Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Naziri Oqtay Şirəliyev ÜST Avropa Regional Komitəsinin 64-cü sessiyasında iştirak etmişdir

Səhiyyə Naziri Oqtay Şirəliyev 15-18 sentyabr 2014-cü il tarixlərdə Danimarka Krallığının Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 64-cü sessiyasında iştirak etmişdir.

Sessiya ərəfəsində ÜST Avropa Regional Komitəsinin iclası keçirilmişdir. Tədbirdə Avropa Regionunda İcraiyyə Komitəsində iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə 64-cü sessiyanın gündəliyi, habelə ÜST ölkə ofislərinin strateji idarə mexanizmləri məsələləri müzakirə edilmişdir.

Tədbirin açılışında Danimarka Kralıığının Şahzadəsi Ülyahəzrət Meri və Estoniyanın Birinci Xanımı Evelin İlves xüsusi qonaqlar kimi iştirak edirdilər.

Sessiyanın gündəliyinə sessiyanın İdarə heyətinin seçilməsi, Avropa Regional Direktoru Dr. Jujanna Yakabın məruzəsi, Daimi Komitənin sessiyaya hesabatı, Səhiyyə Təşkilatı Baş Direktoru Dr. Marqaret Çanın sessiyaya müraciəti, Regional Komitənin Büdcə, Proqram və İnzibati Komissiyasının hesabatı, ÜST islahatlarının keçirilməsi, səhiyyədə texniki məsələlər, tütünə qarşı mübarizə üzrə mükafatların verilməsi, qeyri infeksion xəstəliklərə qarşı mübarizə, səhiyyə-2020 strategiyası, qlobal səhiyyə sistemlərinin strateji idarəsi, yeniyetmələrin sağlamlığı, ÜST Avropa regional direktoru seçkiləri, beynəlxalq səhiyyə qaydaları; səhiyyə və sosial sektorun maliyyələşdirilməsi; ÜST təşkilatında idarəçilik, Alma-ata Deklarasiyasının qəbul edilməsinin 35-ci ildönümü və digər məsələlər daxil edilmişdir.

 

Ənənəvi olaraq ÜST Avropa Regional Komitəsinin 64-cü sessiyasının İdarə heyətinin təyinatından sonra Regional Direktor Dr. Jujanna Yakab sessiyada hesabat nitqi ilə çıxış edərək, Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyasının qətnamələrinin Avropada həyata keçirilməsi, səhiyyənin maliyyələşməsi, səhiyyə proqramlarının həyata keçirilməsi üzrə donor ölkə və qurumlarla əlaqələrdən, habelə sessiyanın gündəliyində müzakirə ediləcək məsələlərdə ÜST rəhbərliyinin mövqe və tövsiyələrinə dair fəaliyyətlər haqqında məlumat vermişdir.

Tədbirdə çıxış edən ÜST Baş Direktoru Dr. Marqaret Çan Afrika ölkələrində baş qaldırmış Ebola virus alovlanmasında qarşıda olan çətinliklər və bu sahədə aparılan tədbirlər haqqında geniş məlumat vermişdir.

Tədbir çərçivəsində ÜST Baş Direktoru, Avropa Bürosu Regional Direktoru, habelə komitəyə üzv ölkələrdən Çexiya, Belarus, Rusiya Federasiyası və Özbəkistanın səhiyyə rəsmiləri ilə işçi görüşlər və Avropa Regional Bürosu katibliyi ilə yeni ikiillik Anlaşma Memorandumunun müzakirəsi aparılmışdır.

Tədbir ərəfəsində qarşılıqlı təklif ilə Azərbaycan Respublikasının nümayəndə heyəti ilə Ümumdünya Səhiyyə Təşkilatının baş Direktoru Dr. Marqaret Çan arasında görüş keçirilmişdir.

Görüşdə Azərbaycan və ÜST-nin həm Baş Qərargahı həm də Avropa Regional ofisi arasında olan əməkdaşlıq əlaqələri müzakirə edilmişdir.

Baş Direktor qısa bir müddət ərzində ölkəmizin bütün istiqamətlərdə sürətlə inkişaf etdiyinin və o cümlədən səhiyyə sahəsində də olan tərəqqinin canlı şahidi olduğunu bildirmişdir. Baş Direktor Azərbaycanda 2015-ci ildə keçiriləcək Birinci Avropa Yay Oyunları zamanı Azərbaycana səfər etmək arzusunda olduğunu vurğulamışdır.

Görüşdə Dr. Çan mətbuatdan aldığı məlumata istinad edərək son illər Azərbaycanda bir çox mötəbər beynəlxalq tədbirlərin keçirilməsindən məmnun olduğunu bildirdi və eyni zamanda bu çərçivədə ölkəmizə gələn turist axını və hər hansı bir infeksiyadan sayıqlı olmanın əhəmiyyətini bildirmişdir.

 

16 sentyabr 2014-cü il tarixdə ÜST Avropa Regional Komitəsinin 64-cü sessiyasında Regional Direktor vəzifəsinə seçkilər keçirilmişdir. Seçkilərdə yeganə namizəd Macarıstan Hökumətinin təqdimatı ilə hazırda fəaliyyətdə olan Dr. Jujanna Yakab idi.

Birbaşa, müstəqim və gizli seçki yolu ilə bir ölkə bitərəf olmaqla 52 ölkənin lehinə səsi ilə Dr. Jujanna Yakab ÜST Avropa Regional Direktoru seçildi.

Azərbaycan tərəfi ÜST Avropa Regional Komitəsinin 64-cü sessiyasının gündəliyində olan Sağlamlıq 2020, Alma ata Deklarasiyasının 35-ci ildönümü və İlkin səhiyyə xidmətləri və ÜST İcraiyyə Komitəsinin Tropik Xəstəliklərə Mübarizə üzrə qrupun tərkibi məsələlərinə dair çıxışlar etmişdir.

 

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 64-cü sessiyası 18 sentyabr 2014-cü il tarixdə öz işini başa vurmuşdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

26/09/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013