Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakı Sağlamlıq Mərkəzində KİV nümayəndələri üçün “MediaTur”təşkil olundu

Səhiyyə Nazirliyi iyulun 10-da Azərbaycanın ən böyük tibb müəssisələrindən olan olan Bakı Sağlamlıq Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Media Tur” keçirmişdir.

Mərkəzin direktoru T.Bəbirov tədbirin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumət 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində keçirildiyini diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, belə tədbirlərin keçirilməsi şəffaflığın artırılmasına xidmət edir.

Jurnalistlərə məlumat verilmişdir ki, Bakı Sağlamlıq Mərkəzi Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli Sərəncamı əsasında inşa olunmuşdur. Dövlətimizin başçısı 2011-ci ilin iyulunda mərkəzin təməlqoyma mərasimində iştirak etmişdir. Bu il mart ayının 17-də isə mərkəz əhalinin istifadəsinə verilmişdir.

Bildirilmişdir ki, 50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Burada tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunmuşdur. Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılmışdır. Bütün şöbələr dünyanın ən müasir tibbi texnika və avadanlığı ilə təchiz olunmuşdur. Bu texnikanın bir çoxu ölkəmizin tibb sistemində ilk dəfə tətbiq edilir. Bunların arasında müasir maqnit-rezonans aparatı, LED sistemli cərrahi işıqlandırıcılar, mərkəzləşdirilmiş sterilləşdirmə sistemi mühüm yer tutur. Bundan əlavə, Bakı Sağlamlıq Mərkəzində istifadəyə verilən kompyuter tomoqrafiyası, rəqəmsal rentgen, ultrasəs aparatları və digər müasir tibbi cihazlar xəstələrin müalicəsində əhəmiyyətli rol oynayacaqdır. Cərrahi asma panellər, masalar, kameralar və rentgen aparatları, həmçinin barokamera, mərkəzi oksigen sistemi, yeni doğulmuşlar üçün küvezlər və reanimasiya otaqları mərkəzin əhəmiyyətini daha da artırır.

Mətbuat nümayəndələrinin suallarını cavablandıran T.Bəbirov demişdir ki, mərkəzdə əhalinin müayinə və müalicəsi pulsuz aparılır. Xəstələr gün ərzində 3-4 dəfə yeməklə təmin olunurlar.

Sonra jurnalistlər Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış olmuşlar. Burada yaradılmış şəraitdən və mərkəzin tibbi heyətindən razılıq edən xəstələr onların sağlamlıqlarının qeydinə qaldığına görə dövlətimizin başçısına habelə, tibb işçilərinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

10/07/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013