Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Şəkərli diabet xəstələri üçün unikal layihəyə start verilir

Azərbaycan Səhiyyə Nazirliyi Almaniyanın "Medical Equipment Diabetes Care" (IME-DC) şirkəti ilə yeni layihəyə start verir.

Şirkətin beynəlxalq satış üzrə direktoru Maksim Andrianov jurnalistlərə bildirib ki, Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetdən əziyyət çəkən uşaqlar üçün insulinin vurulmasında xüsusi cihazlardan - pompalardan istifadə olunacaq. Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihənin sonradan genişləndirilməsi nəzərdə tutulur.

Bu işlərin görülməsi ilə bağlı Azərbaycanda unikal layihəyə start verildiyini söyləyən M.Andrianov qeyd edib ki, layihənin unikallığı onun uşaqlar üçün həyata keçirilməsində, pompaların xəstələr üçün pulsuz, dövlət hesabına tətbiq edilməsindədir. Bu cihazlar koplekt şəkilində təqdim olunacaqdır ki, bura da insulin pompaları, 25 test cöpləri, qlyukometr, kremlər, və s. daxildir. Səhiyyə Nazirliyinin şəkərli diabetdən əziyyət çəkən uşaqlara xüsusi diqqət yetirdiyini xatırladan mütəxəssis bildirib ki, layihə çərçivəsində 18 yaşadək olan uşaqlar özününəzarət cihazları ilə təmin ediləcək. İlkin mərhələdə 90 ədəd pompa 3-18 yaş arası 90 uşaq üçün nəzərdə tutulub.

Şəkərli diabetin tam sağalmayan xəstəlik olduğu üçün bu xəstəliyin nəzarətdə saxlanmasına imkan verən müxtəlif metodlar tətbiq edilir. Bu metodlar sayəsində həmin xəstələr uzun illər sağlam həyat tərzi sürə bilirlər. Həmin metodlardan biri şəkərli diabet xəstələrinə pompa insulinin yeridilməsidir. Bunun adi insulinin vurulmasından bir sıra fərqli cəhətləri var. Belə ki, pompa vasitəsilə daha fizioloji olaraq insulin yeridilir. Digər insulin preparatları isə 12 saatdan 24 saata kimi təsirə malikdir və bu, stabil olaraq orqanizm tərəfindən qəbul olunur. Amma insulin pompası ilə bazal insulinin günün istənilən vaxtında vurulması, mütləq miqdarı kənardan proqramlaşdırılır. Pompada verilən proqrama əsasən insulin bədənə yeridilir. Bu da şəkəri daha düzgün kompensasiya etməyə imkan verir. İkinci tərəfdən də qida insulini lazım olanda bu proqram vasitəsilə orqanizmə yeridilir və ora əlavə olaraq insulin atılır.

Pompada ultra qısa və yaxud qısa təsirli insulin istifadə olunur və iynəsi 3 gündən bir dəyişilir. Digər insulin yeridilmə metodunda (insulin preparatlarının infuziyasında) gündə 1-2 dəfə bazal insulin, xəstənin yediyi qidaya uyğun 3-4 dəfə qida insulini vurulur. Amma yeni metodda insulin iynəsi bir də dəri altına yeridilir, şnur vasitəsilə pompa ilə əlaqələndirilir və 3 gündən bir dəyişdirilir. İnsulin iynəsi dəri altına düşən müxtəlif nahiyələrdə yerləşdirilir və şnur vasitəsilə pompa ilə əlaqələndirilir. Pompanın işində insulin rezervuarı olur və bu proqrama uyğun olaraq uşaqlara insulin yeridilir.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

 

11/07/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013