətini yüksək qiymətləndirmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

23/05/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013