Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın məşhur şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.

Əməkdaşlıq sazişini Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və “Varian Medikal Sistems” şirkətinin vitse-prezidenti Fritz Derrer imzalayıblar. Sazişə əsasən Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu verilib.

İmzalanma mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin direktoru, akademik C. Əliyev Azərbaycanda onkologiya sahəsində dövlət başçısının rəhbərliyi altında mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirildi ki, imzalanan saziş Azərbaycan Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə yardımın yüksək səviyyəsinin dünyanın digər lider klinikalar tərəfindən qəbul olunmasını təsdiq edir. Saziş, eyni zamanda, tərəfdaşlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə, müasir texnologiyaların Azərbaycana daha qısa müddətdə gətirilməsinə, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına imkan verəcəkdir. Nəticədə ölkə əhalisinə göstərilən onkoloji xidmət daha yüksək səviyyədə olacaqdır.

Diqqətə çatdırıldı ki, Milli Onkologiya Mərkəzinin yüksək kadr potensialına malik şüa müalicəsi şöbəsində hər gün 200-250, il ərzində isə 3 minədək xəstəyə radioterapiya aparılır. “Varian Medikal Sistems” şirkətinin Bakı beynəlxalq tədris və məsləhət mərkəzində radioterapiya üzrə praktiki nümunəvi məşğələlər tədris olunacaq, xarici ölkələrdən olan həkimlər üçün radioterapiyanın müasir metodlarına həsr edilmiş klinik proqramlar üzrə dərslər təşkil olunacaqdır. Eyni zamanda, Azərbaycanın radiasion onkoloqları ilə yanaşı, digər mütəxəssislər - fiziklər, mühəndislər və texniklər üçün seminarlar nəzərdə tutulur.

“Varian Medikal Sistems” şirkətinin vitse-prezidenti Fritz Derrer isə təmsil olunduğu şirkətin fəaliyyəti barədə məlumat verərək bildirdi ki, beynəlxalq tədris və məsləhət mərkəzi statusu ancaq ən müasir texnologiyalara, yüksək ixtisaslı kadrlara, xəstələrin müayinə və müalicəsində böyük təcrübəsi olan klinikalara verilir. Belə mərkəzlər Avropanın 5 ölkəsində mövcuddur və bağlanan sazişlə yeni bir mərkəz Bakı şəhərində Milli Onkologiya Mərkəzində fəaliyyət göstərəcəkdir.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

 

9/10/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013