Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

14 iyun Beynəlxalq Donor Günü kimi qeyd edilir

 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb.

Ümumdünya Qan Donoru Günü bütün dünyada qeyd olunaraq, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti, bir sıra digər təşkilat və qurumlar tərəfindən dəstəklənir. Bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir.

2004-cü ildən başlayaraq, bu günə kimi, 14 iyun Ümumdünya Donor Günü Azərbaycan Qızıl aypara Cəmiyyəti tərəfindən təntənəli surətdə qeyd olunur. Həmin gün qan verən şəxslərə, onların belə xeyirxah addımlarına görə xüsusi minnətdarlıq bildirilir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada könüllü təmənnasız qan donorlarının sayının artırılması sahəsində fəaliyyətini davam etdirməkdədir.

Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır.

Səhiyyə Nazirliyinin “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi” və “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi” barədə əmrləri donor qanına tələbatın ödənilməsinə yönəldilib. Lakin donorluğun inkişafı üçün tək Səhiyyə Nazirliyi deyil, müxtəlif hökumət və qeyri-hökumət qurumları, görkəmli xadimlər, Kütləvi İnformasiya Vasitələri öz töhfəsini verməlidir.

14 iyunun Beynəlxalq Donor Günü kimi qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir.

Ümumdünya Qan Donoru Günü münasibəti ilə 14 iyun 2014-cü il saat 10:00-da “Hilton” otelinin “Sevda” zalında Azərbaycanda Gənc Qan Donorların I-ci ci forumu keciriləcəkdir. Tədbir mətbuat ücün acıqdır

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

13/06/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013