Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiyada uşaqlara yardım praktiki cərrahiyə tibbi mərkəzinin direktoru akademik Andrey Pritıko Talassemiya Mərkəzində olublar. Onlar Talassemiya Mərkəzində yaradılan şəraitlə yaxından tanış oldular. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Mərkəzin fəaliyyəti irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkən xəstə uşaqlar, eləcə də onların valideynləri üçün böyük əhəmiyyət daşıyır. Çünki bu xəstələrin həyatı ilk növbədə onlara hər ay qan köçürülməsindən və hər gün dəmirqovucu preparatlar verilməsindən asılıdır.

Bildirildi ki, Azərbaycanda 2011-2015-ci illər üçün talassemiya və hemofiliya xəstəlikləri ilə bağlı Dövlət proqramı həyata keçirilir. Heydər Əliyev Fondu hələ 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinin başlandığını elan edib. Mərkəzdə bu ilin may ayında Azərbaycanda ilk dəfə olaraq üç pasiyent üzərində sümük iliyinin transplantasiyası əməliyyatı aparılıb və bu əməliyyatlar uğurla keçib. Hazırda daha dörd xəstənin əməliyyat olunması planlaşdırılır.

Daha sonra Leyla Əliyeva və Andrey Pritıko Mərkəzdə müalicə alan xəstələrlə görüşüblər.

Andrey Pritıko Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirib və bu tibb ocağının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sonda mərkəzdə müalicə olunan uşaqlara Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

8/10/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013