Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

2011-2014-cü illərdə rezidenturaya qəbulun nəticələri elan edilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında 2011-2014-cü illərdə rezidenturaya qəbulun nəticələrinə həsr olunan tədbir keçirilib. ATU-nun rektoru akademik Əhliman Əmiraslanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayeva toplaşanlara həmin dövrün statistikası ilə bağlı məlumat veriblər. Bildirilib ki, səhiyyəmizin inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatlarıdır. Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli sərəncamı ilə təsdiqlənən “Təhsil haqqında” Qanuna uyğun olaraq 2011-ci ildə ilk dəfə rezidentura vasitəsilə 37 ixtisas üzrə həkimlərin hazırlığına başlanıb. Birinci il imtahanlarda 1.063 namizəd iştirak edibsə (onlardan 819-u 2011-ci ilin məzunları olub), 2014-cü ildə imtahanlarda 1.414 namizəd iştirak edib və onların 666 nəfəri builki məzunlardır.

Rezidenturaya imtahanlar iki mərhələdə keçirilir. Test imtahanları ilk mərhələdə əsas fənlər üzrə, ikinci mərhələdə isə ixtisas üzrə keçirilir. Bundan əlavə, gələcəkdə imtahanların üçüncü mərhələsinin - simulyator və manekenlərdə təcrübənin keçirilməsi planlaşdırılır.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

9/10/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013