Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Talassemiyalı xəstələrə sümük iliyi köçürüldü

Ölkə tarixində ilk dəfə olaraq 2014-cü ilin mayında Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin üç xəstəyə köçürülməsi əməliyyatı icra olunub.

Belə bir unikal hadisə haqqında məlumatı geniş ictimaiyyətin diqqətinə çatdırmaq üçün, bu gün, iyulun 18-də Respublika Talassemiya Mərkəzində Azərbaycanda ilk dəfə reallaşdırılan sümük iliyinin transplantasiyası əməliyyatı ilə bağlı keçirilən mətbuat konfransı təşkil olunmuşdur.

Konfransda çıxış edən mərkəzin direktoru Rauf Rzayev bildirdi ki, artıq azərbaycanlı həkimlər Belarusdan gələn mütəxəssislərlə birgə 3 xəstəyə sümük iliyi köçürüblər. Hazırda hər üç xəstənin vəziyyəti qənaətbəxşdir və evə buraxılmaq ərəfəsindədirlər. Bunun Azərbaycan səhiyyəsi üçün böyük uğur olduğunu vurğulayan mütəxəssis, həm sümük iliyinin transplantasiyası əməliyyatını, həm də əməliyyatdan sonra xəstənin vəziyyətdən çıxarılması üçün tələb olunan vəsait Azərbaycan dövləti tərəfindən ödənildiyini vurğuladı.

Qeyd edildi ki, sümük iliyinin köçürülməsi nisbətən yeni tibbi prosedurdur. Bu mürəkkəb əməliyyat MDB ölkələrindən yalnız Rusiya Federasiyası, Ukrayna və Belarusyada, ümumilikdə isə dünyanın 19 ölkəsində əvvəllər müalicə olunmayan xəstəliklərin müalicəsində tətbiq edilir. 1968-ci ildə ilk uğurlu köçürülmədən sonra sümük iliyi transplantasiyası leykoz (qan xərçəngi), aplastik anemiya və digər ağır xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi zamanı həyata keçirilir.

Qeyd olundu ki, donor şərti olaraq qohum və qeyri-qohum donorlara bölünür. Sümük iliyinin köçürülməsinə ehtiyacı olan şəxsin bacı və ya qardaşının sağlamlığı imkan vermədiyi halda Dünya Donorlar Bankının qeydiyyatındakı donor hüceyrələrindən istifadə edilir. Hazırda həmin bankda 25 milyonadək potensial donor var. Lakin bunun üçün sümük iliyi transplantasiyasını həyata keçirən dövlətin Dünya Donor Bankının qeydiyyat sisteminə daxil olması lazımdır. Azərbaycan isə hələlik Dünya Donor Bankının qeydiyyat sisteminə daxil deyil. Bu da yaxın gələcəyin işidir. Çünki qeydiyyata düşmək üçün ölkəmizdə bu sahə üzrə 100-dək əməliyyat aparılmalıdır.

Diqqətə çatdırıldı ki, 2013-cü ilin noyabrından indiyədək mərkəzə sümük iliyinin köçürülməsi ilə bağlı 24 xəstə müraciət edib.

Konfransda iştirak edən mərkəzin sümük iliyi transplantasiyası şöbəsinin müdiri Nərgiz Əliyeva müraciət edən xəstələrin 10-da bacı və qardaşının donorluğunun mümkünlüyü qeydə alınıb. Müraciət edənlərin 14 nəfərində isə bacı və qardaş uyğunluğu müəyyən edilməyib.

Mərkəzin sümük iliyi transplantasiyası şöbəsinin həkimi Sahilə Sultanova isə əlavə etdi ki, növbəti sümük iliyinin köçürülməsi əməliyyatı bu ilin oktyabr ayının əvvəllərində dörd xəstənin üzərində həyata keçiriləçəkdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

18/07/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013